Hay kilsəsinin saxta layihəsi – “Ermənistanın sarkal coğrafiyası”
Hay kilsəsinin saxta layihəsi – “Ermənistanın sarkal coğrafiyası”
8 Yanvar 2020 12:42 Sosial"Erməni kilsəsi həmişə hakimiyyətin yanında olub, onun xalqla heç bir əlaqəsi yoxdur. Erməni kilsəsi xalqını dinin yaratdığı sağlam mühitlə təmin etməyib.
- Erməni katalikosları ya Prezident sarayında olub, ya da Milli Məclisdə..." (2004-cü ildə Moskva şəhərindəki erməni kilsəsinin, sonralar Fransanın Nitse şəhərindəki kilsənin keşişi Ter Saakın 2012-ci ildə "Epress.am" saytına verdiyi müsahibədən.)
Var olduqları dövr ərzində bəşəri-dünyəvi dünyagörüşləri və ruhani-dini təlimləri özlərinin məkrli niyyətləri, əməlləri ilə zəhərləyən hay kilsəsi minilliklər boyunca təşəkkül tapmış müsəlman-türk dünyasının milli-mənəvi dəyərlərinə və maddi irs nümunələrinə qarşı növbəti dəfə saxta bir layihə ilə çıxış etmişdir. Belə ki, Qərbi Azərbaycan hüdudlarında xalqımızın zəngin tarixi keçmişini, mənəvi bütövlüyünü yaşadan və əsrlər boyunca qoruyub saxladığı maddi ocaqları (islamaqədərki qədim məbədləri, müqəddəs ziyarət və ibadət ocaqlarını, irfani-dini məkanları...) guya haylara məxsus olmasını bildirməklə xalqınmıza məxsus həmin abidələri "Ermənistanın sarkal coğrafiyası"na daxil etmiş və hayların maddi-mənəvi irs nümunələri adı altında Rusiya Federasiyasının müxtəlif şəhərlərində (xüsusilə Moskva və Sankt-Petrburqda) təbliğatını aparırlar.
Tarixi gerçəklik və zamanın verdiyi qiymət isə bu riyakar təbliğatın yalan olduğunu bir daha sübut etməkdədir. Çünki, Qərbi Azərbaycan ərazisində mövcud olan bütün maddi-mənəvi irs abidələri, ocaqları yaranışından müsəlman-türk dünyası tarixini özündə yaşatdığı kimi həm də tarixi keçmişimizlə bağlı ruhsal-duyğusal dünyagörüşümüzün, dini-irfani mədəniyyətimizin yaranışını əks etdirir. Hay kilsəsinin məkrli cəhdinə baxmayaraq bu ocaqlar xalqımızın tarixi-maddi irs nümunələri kimi dəyərləndirilir və qəbul edilir, çünki bu maddi irsin yaradıcıları həm də müsəlman-türk dünyasının ünlü şəxsləri olublar.
"Ermənistanın sarkal coğrafiyası" adı altında hay kilsəsinin saxta təbliğatının qarşılığında əvvəlki yazılarımızda ayrı-ayrı bölgələrdə xalqımıza aid olan ruhsal-duğusal maddi-mənəvi abidələrimiz haqqında verilən məlumatlara bu dəfə Qərbi Azərbaycanın Əbilkənd nahiyəsi (1937-ci ilədək Cəlaloğlu nahiyəsi daxilində idi, 1937-1991-ci illərdə Kalinino rayonu adlanıb, hazırda isə Lori (əski Qoturkənd) vilayəti daxilində Taşir inzibati-ərazi vahidi kimi mövcuddur, sahəsi 692 kv.km-dir) ilə bağlı bilgilərə yer verilib ("Sınıq körpü"dən Cəlaloğluna qədər olan ərazilərdə).
İnzibati-ərazi baxımından Qərbi Azərbaycanın şimal hissəsini ("Dağ Borçalı mahalı"nı) əhatə edən bu nahiyənin ən məşhur müqəddəs ruhsal-irfani məkanı, Ağoğlan dağının qurtaracağında, İlməzli və Qaraqala kəndlərinin, "Ov dərəsi"nin üstündə (günbatan tərəfdə) və Çubuqlu yayalağının yaxınlığında yerləşən "Hacı Xəlil Baba ocağı"dır.
