Təkcə Nərmin yanmayıb Azərbaycanda... yüzlərlə zorlanmış qız hər gün yanıb
8 Yanvar 2020 16:48 SosialAYGÜN HƏSƏNOĞLU
Hamı Nərmini düşünür... Yandırılmasından hamı dəhşətə gəlir...
Görəsən Nərmin sağ-salamat tapılsaydı, insanların ona münasibəti necə olacaqdı?
Azərbaycan cəmiyyətində təcavüzə məruz qalmış qız... necə qarşılanır...
Mən tələbə olanda bir qadının faicəsinə də şahid olmuşdum. Qadını baldızı və qaynanası zorla sevdiyi həyat yoldaşından boşatdırdılar... Yoldaşı evləndi, qadın da dəhşətli dərəcədə sarsıldı. Bundan istifadə edən müdiri onu zorlayıbmış. Bundan sonra qadının, demək olar ki, başı pozuldu... Bu qadının ağlını itirməsinə səbəb olan təcavüz faktını onunla işləyən bir kişi danışarkən soruşdum, "Bəs siz niyə susdunuz"
Cavab olmadı təbii ki.
Başqa bir qadın tanıyırdım, boşanmışdı və boşanmasında günahkar özü deyiıldi... Bütün kişilər onun arxasınca düşüb ələ keçirməyə çalışırdılar. Ələ keçirə bilməyən kişi də haqqında əlaqəsi ilə bağlı rəvayət uydururdu...
Başqa birini tanıyırdım, boşandı deyə, doğma ailəsi də ondan üz döndərdi. Özünə həyat qurmağa çalışdı, olmadı... Kişilər fürsətdən istifadə edib onu zorla əxlaqsızlığa sürüklədilər...
Bütün bu söylədiyim hadisələr 80-80-ci illərə aid hadisələrdir. Amma hələ də davam edən bir reallıq da var Azərbaycanda, zorlanmış bir qıza, ailəsində də inanmazlar. O, hamı üçün arzuolunmaz sayılır. Hər zaman zorlanan günahkardır. Hər zaman qadın günahkardır...
Təkcə Nərmin yanmayıb Azərbaycanda, yüzlərlə zorlanmış qız hər gün yanıb Azərbaycanda, sadəcə meyidini görən olmayıb...