Şirvanda mütəşəkkil dəstə zərərsizləşdirildi - Əməliyyat
Şirvanda mütəşəkkil dəstə zərərsizləşdirildi - Əməliyyat
28 Dekabr 2019 15:15 SosialŞirvan şəhərində 6 nəfərin həbs edilməsi barədə əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Şirvan şəhəri ərazisində sement və armatur istehsal edən MMC-nin nümayəndəsi dekabrın 27-də Şirvan şəhər polis şöbəsinə ərizə ilə müraciət edib. O, cari ilin sentyabr ayından dekabr ayının 26-dək olan müddət ərzində MMC-nin həyətindən ümumi dəyəri 19440 manat olan dəmir, əlvan metalların və istehsal avadanlıqlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.
Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Müseyib Zeynalov,Süleyman Ağayev, İsmayıl Əmənov, Tural Yusifov və yetkinlik yaşına çatmayan 2 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Şirvan şəhər polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.