1500-ci illərin tarixi hadisələrini yaşadan bu məkanda deyilənə görə (bu ocaq barədə İlməzli kənd sakinləri Kazım Alı oğlu (1890-1965), Əhməd Mirzəli oğlu Nəsibov (1904-1992), Mahmud Osman oğlu Teymurov (1902-1961), Cücəkənd kənd sakinləri Məhəmmədhəsən Əlləz oğlu (1856-1941), Osman Məhəmmədhəsən oğlu (1904-1963), Mənsur Əlləz oğlu (1860-1948), Hümbət Nəbi oğlu Əlləzov (1900-1969) ...ətraflı bilgilər vermişlər) nəsil davasında həlak olan məqam sahibi Hacı Xəlil Baba dəfn edilib. Ətrafı açıqlıq olan qəbir dördkünc şəkilli iki otaqdan ibarət tikilinin (4-5 m ölçüdə) birində idi. Təmizlik məqsədilə ocağa Qızıldaş kəndinin sakini Bığlı Məcid "Çömçə dərəsi"nin suyunu bulaq kimi çəkmişdi. Buraya həm də "Aran Borçalı mahalı"nın kəndlərindən də ziyarətə gəlirdilər.. Yaz-yay aylarında hər cümə günü bu ocaqda irfani-ibadət mərasimləri keçirilirdi, dərvişlər, müridlər, mollalar Seyid Həmzənin qəzəllərini oxuyurdular, üstündə qurban kəsərdilər (Cücəkənd kəndinin 34 tayfasından biri də "Dərvişlilər" idi).
Bu müqəddəs məkanın ətrafında salınmış qədim qəbirstanlıqda nahiyənin və mahalın kəndləri tərəfindən dəfn mərasimləri keçirilirdi (İlməzli kənd sakinləri Mirzəli Nəsib oğlunun (1875-1945), Molla Teymur Osman oğlunun (1875-1946), Molla Osman Məhəmməd oğlunun (1871-1938)... məzarları bu qəbirstanlıqda idi.)
Nahiyənin Cücəkənd kəndində (kənd Mərkəzi və Orta Asiyada qüdrətli Türk dövləti Ulus xanlığının banisi, Çingiz xanın böyük oğlu Cuci xanın (1180-1227) adını daşıyır, əsrlərcə leksik-şivə dəyişikliyinə uğrayaraq belə adlanıb, 03 yanvar 1935-ci ildən "Qızıl Şəfəq" toponimi kimi saxlanılıb) "Məscid təpə" (hündürlüyü 15-20 metrə çatan) deyilən yerdə 1960-cı illərdə qazıntı işləri aparılarkən torpaq qatından sonra sal qaya parçası, onun alt hissəsində isə qəbir üzə çıxmışdır. Orada baş-kəllə sümüyü (güllə yeri nişanəsi ilə), qızıl üzük tapılmışdır. Kəndin məscid kimi istifadə etdiyi Alban məbədi (eramızın I-II əsrlərinə aid) isə 1937-ci ildə sökülərək daşından mal fermasının tikintisinə sərf edilmişdir. Amma, 4 km aralıda haylar yaşayan Şahnəzər kəndinin 2 kilsəsi olduğu kimi qalmışdır.
Həmin Alban məbədi sökülərkən divarda ölçüsü 1,5 m x 60 sm olan yazılı daş lövhə tapılmışdır, onu 1976-cı ildə mütəxəssislər oxuya bilmişlər:
"Bu kəndin adı Qoraq olmuşdur. Mənası "üç təpə" deməkdir. Biz Allaha itaət edirik. Bizdən kim tez ölsə, qalanlar ölənlərin xatirəsinə on gün yas saxlayır. Yazan: Piçosank."
Tərcumədə o dövrdə kənd Sovetinin sədri Şamxal Süleyman oğlu Dəmirçiyev (1923-2009) və sovxoz ilk partiya təşkilatının katibi Musa Alı oğlu Kərimov (1925-2006) iştirak etmişlər.
