Bu il Azərbaycanda 2 milyona yaxın ağac əkilib
Bu il Azərbaycanda 2 milyona yaxın ağac əkilib
30 Dekabr 2019 15:50 Sosial650 min ağacın əkildiyi ərazilərin monitorinqi yekunlaşıb
Dekabrın 30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2019-cu il ərzində ekologiya sahəsində görülmüş işlərlə bağlı media nümayəndələri ilə görüş keçirilib.
Olaylar.az xəbər verir ki, tədbirdə il ərzində meşə və qeyri-meşə fondu ərazilərində salınan yaşıllıqlar; 650 min ağacın əkildiyi ərazilərdə keçirilən monitorinqlərin nəticələri; Milli parkların fəaliyyətində innovasiyaların tətbiqi, mili parklar haqqında çap olunmuş yeni kiatbın təqdimatı; Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, 2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində ölkənin meşə və qeyri-meşə sahələrində ümumilikdə 1 milyon 764 min 356 ağac əkilib: "Ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, rayon icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə əkilib. 2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara ümumilikdə 1 322 649 müxtəlif cinsli ağac tingi paylanılıb".
YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, Yeni Azərbaycan Partiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət monitorinq qrupu Azərbaycanda bir gündə 650 min ağacın əkildiyi ərazilərin birinci monitorinqini başa çatdırıb: "Monitorinqlərin nəticələrinə əsasən, Şamaxı, Sabirabad, Saatlı, Gəncə və Bakı şəhərinin Nərimanov, Səbail, Xəzər, Xətai, Nizami rayonlarının ərazilərində əkilmiş ağaclara vaxtlı-vaxtında qulluq olunduğu, damcılı suvarma sistemi ilə təmin edildiyi və mütəmadi suvarıldığı müəyyən olunub.
Bir sıra rayonların ərazilərində isə əkilən ağacların, bəzi yerlərdə bərkidici dayaq olmadığından əyilməsi, dayaqların küləkdən sonra aşması müşahidə edilib: "Lakin çatışmazlıqlar tez bir zamanda aradan qaldırılıb. Hesab edirik ki, ağaclara ən yaxşı qulluq göstərildiyi ərazilər may-iyun ayında keçiriləcək ikinci monitorinqlərdən sonra məlum olacaq. İkinci monitorinq zamanı ağacların bitiş faizi müəyyənləşəcək, suvarma təminatının nəticələri görünəcək.
Ümumiyyətlə isə əkilmiş ağaclara göstərilən qulluq səviyyəsinə, suvarma şəraitinə daimi nəzarət olunması barədə YAP gənclər təşkilatının yerlərdəki nümayəndələrinə tövsiyələr verilib və bu iş mütəmadi olaraq davam etdiriləcək".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova vurğulayıb ki, bu ilin sentyabr ayından indiyədək 5 saylı ASAN xidmət vasitəsilə ovçuluq biletinin alınması üçün 545 müraciət olunub: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göstərilən bir sıra xidmətlər, o cümlədən ovçuluq biletinin alınması, dəyişdirilməsi bu ilin sentyabr ayından başlayaraq ASAN xidmət vasitəsi ilə həyata keçirilir. Bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsi, şəffaflığın artırılması, göstərilən xidmətlərin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunur. Otən müddət ərzində 5 saylı ASAN xidmət vasitəsilə ovçuluq biletinin alınması üçün 545 müraciət olunub. 294 müraciət ovçuluq biletinin istifadə müddətinin artırılması, 251 müraciət isə ovçuluq biletinin alınması üçün imtahanda iştirak etmək məqsədi daşıyıb".
Nazirlik rəsmisi onu da qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təhsil Nazirliyi ilə birgə orta məktəb şagirdləri üçün milli parklarda ekoloji maarifləndirmə tədbirləri çərçivəsində açıq dərslər təşkil etməyi planlaşdırır: "Açıq dərslərin ölkə ərazisindəki bütün milli parklarda təşkili nəzərdə tutulub. Şagirdlər məktəblərinə yaxın olan milli parklarda açıq dərslərdə iştirak edə bilərlər. Açıq dərslərin gələn ilin yanvar ayından başlayaraq il ərzində mütəmadi təşkil edilməsi gözlənilir. Bu açıq dərslərə mətbuat nümayəndələri də dəvət olunacaq. Bununla yanaşı, valideyn himayəsindən məhrum olan uşaqların da milli parklara səfərini təşkil etməyi nəzərdə tuturuq. Bu tədbirlərin keçirilməsində məqsəd uşaqları milli parklarla tanış etmək, onlarda uşaq yaşlarından təbiətə sevgi hissi formalaşdırmaqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron ərazilərində yaşıllıqların olmadığı yaşayış binalarının həyətlərində sakinlərin iştirakı ilə aksiya keçirməyi planlaşdırır: "Ağacəkmə aksiyalarının keçiriləcəyi ərazilər rayon icra hakimiyyətləri ilə birgə müəyyən ediləcək".
Nigar Orucova
Olaylar.az