“Cənab prezident ölkədə fikir, söz, məlumat və ifadə azadlığının hər zaman qorunub saxlanılması, bu prosesin inkişaf etdirilməsinin qarantıdır”

“Cənab prezident ölkədə fikir, söz, məlumat və ifadə azadlığının hər zaman qorunub saxlanılması, bu prosesin inkişaf etdirilməsinin qarantıdır”

Əkbər Qoşalı: "Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsi üçün həm hüquqi baza mövcuddur, həm də dövlətimiz onun inkişaf etdirilməsində maraqlıdır"

Azərbaycanda bütün sahələrdə olduğu kimi media sahəsində zaman-zaman atılan addımlar KİV-in daha da inkişafına zəmin yaradır, onun daha müstəqil, daha azad fəaliyyət göstərməsinə dəstək olur. Bu prosesdə dövlətin, xüsusilə də dövlət başçısının maraqlı olması isə mətbuatın vəziyyətini getdikcə daha da yaxşılaşdırır. Ötən illər ərzində bu sahədə əldə edilən uğurlar belə deməyə əsas verir.  Elə Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri,  Milli QHT Forumu İdarə Heyətinin üzvü, Beynəlxalq "ALAŞ" Ədəbi Mükafatı laureatı,  şair-publisist Əkbər Qoşalı ilə söhbətimizdə də,  günümüzdə mətbuatın vəziyyəti, ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsi istiqamətində atılan addımlara, görülən işlərə diqqət etdik.

-Əkbər bəy, demokratik cəmiyyətlərin başlıca prinsipi hesab edilən fikir, söz, məlumat və ifadə azadlığı ölkəmizdə necə təmin edilir və bu istiqamətdə mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olarmı?

- Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsi üçün həm hüquqi baza mövcuddur, həm də dövlətimiz, şəxsən dövlət başçımız dediyimiz prinsiplərin qorunub-saxlanması, onun inkişaf etdirilməsində maraqlıdır. Dövlətimiz, dövlət başçımız məsələyə konseptual baxır, müvafiq konsepsiya qəbul edilib. Yəni, bunun üçün ölkədə siyasi iradə mövcuddur və həmin siyasi iradədən irəli gələrək də uyğun addımlar atılır. Belə dərin və üfüqügeniş mövzuda, əlbəttə, yeni addımlar da atıla bilər. Bu birmənalıdır ki, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz ümummilli liderin 1993-cü ilin iyun ayında ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışından sonra, bütün istiqamətlərdə olduğu kimi kütləvi informasiya vasitələri ilə iş də keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu.

Ümummilli lider Heydər Əliyevin kütləvi informasiya vasitələri sahəsində, özəlliklə də ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması sahəsində atmış olduğu ən mühüm addımlardan biri, SSRİ zamanından qalan senzura sistemini aradan qaldırmaq oldu. O dövrdə belə bir addımın atılması yetərincə rezonans doğurdu. Çünki Azərbaycan keçmiş SSRİ-nin tərkibinə daxil olan ilk respublikalardan idi ki, ölkədə senzura sistemini ləğv etmək qərarına gəlmişdi. Onu da deyim ki, müstəqil Azərbaycanın dövlətinin atmış olduğu bu tarixi addım, nəinki ölkə daxilində, eləcə də, keçmiş müttəfiq respublikalar, ümumən dünya birliyi tərəfindən ciddi reaksiya doğurmuş, marağa səbəb olmuşdu. Bu həm də dünyaya Azərbaycanın demokratik prinsiplərə, fikir, söz, məlumat və ifadə azadlığına nə dərəcədə önəm verdiyini əyani şəkildə göstərir, bu prosesdə maraqlı olduğunu ortaya qoyurdu.

Bilirsiniz, senzuranın aradan qaldırılması, ən önəmlisi, ölüm hökmünün ləğvi, digər fundamental hüquqlara dair tarixi qərarlar toplu halda, dövlətin bəşəri tərəqqiyə yanaşmasının sabitqədəmliyini, irəligörüşlüyünü şərtləndirməklə, atılmış addımların təsadüfi olmadığını aydın göstərirdi. Əlbəttə, o tarixi hadisələr illər öncə baş verdiyi üçün, biz keçmiş zamanda danışırıq, lakin həmin tarixi qərarlar yalnız keçmişi ifadə etmir, əslində bugünü şəkilləndirir, ölkə olaraq sabaha sağlam, əmin gedişimizi təmin edir.

