“Çin təqvimi üzrə Yeni il @Bakı” adlı silsilə tədbirlərə start verilib

“Çin təqvimi üzrə Yeni il @Bakı” adlı silsilə tədbirlərə start verilib

Yanvarın 25-də Çin təqvimi üzrə ağ metal siçan ili başlayır. Bu da həmin 12 illik təqvimin ilk ili sayılır. Olaylar.az bildirir ki, bu münasibətlə yanvarın 10-18-də Azərbaycan Milli Xalça Muzeyində "Çin təqvimi üzrə Yeni il @Bakı" ("2020 Happy Chinese New Year@Baku") adlı silsilə tədbirlər keçiriləcək.

Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə həftə ərzində Çin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri və mühazirələr təşkil olunacaq.

Açılış mərasimində çıxış edən muzeyin inkişafı üzrə baş mütəxəssis Aynur Məmmədova bildirib ki, bəşəriyyətə mühüm kəşflər bəxş etmiş Çin sivilizasiyası dünya incəsənətinə böyük təsir göstərib.

Çinin Azərbaycandakı səfiri xanım Qo Min çıxışında qeyd edib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu silsilə tədbirlər də iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində münasibətlərin möhkəmlənməsinə xidmət edir. Diqqətə çatdırılıb ki, Yeni ilin başlanması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Dörd min ildən çox tarixə malik Yeni il bayramı Çində bütün ailənin bir yerdə toplaşması üçün gözəl fürsətdir.

Daha sonra ecazkar ölkənin müxtəlif mənzərələrindən ibarət fotosərgi, videoçarx və ənənəvi bayram atributları əsl Çin Yeni ili ab-havası yaşadıb.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, silsilə tədbirlər hamı, o cümlədən uşaqlar üçün nəzərdə tutulub və iştirak pulsuzdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31