3393 nəfər talassemiya daşıyıcısıdır – Şöbə müdiri

3393 nəfər talassemiya daşıyıcısıdır – Şöbə müdiri

30.12.2019-cu il tarixində Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib.

Olaylar.az xəbər verir ki, iclasda Səhiyyə Nazirliyi tərəfindən 2019-cu il ərzində görülmüş işlər barədə məruzələr dinlənilib.

Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi sayəsində son illər ərzində səhiyyəmiz mütəmadi olaraq inkişaf edib: "2019-cu ildə yeni tikilmiş Qobustan Rayon Mərkəzi Xəstəxanası əhalinin istifadəsinə verilib, Buzovnada yerləşən Tibbi Reabilitasiya Mərkəzində, Qazax, Şəmkir, Goranboy Rayon Mərkəzi Xəstəxanalarında təmir-tikinti işləri başa çatmış, tam təchiz olunmuş və açılışa hazırdır. Şəki, Gəncə Psixiatriya xəstəxanaları, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Professor Gindes adına Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi başa çatmış, növbəti ildə açılışı gözlənilir. Hazırda Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının, Qəbələ, Füzuli, Samux Rayon Mərkəzi Xəstəxanalarının, Bakı şəhər 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbə xəstəxanasının, Sumqayıt 2 nömrəli Şəhər Xəstəxanasının tikintisi, Bakı şəhər 2 nömrəli Doğum evinin, Salyan Rayonu Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin və Uşaq Xəstəxanasının əsaslı təmiri davam etdirilir".

Şöbə müdiri qeyd edib ki, maddi texniki bazanın inkişaf etdirilməsi, kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına bu gün ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunur: "2019-cu ildə dövlət hesabına 915 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub ki, onlardan 263-ü uşaqlardır. 2019-cu il ərzində 2075 xəstəyə angioqrafiya müayinəsi aparılıb və onlardan 680 nəfərə angioplastika əməliyyatı icra edilib. Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə son illərdə 110 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb. 10 il öncə cəmi 7 nəfərə endoprotezləşmə əməliyyatı aparıldığı halda, cari ildə bu əməliyyatların sayı 119-a bərabərdir. Son illər Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Ümumilikdə 89 sümük iliyi transplantasiyası aparılıb, onlardan 13 nəfər kəskin leykoz, 6 nəfər aplastik anemiya, digər 70 nəfər isə böyük beta-talassemiya xəstəsi olub".

G. Poladov vurğulayıb ki, artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı alınması istiqamətində konkret addımlar atılır: "Belə ki, il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub. Onların arasında 3393 talassemiya daşıyıcısı, 135 qazanılmış immun çatışmazlığı sindromu, 297 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb ki, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb. Ümumilikdə, xəstəlik müəyyən edilən 15 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib. Hazırda Respublikamızda 1667 hemofiliyalı xəstə qeydiyyatdadır. Bu xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub".

Şöbə müdiri qeyd edib ki, hazırda 2700-dən çox xəstənin dövlət hesabına dərman preparatları ilə təminatı həyata keçirilir: "Beləliklə də, əvvəllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşıb və bəzi hallarda sağalması mümkün olub. Müqaisə üçün qeyd etmək lazımdır ki, 10 il öncə bu xəstəlik üzrə Dövlət Proqramı yox idi və cəmi 3 adda dərman preparatı humanitar yardım çərçivəsində yalnız 400-ə yaxın xəstəyə verilirdi".

G. Poladovun sözlərinə görə, vərəmin diaqnostikasının yaxşılaşdırılması, dərmanlara davamlı xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunub: "Belə ki, son 10 il ərzində qeydiyyatda olan vərəmli xəstələrin sayı hər 100 min nəfərə 121,4-dən 88,1-ə qədər azalıb, bu xəstəlikdən ölüm halları 8,4-dən 4,5-ə enib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31