XIX əsrin sonlarında Türkiyədən gəlmiş Xoca Cəmil Əfəndi Cücəkənd kəndinin məscidinin nəzdində açdığı məktəbdə dünyəvi və dini elmləri tədris etmişdir. Bu məktəbin maliyyə təminatını xeyriyyəçi Məhəmmədhəsən Əlləz oğlu etmişdir. Təlimi başa vuran mədrəsə taliblərinə "Qurani-Kərim" bağışlanardı (o dövrdə bu hədiyyənin qiyməti süd verən inəyin dəyərində idi). Həmin məktəbdə təhsil alanlardan Osman Məhəmmədhəsən oğlu, qardaşı Alı, Süleyman Məhəmməd oğlu Balakişiyev (xalq yazıçısı Mövlud Süleymanlının (1943) atası)... olub, həmin hədiyyələrdən indi də qorunub-saxlanılanı var.
Cücəkənd kəndinin ("Qızıl Şəfəq") yüksək təhsilli din xadimlərindən biri də Məhəmməd Əlləz oğlu (1848-1898) ilk təhsilini Qori Ruhani seminariyasında alsa da, Osmanlı Türkiyəsində ali-irfani bilgilərə yiyələnib, dini savadı və şirin avazı olduğu üçün 34-cü Osmanlı Sultanı və 113-cü İslam Xəlifəsi II Əbdülhəmid (1842-1918) tərəfindən İstanbul məscidinin Baş axundu təyin edilib. Mənalı ömrünü, dəyərli həyatını dini-ruhani biliklərin öyrənilməsinə və tədrisinə-təbliğinə qurban verən Şeyx Məhəmmədin Sultan sarayında ayrıca iqamətgahı olub, hökmdarın xüsusi diqqəti və hörməti onun üstündə idi. Andına, əqidəsinə sadiqliyi Sultan tərəfindən dəfələrlə sınaqdan keçirildiyi üçün xüsusi məqama layiq bilinib. Təsadüfi deyil ki, Sultan Onun şərəfinə xüsusi kitab (I hissəsi "Qurani-Kərim"dən, II hissəsi Şeyxin həyatından ibarət) nəşr etdirmişdir. Şeyx Məhəmməd qardaşı Molla Mənsuru da (1860-1948) yanında saxlamış, onun da ali dini-irfani biliklərə yiyələnməsinə yardımçı olmuşdur. Molla Mənsur sonrakı həyatını nahiyənin ruhsal-duyğusal məclislərində keçirmiş, dini-ruhani təbliğatını aparmışdır.
Şeyx Məhəmməd haqqında məlumatların birində deyilir ki, ərəb ölkələrinə gedən nümayəndə heyəti dənizdə qəzaya uğrayır, gəmidə olanalar hamısı həyatını itirir, yalnız o, sağ qalır. Amma, xəstələnir və alman həkimlərinin müalicəsinə baxmayaraq həyatla vidalaşır, İstanbulun "Miskinlər qəbirstanlığı"nda dəfn edilir. Qardaşı Molla Mənsur Vətənə qayıdanda onun bir sandıq (sandığın mismarları qızıldan imiş) dini-elmi kitablarını gətirib. Həmin sərvət Molla Mənsurun həyat yoldaşı Nigar Hacı İdris qızının (1894-1964, Aran Borçalının Başkeçid nahiyəsinin Qamışlı kəndindən olan) evində saxlanılmışdır.
Yuxarıda adı çəkilən Şahnəzər kəndinin kilsəsi keçən əsrin 60-70-ci illərində taxıl anbarı kimi istifadə olunanda və onu genişləndirmək üçün bir divarını sökəndə yazılı daş lövhəsi tapılır. Lövhədə yazılıbmış:
"Bu kəndin əsası 1823-cü ildə Qarabağdan köçürülmüş imkanlı şəxs olan Şahnəzər adlı erməni tərəfindən qoyulub." (Bu məlumatı həmin kəndin sakini Kolombos Cauksyan 1970-ci illərdə vermişdir.)
Nahiyənin irfani-dini toponimlərindən biri olan Molla Eyyub kəndinin adı 1920-ci illərdən sonra təhrif edilərək Evli kəndi adlandırılmışdır.
(Yazının hazırlanmasında Qərbi Azərbaycanın Əbilkənd nahiyəsinin Qızıl Şəfəq kənd sakini Bayram Osman oğlu Əlləzovun (1935) və İlməzli kənd sakini Həmzə Əhməd oğlu Nəsibovun (1948) məlumatlarından istifadə edilib.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi