Azərbaycan mediası qonşu ölkələrlə müqayisədə kifayət qədər inkişaf edib
Azərbaycan mediası qonşu ölkələrlə müqayisədə kifayət qədər inkişaf edib
8 Yanvar 2020 14:07 SosialCavid Şahverdiyev: "Bu inkişaf həm ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsi, həm də kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi fonunda özünü büruzə verir"

"Azərbaycan mediası, kütləvi informasiya vasitələri günümüzdə özünün inkişaf dövrünü yaşayır. Əgər əvvəlki on illərlə müqayisədə bu gün mediamızın durumu, fəaliyyəti, ona yaradılan şəraitə diqqət etsək, bu inkişafı aydın şəkildə görə bilərik". Bu fikirləri Avrasiya.net saytının baş redaktoru Cavid Şahverdiyev günümüzdə Azərbaycan mətbuatının durumuna nəzər yetirərkən səsləndirib. O, qeyd edib ki, əvvəlki illərdə də kütləvi informasiya vasitələri, qəzet və jurnallarda inkişaf elementləri özünü büruzə verirdi. Ancaq həmin inkişaf tempi bu günkü səviyyədə deyildi. Baş redaktor hesab edir ki, bu da Azərbaycanın iqtisadi qüdrəti, potensialının artması, əldə edilən uğurlarla bağlıdır: "Qeyd etdiyim kimi Azərbaycanda mətbuatın, kütləvi informasiya vasitələrinin inkişafı müstəqillik illərində özünü daha qabarıq şəkildə göstərməyə başladı ki, burada da Heydər Əliyev amilini qeyd etməmək mümkün deyil. Məhz ümummilli lider Heydər Əliyevin mətbuata diqqət və qayğısı nəticəsində Azərbaycan mediası inkişaf etməyə başladı. Heydər Əliyevin Azərbaycan mediasının inkişafında xidmətləri misilsizdir". Cavid Şahverdiyev qeyd edib ki, bu gün Azərbaycan mediası qonşu ölkələrlə müqayisədə kifayət qədər inkişaf edib: "Bu inkişaf həm ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsi, həm də kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi fonunda özünü büruzə verir. Qeyd etdiyim kimi bu gün mediamızın, kütləvi informasiya vasitələrinin durumu, maddi-texniki təminatı əvvəlki illərlə müqayisədə xeyli yaxşıdır ki, bu da ölkənin inkişaf amili ilə əlaqədardır. Əgər 10-15 il əvvəl Azərbaycanın inkişafı yalnız neft amili ilə əlaqədar idisə və iqtisadiyyatın inkişafında neft sektoru əsas rol oynayırdısa, indi neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da inkişaf edir ki, bu da ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, büdcəyə gəlirlərin artması kimi müsbət tendensiyalara səbəb olur. Dövlət büdcəsinin hər il nəzərəçarpacaq dərəcədə artması hər bir sahə kimi, media, kütləvi informasiya vasitələrinə də təsirsiz ötüşmür və iqtisadi inkişafımız mediamızın, onun maddi texniki bazasının inkişaf etdirilməsinə rəvac verir. Məsələn, ölkə iqtisadiyyatının inkişafı neftdən asılı vəziyyətdə olanda qəzetlərin, kütləvi informasiya vasitələrinin Azərbaycan Nəşriyyatına olan borclarını ləğv etmək mükmkün idisə, bu gün iqtisadiyyatımızın şaxələndirilmiş şəkildə inkişafı medianın maddi-texniki bazasının gücləndirilməsinə hesablanmış addımların atılmasına, hər il qəzetlərə, mətbuata dövlət tərəfindən birdəfəlik maddi yardımın ayrılmasına, eyni zamanda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün bir sıra sosial layihələrin həyata keçirilməsinə imkan yaradır. Məsələn, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar əsasında 2013-cü ildən etibarən jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binaları tikilib istifadəyə verilir. Ötən 16 il ərzində iki hündürmərtəbəli yaşayış binası tikilərək heç bir qarşılıq olmadan, tam təmirli vəziyyətdə mətbuat nümayəndələrinin ixtiyarına verilib. Məlumat üçün qeyd edim ki, ilk dəfə istifadəyə verilmiş bina 156, ikinci hündürmərtəbəli yaşayış binası isə 255 mənzildən ibarətdir. Daha 255 mənzildən ibarət bir hündürmərtəbəli yaşayış binasının tikintisi davam edir. Və milli mətbuatın yaranmasının 145 illiyində həmin yaşayış binası da təmirli şəkildə media nümayəndələrinin ixtiyarına veriləcək. Bunun özü Azərbaycanda kütləvi informasiya vasitələri, həmin qurumlarda çalışan jurnalistlər, ümumilikdə mətbuat nümayəndələrinə olan dövlət qayğısının bariz nümunəsidir. Bundan başqa 10 ildən artıq fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun da yaradılması məhz dövlətin media, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsinə yönəlik uğurlu addımlarından biri idi. Məhz ötən illər ərzində fondun kütləvi informasiya vasitələri arasında elan etdiyi müsabiqələr və onların layihələrinin qiymətləndirilməsi nəticəsində mətbu orqanların maddi-texniki bazası kifayət qədər yaxşılaşdı, həmin qurumlarda çalışan media təmsilçiləri, jurnalistlərin sosial vəziyyəti müsbətə doğru dəyişdi". Cavid Şahverdiyev qeyd edib ki, bütün qeyd edilən müsbət tendensiyalar dövlətin media, kütləvi informasiya vasitələrinə diqqət və qayğısı fonunda baş verir. Baş redaktorun sözlərinə görə, bu həm də dövlətin fikir, söz, məlumat və ifadə azadlığına xüsusi dəyər verdiyini sübut edir. Cavid Şahverdiyev onu da bildirib ki, Azərbaycanda medianın durumunun yaxşılaşması, eləcə də ölkədə fikir, söz, məlumat və ifadə azadlığının daim mövcud olması, onun getdikcə daha da inkişaf etdirilməsində birbaşa dövlət başçısı Cənab İlham Əliyev maraqlıdır: "Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bunu açıq şəkildə qeyd edib. Bu mənada dövlət başçısının 2013-cü il, iyulun 22-də jurnlaistlər üçün tikilmiş yaşayış binasının açılış mərasimində söylədiyi fikirlərə diqqət edək. Həmin çıxışda dövlət başçısı bir daha açıq şəkildə bəyan etdi ki, Azərbaycanda fikir, söz azadlığı mövcuddur və bu proses müsbət istiqamətdə inkişaf edir. Həmin çıxışda dövlət başçısı bildirdi ki, Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir və bu, belə də olmalıdır: "Çünki biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və belə olan halda bütün meyarlar Azərbaycanda yüksək səviyyədə olmalıdır. İqtisadi, sosial və eyni zamanda, ictimai proseslərin gedişatı da mütərəqqi meyarlar üzərində qurulmalıdır. Azərbaycanda azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir. Azərbaycanda demokratiyanın inkişafında böyük addımlar atılır, bütün azadlıqlar vardır - söz azadlığı, sərbəst toplaşmaq azadlığı. Bax bu yaxınlarda icazəli mitinqlərin keçirilməsi üçün yer nəzərdə tutulubdur və gələcəkdə jurnalistlərin bu mitinqləri işıqlandırması üçün böyük problem olmaz, balkondan müşahidə etmək olar. Azərbaycanda bütün digər azadlıqlar - vicdan azadlığı, din azadlığı tam təmin edilibdir. Beynəlxalq təşkilatlar Azərbaycanda bu sahədəki işlərə yüksək qiymət verirlər. Yəni, müasir dövlət prinsipləri elə olmalıdır ki, biz hər bir sahədə qabağa gedək, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edək və ölkəmizi inkişaf etdirək. Bu gün müstəqil Azərbaycan dövləti, sözün əsl mənasında hərtərəfli inkişaf edir və ictimai proseslərin müsbət istiqamətdə getməsi əlbəttə ki, bizim gücümüzü artırır".
Baş redaktorun sözlərinə görə, müsbət tendensiya ondan ibarətdir ki, fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsi istiqamətində görülən işlər, atılan addımlar kampaniya xarakteri daşımır və bu proses davamlı, sistemli gedir. Cavid Şahverdiyev bildirib ki, ilk növbədə dövlət başçısı Cənab İlham Əliyev bu prosesdə maraqlıdır və Prezident öz çıxışlarında bunu dəfələrlə bəyan edib: "Cənab İlham Əliyev hər zaman vurğulayıb ki, ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsi üçün bundan sonra da lazımı addımlar atılacaq. Elə 2017-ci il, iyul ayının 20-də jurnalistlər üçün inşa edilmiş növbəti yaşayış binasının açılış mərasimi zamanı da dövlət başçısı bunu açıq şəkildə İfadə etdi. Prezident bu sahədə mövcud olan real vəziyyəti təhlil edərkən bunları qeyd etdi: "Real vəziyyətə baxdıqda biz hamımız görürük ki, Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunur. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı Azərbaycanda təmin olunur və təmin olunacaqdır. Jurnalistlər isə əlbəttə ki, fəaliyyətləri ilə bu inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz".
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir