10 yaşın faciəsi- Züleyxa Nadir yazır
10 yaşın faciəsi-Züleyxa Nadir yazır
8 Yanvar 2020 13:52 SosialZüleyxa NADİR
Nərmin adı iki gün əvvələ kimi mənim üçün sıradan bir qız adı idi. İndi isə bu ad mənim gözümdə 10 yaşlı qızların faciəli simvoluna çevrilib, sanki. İki gündü Nərmin adı eşidəndə, oxuyanda gözlərimin önündə alov canlanır, odun içində çırpınan qızcığazın fəryadı beynimi deşir, ürəyim yerindən çıxmaq dərəcəsinə çatır. Dəhşətə gəlməmək mümkün deyil. Daha qorxulu hisslər yaşamamaq üçün gözlərimi bərk-bərk yumuram. Alovun içində yanan Nərminin harayını eşitməmək üçün qulaqlarımı tuturam. Amma olmur, qızcığazın iniltisindən qaça bilmirəm...
Ölüm var ölüm kimi, ölüm də var zülüm kimi. Bu qızın günahı nə idi ki, zülüm içində öldü? Kimə neynəmişdi ki, qismətinə alovlar içində yanmaq düşdü? Həyatın şirinliklərini dadmamış acısını udan qızcığazın on illik ömür payında hansı qatilin vəhşiliyi varmış? Suallar çoxdu, cavablar isə hələlik yoxdu. 10 yaşın faciəsini dərk etməkdə aciz qalıram. Bu sətirləri yazarkən də əllərim titrəyir, hərflər itir, klaviaturanın şriftləri qarışır. Kompüterin ekranındakı yazının fonunda sanki, bir alov görünür. O alovun içində bir qız çırpınır...
Bəlkə də dünyanın heç bir yerində bu qədər dəhşətli hadisə olmayıb. Bəlkə də bundan betəri olub, bilmirəm. Amma bildiyim o ki, dünyanın harasında olursa-olsun, milliyyətindən, irqindən asılı olmayaraq balaca qızların öldürülməsi insanlığın üz qarasıdır. Qız uşağına əl qaldırmaq, onu döymək-söymək, incitmək olmaz. On yaşlı qızın həyata açılan pəncərədən baxaraq nələrisə dərk etməsi, öyrənməsi böyüklərin köməyi olmadan mümkün deyil. Amma Nərmin buna macal tapmadı. On yaşlı qızın həyatın astar üzünü görüb ordakı çirkaba batması böyüklərin günahıdır. İnanmıram ki, Nərmin bu çirkabı görmüş olaydı. On yaşlı qızın vaxtından tez "böyüməsi" böyüklərin cahilliyidir. Heç əmin deyiləm ki, Nərminin böyükləri cahildi. Bəs, nədi on yaşın faciəsini bizim "gözümüzə soxan"?
Həyat göstərir ki, uşaq valideynin cəzasını çəkir. Bəzən görürsən ki, kənardan anormal görünən bir ailədə çox yaxşı uşaqlar böyüyür, cəmiyyət üçün gərəkli vətəndaşa çevrilirlər. Bəzən də tam tərsinə, normal bildiyin bir ailədə dünyaya gələn uşaqlar həyatın zalımlıqlarına tuş gəlirlər. Hər iki halda məsələnin kökündə valideyn dayanır. Hər bir valideyn övladı üçün Allahdı, peyğəmbərdi. Bu, çox yaxşıdı. Vay o gündən ki, bu Allahlığa kölgə düşür, peyğəmbərlik adiləşir, bax o zaman uşağın faciəsi başlanır. Bəlkə də Nərminin faciəsində dediyim bu amil böyük rol oynayıb. Bəlkə də Nərminin taleyində on illik valideyn günahı varmış. Bəlkə qohum-əqrəbadan kimlərsə bu günahın daşıyıcılarıdı. Ola da bilər ki, tanışlar, qonşular həmin günaha şərikdirlər. Allah bilir, bir də Nərminin faciəli ölümünü icra edən iyrənc məxluq(lar) bilir. Təbii ki, bu şübhələrə hüquq-mühafizə orqanları son qoyacaq. Ya da çox keçməz ki, İlahi Ədalət boy göstərəcək...
***
Əslində Nərminin itgin xəbərini eşidən gündən narahat idim. Günlər keçdi... qızcığaz tapılmadı. Valideynləri efirə çıxdı, hüquq-mühafizə orqanları axtarış elan etdi, amma ondan xəbər gəlmədi ki, gəlmədi. Nə gəlməz oldun sən, gözəl qızım! Saf, təmiz, dünyadan bixəbər balam! Yoxsa sənin taleyin Tanrıdanmı qısa gəldi? İki aya yaxın bir müddətdə nələr çəkdi başın sənin? Hansı zalımın əclaflığı ilə savaşdın? Hansı allahsızın, dinsizin-imansızın vəhşiliyinə dözdün? Nə yaşın vardı ki?! Sənin faciən insanlığın faciəsidi, həm də insanlığın ləkəsidi. İnsanlıq bu ləkəni nə zaman təmizləyəcək?
