Gənclər ədliyyə orqanlarının kadr korpusunun əsasını təşkil edir
Gənclər ədliyyə orqanlarının kadr korpusunun əsasını təşkil edir
8 Yanvar 2020 12:39 SosialÖlkə başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarında kadrlarla işin səmərəli təşkilinə, gənclərin işlə təminatına xüsusi önəm verilərək son 15 ildə şəffaf müsabiqələr əsasında əksəriyyətini gənclər təşkil edən 3.000-ə yaxın şəxs qulluğa qəbul olunub, onlarla hazırlıqlı mütəxəssis ali dövlət orqanında müxtəlif məsul vəzifələrə irəli çəkiliblər. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hazırda çoxminli əməkdaşların təxminən yarısını gənclər, qulluğa qəbul edilən yeni nəsil ədliyyə işçiləri isə nazirliyin əksər xidmətlərinin kadr korpusunun 70 faizə qədərini təşkil edir. Ümumilikdə aparılmış şəffaf seçimlər nəticəsində, həmçinin xüsusi təhsil müəssisələrini bitirmiş 1.300-ə yaxın gənc mütəxəssis penitensiar xidmətdə orta rəis heyətinə qulluğa qəbul olunub, tibb xidmətinin kadr korpusunun tam əksəriyyəti isə yenilənib. Eyni zamanda, kadrlardan daha səmərəli istifadə olunması məqsədilə onların vaxtaşırı rotasiyası üzrə tədbirlər görülərək təcrübəli işçilər rəhbər vəzifələrə irəli çəkilirlər. Cari ildə penitensiar və tibb xidmətləri üzrə 130-dək əməkdaş, o cümlədən 24 rəhbər işçi barəsində rotasiya tətbiq olunub. Bu günlərdə penitensiar xidmətdə orta rəis heyəti vəzifəsinə qulluğa qəbulla bağlı, həmçinin penitensiar və tibb xidmətləri üzrə rəhbər vəzifələrə 50 nəfərə yaxın şəxs barəsində təyinatlar aparılıb.
Nazirlik tərəfindən, həmçinin penitensiar və tibb xidmətlərinin ixtisaslı kadrlarla komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, bu sahədə aidiyyəti təhsil müəssisələri ilə səmərəli əlaqələr qurularaq Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyasında, həmçinin Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində müvafiq olaraq penitensiar və tibb sahələri üzrə nazirlik üçün ixtisaslı gənc kadrlar hazırlanır.