"Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər"
"Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər"
10 Yanvar 2020 12:11 SosialPrezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən islahatlar gömrük sistemindən də yan keçməyib. Belə ki, dövlət başçısı gömrük sistemində aparılan islahatlar çərçivəsində gömrük orqanları qarşısında ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, kölgə iqtisadiyyatının aradan qaldırılması, xidmət səviyyəsinin yüksəldilərək vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunması kimi vacib hədəflər müəyyənləşdirilib. Məhz ölkə prezdentinin tapşırıqlarının icrası məqsədilə son iki ildə gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması və digər sahələrdə institusional islahatların əhatə dairəsi genişləndirilib ki, bu da xidmət mədəniyyətinin yüksəldilməsində, xarici ticarət iştirakçılarında könüllü riayət prinsiplərinin formalaşdırılmasında mühüm rol oynayıb. Sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi və digər imtiyazları özündə ehtiva edən müxtəlif proqramlar tətbiq olunur və bu proqramlar dövlətlə özəl sektor, gömrüklə biznes arasında qarşılıqlı etimad prinsiplərinə söykənən səmərəli əməkdaşlığın qurulmasına şərait yaradır.
Yeni çağırışlara uyğun struktur islahatları
Gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılması və biznes mühitinin inkişafına da töhfəsini verir. Gömrük orqanlarının fəaliyyətinin yeni fəlsəfəsi formalaşdırılır, sahibkarlıq subyektləri ilə səmərəli dialoq qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir, qanunvericilik bazası ardıcıl olaraq təkmilləşdirilir. Bu məqsədlə Komitənin strukturuna daxil olan sərhəd və təyinat gömrük idarələrinin bazasında 5 Baş İdarə, Komitənin Aparatında yeni Baş İdarələr və İdarələr yaradılıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2018-ci il tarixli Fərmanının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin Gəncə, Tovuz, Balakən, Yevlax gömrük idarələrinin bazasında Qərb Ərazi Baş Gömrük İdarəsi, Astara, Biləsuvar, Şirvan, Xudafərin gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsinin bazasında Şimal Ərazi Baş Gömrük İdarəsi, Enerji Gömrük İdarəsi və Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin bazasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi və Aksiz Baş Gömrük İdarəsinin bazasında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi yaradılıb. Eyni zamanda, Komitənin Aparatında struktur islahatları aparılmaqla, bir sıra idarələrin fəaliyyət istiqamətləri yeni çağırışlara uyğun müəyyənləşdirilib, müasir standartlara cavab verən baş idarələr yaradılıb.
Elektron xidmət innovativ layihələrin tətbiqinə imkan yaradıb
Azərbaycan Gömrük Xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100 faizə çatdırıb. Ticarətin asanlaşdırılmasında elektronlaşdırmanın tətbiqi də öz müsbət bəhrəsini verməkdədir. Hazırda Dövlət Gömrük Komitəsinin "Elektron hökumət" portalına inteqrasiya etmiş 14 elektron xidməti mövcuddur. Qeyd edək ki, Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) layihəsi bugünkü elektron gömrük xidmətinin əsasını təşkil edir. Prezident İlham Əliyevin fərmanına əsasən, 2019-cu ilin fevralından tətbiq edilən "Yaşıl dəhliz" buraxılış sistemi də bu xidmətin təkib hissəsidir. "Yaşıl Dəhliz" buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir. Xatırladaq ki, "Yaşıl dəhliz" buraxılış sisteminə buraxılış proseduru 3 pillədə həyata keçirilir. Belə ki, şəxslər elektron qaydada Dövlət Gömrük Komitəsinə müraciət ünvanlayır, Komitə müraciəti 1 ay müddətində yoxlayır və şəxsə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilir. Onu da qeyd edək ki, "Yaşıl dəhliz" buraxılış sistemi xarici ticarət iştirakçılarına bir sıra üstünlüklər verir. Bu üstünlüklər