“Xanım Taksi” təqdim edildi - FOTO

“Xanım Taksi” təqdim edildi - FOTO

Bu gün "Kitabevim.az" mağazasında yazıçı Azər Qismətin "Xanım Taksi" adlı kitabının təqdimat mərasimi keçirilib.

Olaylar.az xəbər verir ki, "Xanım Taksi" Biz Klub layihəsinin sayca 4-cü kitabıdır. Azər Qismət Azərbaycanda daha çox novella ustası kimi tanınır. "Xanım taksi" kitabındakı novellalarda müxtəlif insanların üzləşdiyi situasiyalar, həmin vəziyyətlərdən çıxmaq manevrləri incə yumorla təsvir edilib. Azər Qismət satirası hələ tələbəlik illərindən ssenari müəlllifi olduğu UŞU Şən və Hazırcavablar Klubundan geniş ictimaiyyətə təqdim edilməyə başlanıb. Onun novellaları əsasında telekanallarda səhnəciklər ifa edilib.

Bu, müəllifin oxucularla 3-cü gorüşüdür. Onun "Duman" kitabı, "Çuğullar" romanı işıq üzü görüb.

Tədbirdə çıxış edən kitabın redaktoru Nicat Həşimzadə bildirib ki, keçən il bu gün Azər Qismətin sayca ikinci olan "Çuğullar" romanının təqdimatına toplaşmışdıq: "Bu gün müxtəlif janrlarda kitablar yazılır. Azər Qismətin belə müəlliflərdən fərqi odur ki, onun özünə məxsus üslubu var. Yaradıcı bir insan üçün öz dəsti-xəttinin olması çox önəmlidir. Bu kitabda mənə ən çox təsir edən hekayə "Məğlub itləri dənizdə yumazlar" oldu. Düşünürsən ki, tarix keçsə də insanın təbiəti eyni olaraq qalır. Bu hekayədə də aydın olur ki, insanlar bir ucuz xoşbəxtlikdən ötrü necə işlər görürlər".

N. Həşimzadə Azər Qismətə yaradıcılığında uğurlar arzulayıb.

Kitabın müəllifi Azər Qismət tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Müəllif qeyd edib ki, ilin əvvəlində bir əsrini itirdiyi üçün ruh düşükünlüyü yaşayıb lakin Nicat Həşimzadə və Nemət Mətininin təklifindən sonra hekəyələrdən ibarət kitab çıxarmaq qərarına gəlib. Müəllif kitabın ərsəyə gəlməsində əziyyəti olan hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azər Qismət hal-hazırda AzTv-nin Ədəbi-Dram departamentinin baş redaktoru kimi fəaliyyət göstərir. 2016-cı ildə 400 nəfərin qatıldığı hekayə müsabiqəsində 1-ci yer tutub. Rusiyanın "Sodrujestva" müsabiqəsində 2-ci yer tutmaqla, əsərləri həmin ölkənin almanaxına salınıb. Hekayə və novellaları Ukrayna, Belarus, İran, Çexiya, Yaponiyanın ədəbi portallarında dərc edilib.

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31