Bütün bu sualların cavabında Tovuz rayon hüquq-mühafizə orqanlarının məsələyə zəif yanaşması dayanır. Bu itki sıradan bir əşya deyil. Hərçənd insanın balaca bir əşyası itəndə belə həyəcanlanır, ətrafındakılar onun narahatlığına şərik olurlar. 10 yaşlı bir qızcığaz yoxa çıxıb. Bir evin övladı, bir qardaşın bacısı, gələcəyin anası, ən əsası isə bir dövlətin vətəndaşı itib. Nərminin axtarışında polis nədən çox can yandırmayıb? Bəziləri millət vəkillərinə müraciət edir, umurlar. Xüsusilə də Qənirə Paşayevadan tələb edirlər ki, niyə Nərminin axtarışında lazımı iş görməyib? Halbuki, bu və buna bənzər məsələlər birbaşa onun vəzifə səlahiyyətinə aid olmasa da hər zaman seçicilərinin yanında olur. Bu barədə ətraflı yazmaq fikrim yoxdu, onsuz da xanım deputat özü ona yönəlmiş məsələyə aydınlıq gətirib. Nərmin məsələsində nə dərəcədə məsuliyyətli olduğunu, hansı işi gördüyünü yazıb. Sözümün canı başqadı. Dondar Quşçu kəndi böyük kənddi, beş min nəfərə yaxın əhalisi var. İnsanları savadlı, dünyagörüşü zəngin, müasir düşüncəlidir. Çox güman ki, kəndin ağsaqqallardan ibarət icması fəaliyyət göstərir. Bəs, bələdiyyə, icra hakiminin kənd nümayəndəsi hara baxıb? Doğrudanmı kəndin icması, eləcə də bu qurumlar məsələyə ciddi yanaşmayıblar?
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci il "Könüllülər ili" elan edilib. Azərbaycan xalqının doğrudan da tarixdən gələn bir ənənəsi var: ehtiyacı olan insanlara təmənnasız kömək etmək. Bu, təbii ki, xeyirxahlıqdan, fədakarlıqdan və könüllülükdən gələn bir niyyət, xoş əməldi. Ötən illərin təcrübəsi göstərir ki, könüllülər dövlət səviyyəsində görülən beynəlxalq tədbirlərdə çox iş görüblər. Bəs, Nərminin axtarışında niyə könüllülər olmayıb? Kəndin gəncləri, ailənin qohumları, doğmaları, əzizləri birləşib qızcığazın axtarışına çıxa bilməzdilərmi? Buna da ölkə prezidenti göstəriş verməlidi? Rusiyada məhz belə məsələlərlə bağlı könüllülər dəstəsi fəaliyyət göstərir. Həmin könüllülər hüquq-mühafizə orqanlarına çox böyük kömək edirlər. Onlara heç kim göstəriş verməyib, dövlət tapşırmayıb, nə də könüllü kimi qonorar almırlar. Sadəcə vicdanlarının səsinə qulaq asırlar. Yaxşı olardı ki, Dondar Quşçuda da vicdanını itiriənlərə qarşı vicdanlılar birləşəydilər. Çox təəssüf...
***
İki gündü cəmiyyət çalxanır. Nərminin yandırılması hər kəsi "yandırır". İnsanlar için-için qovrulurlar. Hər kəsin gözündə bir qəzəb var. Ölüm hökmünün bərpa olunmasını tələb edənlərə haqq qazandırmamaq olmur. Məncə də bu hökmün bərpasına ehtiyac var. Hər kəsə tətbiq olmasa da istisnalar lazımdı. Dünyanın ən sivil ölkəsi sayılan ABŞ-ın 25 ştatında ölüm hökmü hələ də qüvvədədir. İnsanın gözünü nə qədər qan örtməlidir ki, balaca bir qızı diri-diri yandırsın? Heç şeytanın ən böyüyü belə bu işə əl atmaz. Əminəm ki, Nərmini odda yandıran kəs insanlıqdan zərrə qədər payı olmayan iyrənc məxluqdu. Bəlkə də Nərmini yandıran adam erməni olub. Bu hərəkəti içində-çölündə azərbaycanlı düşmənçiliyi gəzdirən, Xocalıda uşaqlara qıymayan, Qərbi Azərbaycanda körpələri diri-diri basdıran erməni törəmələrindən gözləmək olar. Yoxsa ki, qan qardaşı, can yoldaşı olan bir azərbaycanlı bunu niyə etsin ki? Doğrudur, dünyanın hansısa nöqtələrində belə vəhşiliklər olub, geridə qalmış, sivilizasiyadan kənar yerlərdə indi də var. Amma Azərbaycan bəşəriyyətin elə də geridə qalmış, cahil nöqtəsi deyil, axı. Azərbaycan dünyaya özünün mədəniyyəti, iqtisadi inkişafı ilə pəncərə açan bir məmləkətdir. Bu pəncərədən baxanlar nədən bu qədər vəhşidirlər?
Sosial şəbəkələrdə Nərminlə bağlı çoxlu sayda həştaglar, çağırışlar, fikirlər, təkliflər, rəylər var. Hər biri haqlıdı. Hər bir fikrin arxasında qəzəb, nifrət, hirs-hikkə var. Bu hissləri yaşamamaq mümkün deyil. Nərmin üçün susmaq olmur. Hər kəs bir cür səslənir, bir cür təpki verir. Günahkarların tezliklə tapılıb cəzalanmasını tələb edirlər. İnanmaq istərdim ki, insanların səsi eşidiləcək və bir daha başqa bir ailədə 10 yaşın faciəsi yaşanmayacaq.
Mən də faciəyə təpki verərək səsimi bu yazı ilə çıxarıram...