sərhəd buraxılış məntəqələrindən prioritet keçid və gömrük xidmətlərindən istifadə zamanı prioritetliyi təmin etmək, mimimum fiziki yoxlamalarla kifyətlənmək, həmçinin gömrük ekspertizasının prioritet qaydada aparılması, gömrük rəsmiləşdirilməsinin iş yerindən və iş vaxtından kənar aparılmasını təmin etməkdən ibarətdir. "Yaşıl dəhliz" buraxılış sisteminin spesifik üstünlükləri isə idxal olan malların şəxsin anbarına birbaşa aparılması və gömrüyə gəlmədən malların boşaldılması, eləcə də gömrüyə gəlmədən malların ixracının birbaşa öz anbarından həyata keçirilməsindən ibarətdir. Yeri gəlmişkən qeyd edək ki, artıq "Yaşıl dəhliz" buraxılış sistemi vətəndaş-məmur təmasının minimuma endirilməsinə, sahibkarların əlavə vaxt və vəsait itkisinin aradan qaldırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, şəffaflığın təmin olunmasına şərait yaradıb. İndiyə qədər 505 hüququ şəxs bu sistemdən istifadə hüququ əldə edib. Nəticədə xarici ticarət həcminin 8 milyard dolları "Yaşıl dəhliz" sistemindən istifadə edən biznes subyektlərinin payına düşüb.
"Elektron növbə"- daha rahat və sürətli keçid imkanı
Dövlət Gömrük Komitəsi həmçinin gömrük-sərhəd keçid məntəqələrində sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə ötən il dekabrın 6-dan "Elektron növbə" layihəsinin tətbiqinə başlayıb. Artıq bununla şəxsi minik avtomobili ilə xaricə səyahət edənlər gömrük-sərhəd keçid məntəqələrinin qarşısında növbə gözləmədən keçə bilirlər. Məlumat üçün qeyd edək ki, "Elektron növbə" layihəsi daha rahat və sürətli keçid imkanı yaradır. Layihəyə əsasən 3 növ xidmət təklif olunur: "Elektron növbə" (e-növbə); "Sürətli keçid" (Fast Track); "CİP xidmətləri". Bunun üçün yalnız bir-iki dəqiqə vaxt sərf etməklə internetə çıxışı olan istənilən məkandan və ya mobil telefon vasitəsilə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindəki "Elektron xidmətlər" bölməsindən "onlayn növbə" alt bölməsinə daxil olaraq "e-növbə" xidmətini seçmək lazım gəlir. Bu zaman açılan "Sürücü haqqında məlumat" pəncərəsindəki ilk qrafaya səyahətçinin pasport nömrəsi qeyd olunur və digər qrafalardakı məlumatlar avtomatlaşdırılmış qaydada sistem tərəfindən təmin edilir. Mobil telefon nömrəsi daxil edildikdən və təsdiq haqqında SMS alındıqdan sonra "Nəqliyyat vasitəsi haqqında məlumat" bölməsinin 2-ci qrafasında avtomobilin dövlət qeydiyyat nişanı qeyd olunur. Avtomobil haqqındakı digər məlumatlar müvafiq olaraq sistem tərəfindən təmin edildikdən sonra "Digər məlumatlar" bölməsində istifadə ediləcək gömrük-sərhəd keçid məntəqəsinin adı, tarix və saat qeyd edilərək təsdiq düyməsinə basılır. Qeydiyyat uğurla başa çatdıqda istifadəçinin mobil telefonuna qeydiyyat kodu (BAR CODE) göndərilir. "E-növbə" istifadəçisi aldığı qeydiyyat koduna əsasən ölkədə mövcud olan elektron ödəniş sistem və xidmətlərindən istifadə etməklə ödəniş edir və onun mobil telefonuna təsdiq mesajı göndərilir. Bundan sonra seçilən vaxtda gömrük-sərhəd keçid məntəqəsinin ərazisinə yaxın yerdə gözləmək tələb olunur. Mobil telefonuna "qapıya gedin" SMS-i daxil olduqdan sonra buraxılış məntəqəsinə yaxınlaşılır. Məntəqənin giriş qapısında quraşdırılmış elektron tabloda avtomobilin nömrəsi əks olunduqda, canlı növbəyə durmadan növbədənkənar gömrük ərazisinə daxil olunur. Onu da qeyd edək ki, "E-növbə" xidmətindən istifadə edən şəxslər seçdikləri vaxtdan gec gəldikləri halda onların qeydiyyatı ləğv olunur və canlı növbəyə durmaqla sərhəd keçidi təmin edilir. Yeri gəlmişkən xatırladaq ki, ötən il ərzində sərhəd-keçid məntəqələrində quraşdırılan yeni texniki nəzarət vasitələri, informasiya texnologiyalarının geniş surətdə tətbiqi ilə reallaşdırılan innovativ layihələr hesabına sərhədkeçmə proseslərinə sərf olunan vaxt 3 dəfəyə qədər azaldılıb.
