AQTA jurnalistlər üçün seminar keçirdi

AQTA jurnalistlər üçün seminar keçirdi

Agentliklə yaxından əməkdaşlıq edən media nümayəndələri təltif olundu

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi  tərəfindən əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi işində fəal iştirak edən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün seminar keçirilib. Seminar çərçivəsində "Qida təhlükəsizliyində sahibkarların üzərinə düşən məsuliyyət", "Qida təhlükəsizliyi sahəsinə ictimai nəzarətin gücləndirilməsində medianın rolu", "Analitik Ekspertiza Mərkəzinin fəaliyyəti və bu sahədə edilən elmi-araşdırmalar" mövzularında çıxışlar olub.

Seminarı giriş sözü ilə açan Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev tədbir barədə məlumat verərək bu gün qida təhlükəsizliyi məsələsinin ən ciddi məsələ olduğunu deyib.  O, qeyd edib ki, ilkin mərhələdə insanları bu barədə məlumatlandırmağa üstünlük verilib: "Bu gün Azərbaycanda insanların ərzaq təhlükəsizliyi problemi yoxdur.  Ancaq 10-15 il əvvəl indiki vəziyyət mövcud deyildi. Azərbaycanda bu sahədə dövlət başçısının  atdığı addımlar,   həyata keçirdiyi tədbirlər nəticəsində bu sahədə vəziyyət müsbətə doğru dəyişdi,  Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Eyni zamanda qanunvericilik təkmilləşdirildi". Mansur Piriyev bildirib ki, bu işdə jurnalistlər də Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinə dəstək verib, cəmiyyəti məlumatlandırıb: "Düşünürük ki, qida təhlükəsizliyi gündəlik həyat tərzidir. Qida təhlükəsizliyinə kifayət qədər ciddi yanaşılmalı, hər bir fərd bu prosesə iştirak etməlidir".

Daha sonra çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin Baki regional bölməsinin rəisi Əkbər Əliyev deyib ki, istehlakçıların təhlükəsiz qida ilə təmin olunması başlıca vəzifədir.  Onun sözlərinə görə, sahibkarlar da bu istiqamətdə fəaliyyət göstərməli,   istehsalçıların təhlükəsiz qidalarla təmin olunması üçün məsuliyyətli olmalıdırlar. Əkbər Əliyev deyib ki, ötən müddət ərzində kütləvi informasiya vasitələri  Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinə ciddi dəstək verib. Əkbər Əliyev bildirib ki, kütləvi informasiya vasitələrində gedən materiallar ciddi şəkildə araşdırılır və lazımı tədbirlər görülür: "Sahibkarlarla keçirdiyimiz görüşlərdə onlara başlıca nöqsan kimi sahibkarın daxili nəzarətə ciddi diqqət yetirməməsi göstərilir.  Qida sahəsində fəaliyyət göstərən əksər obyektlərdə keyfiyyətə nəzarət mexanizmi,  keyfiyyət üzrə mütəxəssisin olmamasıdır". Əkbər Əliyev onu da diqqətə çatdırıb ki,

"Qida təhlükəaizliyi haqqında" qanun layihəsi hazırlanıb və Milli Məclisdə qəbul ediləcək: "Həmin qanunda sahibkarların üzərinə müəyyən məsuliyyətlər qoyulur".

Qida Təhlükəsizliyi Agentliyinin rəsmisi kütləvi informasiya vasitələrində ticarət obyektlərində satılan yağlarla bağlı da silsilə yazılar yazıldığını da deyib. Əkbər Əliyev onu da vurğulayıb ki, media belə yazılar yazarkən diqqətli olmalı, məsələyə obyektiv mövqedən yanaşmalıdır".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Risklərin idarə olunması şöbəsinin müdiri Xalid Bayramlı günümüzdə əsas müzakirə mövzusu olan yağlarla bağlı məsələdən danışıb. O, palma yağı, kərə yağı adı altında satılan bir sıra yağların zərərlərindən söhbət açıb. Xalid Bayramlı süd və süd məhsulları barədə də ətraflı məlumat verib. Agentlik rəsmisinin sözlərinə görə, bəzi hallarda heyvanlara antibiotiklər o qədər vurulur ki, insan orqanizminə mənfi təsir göstərir: "Yaxud toyuq və toyuq məhsulları ilə bağlı apardığımız araşdırma çox təhlükəli faktların üzə çıxmasına səbəb olub. Belə ki, kənd çolpaları adı ilə satılan toyuq məhsullarına sarı rəngdə ayaqqabı boyasının vurulduğu müəyyən edilib. Hansı ki, həmin boyalar da Çin istehsalıdır. Yaxud qəndi ağartmaq üçün divarların ağardılması zamanı istifadə edilən məhsullardan istifadə olunur". Xalid Bayramlı marketlərdə satılan süd və süd məhsullarının tərkibinin nə dərəcədə insan orqanizmi üçün təhlükəsiz olub olmamasına da aydınlıq gətirib. Bildirib ki; buna ilk növbədə istehsalçı maraqlı olmalı və istehsal prosesinə ciddi nəzarət etməlidir.

Seminardan sonra il ərzində Qida Təhlükəsizliyi Agentliyi ilə səmərəli əməkdaşlıq etdiyinə görə, bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri Agentliyin rəhbəri Qoşqar Təhməzli tərəfindən təltif edilib.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31