İlahiyyat İnstitutunun tələbələri Katolik Kilsəsini ziyarət ediblər
İlahiyyat İnstitutunun tələbələri Katolik Kilsəsini ziyarət ediblər
28 Dekabr 2019 15:34 SosialAzərbaycan İlahiyyat İnstitutunun (Aİİ) I kurs tələbələri "Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi" Katolik Kilsəsini ziyarət ediblər. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tələbələrə "Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi" Katolik Kilsəsi və ümumilikdə, Azərbaycanda Xristianlıq tarixi haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, bütün dini icmalara bərabər şərait yaradıldığı kimi, Azərbaycanın katolik icmasına da qayğı göstərilir və katoliklər üçün kilsə yenidən bərpa olunub.
Daha sonra bildirilib ki, "Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi" Katolik Kilsəsinin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. Burada eyni vaxtda 250-300 nəfərin ibadət etməsi üçün şərait yaradılıb. Kilsənin rəsmi açılış mərasimi isə Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertonenin 2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində baş tutub.
Mərasimdə Azərbaycan Respublikası Katolik Kilsəsinin Apostol Prefekturası Dini Qurumunun təmsilçisi Yozef Marek xristianların inanc əsasları və ibadətləri, Azərbaycanda xristian icmalarının vəziyyəti, dini tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqliliklərin birlikdə yaşama təcrübəsi mövzularında tələbələrin suallarını cavablandırıb.