-Bəs, Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdana qədər Azərbaycanda media, kütləvi informasiya vasitələrinin durumu, fikir, söz, məlumat və ifadə azadlığı hansı səviyyədə idi?

-Ümummilli lider Heydər Əliyev ikinci dəfə ali siyasi hakimiyyətə qayıdana qədər Azərbaycanda kütləvi informasiya vasitələrinin durumunu o dövrü yaşayanlar yaxşı xatırlayır. Bir tərəfdən, müstəqilliyin yeni-yeni institutlaşması, düşmənin elan olunmamış müharibəsinə məruuz qalmağımız, sovetlər zamanından qalan senzura sistemi, digər tərəfdən demokratiya şüarları ilə hakimiyyətə gələn qüvvələrin şüarları gerçək müstəvi üzərinə keçirməklə bağlı yaşanan təbəddülatlar, çatışmazlıqlar, təcrübəsizlik, hövsələsizlik və s. öz mənfi sonuclarını göstərirdi. Mətbuata qarşı ictimaiyyətə bəlli olan basqılar, bəzi redaksiyaların dağıdılması, canlı efirə nazir səviyyəsində müdaxilə, jurnalistilərin yenə nazir əli ilə döyülməsi və s. fonunda Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığınının durumu, təəssüf ki, ürəkaçan deyildi. Əlbəttə, mənfi hallar daha öncə də olub, sonra da müəyyən problemlər olub, bunların hamısı mətbuatımızın keçdiyi enişli-yoxuşlu yoldur, bir tarixdir. Şadıq ki,  nəhayət son illər elə bir mərhələ gəlib çıxdı ki, mətbuata dövlət qayğısı institutlaşdı, konseptuallaşdı, öz ifadəsini konkret maddi müstəvi üzərində, dövlət təltiflərində və s. tapdı.

Müstəqilliyimizin ilk illərində fikir, söz, məlumat və ifadə azadlığı sahəsindəki durum həmin illərdə nüfuzlu beynəlxalq qurum və quruluşlar tərəfindən də izlənilir, tənqid edilir, belə durumun aradan qaldırılması tövsiyyə olunurdu. Müstəqilliyin ilk illərində media sahəsində mövcud olan xoşagəlməz durum təkcə bununla bitmirdi. Eyni zamanda, müəyyən bürokratik əngəllər qalmaqda idi. Fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin, o cümlədən qəzet və jurnalların maddi-texniki durumu ağır idi. Durum elə həddə çatırdı ki, kütləvi informasiya vasitələri çap xərclərini belə zamanında ödəyə bilmir, Azərbaycan Nəşriyyatına yetərincə borcları yığılıb qalırdı. Bu da son nəticədə həmin kütləvi informasiya vasitəsi, qəzet və ya jurnalın nəşrinin dayanmasına gətirib çıxarırdı.

-Ancaq Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra media sahəsində mövcud olan problemlər demək olar ki, aradan qalxdı.

- Dərin siyasi təcrübə və mükəmməl idarəçilik bacarığına malik olan Heydər Əliyev hələ sovetlər zamanında, istər Azərbaycana rəhbərlik etdiyi illərdə, istərsə də Moskvada çalışdığı zaman kütləvi informasiya vasitələri ilə yaxından işləyir, onlarla sıx təmasda olur, medianın durumu ilə daim maraqlanırdı. Bir qayda olaraq, ümummilli lider mühüm görüşlərini, toplantı və iclaslarını medianın iştirakı olmadan keçirmirdi.

Eyni ilə ümummilli lider müstəqilliyin ilk illərində Bakıya, ali siyasi hakimiyyətə qayıdandan sonra da, bu ənənəyə sadiq qaldı və kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq etdi. Heydər Əliyev həmçinin kütləvi informasiya vasitələrinin problemlərini öyrəndi, həmin problemlərin həlli istiqamətində ciddi addımlar atdı. Yuxarıda da qeyd etdiyimiz kimi, ümummilli liderin media sahəsində atmış olduğu ilk mühüm addım ölkədə senzuranı ləğv etmək oldu.

Heydər Əliyevin kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğı, bu sahədə movcud olan problemlərin həlli istiqamətində atmış olduğu digər mühüm addım isə ölkədə nəşr edilən qəzet və jurnalların Azərbaycan Nəşriyyatına olan borclarının müəyyən müddətə dondurulması oldu. Bununla paralel olaraq, ümummilli lider müntəzəm olaraq ölkədə nəşr edilən nüfuzlu media qurumlarının başçıları ilə bir araya gəlib, onların problemlərini öyrənir, bu istiqamətdə fikir mübadiləsi aparırdı. Ümummilli liderin keçirdiyi bu kimi görüşlərin nəticəsi olaraq, media sahəsində durumun daha da yaxşılaşmasına xidmət edən uyğun sənədlər imzalanır, uyğun qurumlara gərəkən tapşırıq və tövsiyyələr verilirdi. Burada bir maraqlı məqama diqqət çəkək - ümummilli lider media kapitanları ilə keçirdiyi görüşlərə hətta onu ən sərt şəkildə tənqid edən qəzet redaktorlarını da dəvət edir, onların fikirlərini diqqətlə dinləyirdi. Bu, bir tərəfdən ümummilli lider Heydər Əliyevin kütləvi informasiya vasitələrinə diqqət və qayğısının göstəricisi idisə, digər tərəfdən onun fikir, söz, məlumat və ifadə azadlığına nə dərəcədə önəm verdiyinin təsdiqi, özünəinamın ifadəsi idi.

Ümummilli liderin keçirdiyi həmin görüşlər və keçirilən görüşlərə hakimiyyətə qarşı radikal mövqedə dayanan media rəhbərlərinin də dəvət edilməsi, onlara öz fikirlərini ifadə etmək üçün şərait yaradılması, beynəlxalq aləm, nüfuzlu təşkilat və qurumlar tərəfindən də təqdir edilir, alqışlanırdı. Eyni zamanda, həmin dairələr də bunu fikir, söz, ifadə və məlumat azadlığına verilən dəyər kimi xarakterizə edirdi.

Qeyd edim ki, ümummilli lider dediklərimizdən başqa, dəfələrlə həm medianın durumunun yaxşılaşdırılması, həm də ölkədə fikir, söz, ifadə və məlumat azadlığının təmin edilməsi istiqamətində ciddi addımlar atdı, qərarlar verdi. Məhz bu addımlar və göstərilən diqqət-qayğının nəticəsi idi ki, Azərbaycan jurnalistləri media həyatında ilk dəfə olaraq özlərinə dövlət başçısının timsalında dost seçdilər və Heydər Əliyev jurnalistlərin dostu elan edildi.

-Bəs hazırda bu sahədə vəziyyət necədir?

-Günümüzdə kütləvi informasiya vasitələri ilə iş, Heydər Əliyev kursunun layiqli davamçısı, cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Cənab prezidentin qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarını silməsi, onların  maddi-texniki bazasının gücləndirilməsi məqsədilə müntəzəm olaraq KİV-lərə birdəfəlik maddi yardım ayırması, eləcə də, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması deyilənlərin sübutudur.

Azərbaycan Prezidentinin KİV-ə göstərdiyi böyük diqqət və qayğının bir örnəyi də dövlətin hesabına jurnalistlər üçün şəhərciyin salınması və həmin şəhərcikdəki binalarda təmirli mənzillərin heç bir qarşılıq olmadan, mətbuat nümayəndələrinə verilməsidir. Bu, dövlətin, şəxsən dövlət başçısının mətbuata göstərdiyi özünəxas diqqət və qayğıdır.

Cənab prezident ölkədə fikir, söz, məlumat və ifadə azadlığının hər zaman qorunub saxlanılması, bu prosesin inkişaf etdirilməsinin qarantıdır. Dövlət başçısı dəfələrlə çıxışlarında bunu qeyd edib və mətbuatın daha da inkişaf etməsinin zəruriliyini vurğulayıb. Elə başa düşürəm ki, ötən il ərzində dövlət başçımızın imzaladığı fərmanlar, sərəncamlar, verdiyi tapşırıqlar, keçirdiyi görüşlər, islahatların güclənməsi, toplu halda mətbuat sahəsində də yeni dalğanın yaranacağını istisna etmir və bu da təbiidir. Hesab edirəm ki, gələcək Azərbaycan mətbuatının durumu bugünkündən daha yaxşı olacaq. Bunu həm ehtiyac, həm də imkanlar kateqoriyasında, habelə yeni çağırışlara cavab olaraq, dəyərləndirmək mümkündür.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31