Ötən il 15 mindən çox şəxsə e-qaydada pensiya təyin edilib

Ötən il 15 mindən çox şəxsə e-qaydada pensiya təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ildə 21 sosial təminat növü üzrə elektron təyinat sistemi qurularaq işə salınıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, ötən ilin əvvəlindən yaşa və əlilliyə görə pensiya növlərinin təyinatı avtomatlaşdırılmaqla, il ərzində daha 19 müavinət-təqaüd növü üzrə e-təyinat sistemləri də fəaliyyətə başlayıb. Onların sırasına uşağın doğulmasına görə birdəfəlik müavinət, əlilliyə, yaşa görə və sağlamlıq imkanları məhdud uşağa, şəhid ailəsi üzvlərinə, şəhidlərin, müharibə əlillərinin, 20 Yanvar əlillərinin, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət, şəhid ailələrinə, həmçinin fəxri adlara görə Prezidentin aylıq təqaüdü  və s. kimi müavinət və təqaüd növləri daxildir.

Ötən il 15 mindən çox şəxsə e-qaydada pensiya, son aylarda fəaliyyətə başlayan e-təyinat sistemləri vasitəsilə isə artıq 20 mindən çox şəxsə e-qaydada müavinət-təqaüd təyin edilib. Ümumilikdə 2019-cu ildə qurulan elektron sistemlər il ərzində sosial təminat növləri üzrə 200 minədək təyinatın elektron qaydada həyata keçirilməsinə imkan verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31