"Bir pəncərə", "bir inspector-bir nəqliyyat vasitəsi"
Məlum olduğu kimi ticarətin asanlaşdırılmasında DGK qarşısındakı əsas hədəf Azərbaycan üzərindən ticarət həcminin artırılması üçün əlverişli mühitin yaradılması və tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsidir. Bu məqsədlə istinad edilən TIR konvensiyasını qeyd etmək yerinə düşərdi. Hazırda beynəlxalq yük daşımaları kitabçalarından istifadə etməklə həyata keçirilən beynəlxalq daşımalar zamanı Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən elektron qaydada TIR EPD (TIR Electronic Pre-arrival Declaration (əvvəlcədən elektron bəyanetmə) sistemi vasitəsilə gömrük orqanlarına təqdim olunması məqsədilə DGK tərəfindən zəruri işlər aparılır. TIR EPD sistemindən istifadə gömrük orqanlarına təqdim edilən məlumatlara uyğun olaraq, risklərin təhlilinin səmərəli şəkildə həyata keçirilməsi əsasında beynəlxalq yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sərhəddən daha sürətli keçidinə şərait yaradır ki, bu da ticarətin asanlaşdırılmasında mühüm addımdır. Gömrük sisteminin elektronlaşdırılması həm də ticarətin asanlaşdırılması və şəffaflığın təmin olunmasına yönələn bir siyasətdir. Onu da qeyd edək ki, hazırda nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək üçün gömrük postlarında "bir inspector-bir nəqliyyat vasitəsi" layihəsi icra edilir. Layihənin mahiyyəti ondan ibarətdir ki, burada vətəndaş bir inspektor ilə təmasda olur. Belə ki, "bir pəncərə" sistemində bir neçə gömrük işçisi öz sahəsi üzrə vətəndaşa xidmət göstərirsə, yeni layihə nəticəsində gömrük postunda bir əməkdaş bütün sahələr üzrə vətəndaşa xidmət göstərir.
Sonda qeyd edək ki, gömrük sistemində tətbiq edilən yeniliklər maliyyə nəzarətinin gücləndirilməsinə, uçotun düzgün qurulmasına, ticarətin asanlaşdırılmasına, idxal-ixrac əməliyyatlarının həcminin artırılmasına şəriat yaradıb. Nəticədə son iki ildə gömrük orqanları tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyard manat vəsait köçürülüb. Hazırda gömrük sistemində islahatlar davamlı xarakter daşıyır və məqsəd kölgə iqtisadiyyatını tam aradan qaldırmaq, şəffaflığı təmin etmək, vətəndaş-məmur təmasını minimuma endirmək, xidmət səviyyəsini ən müasir standartlara çatdırmaqdır.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün dərc olunur.