Ədliyyə fəaliyyəti dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşir

Ədliyyə fəaliyyəti dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşir

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, 2019-cu il respublikamızın hərtərəfli tərəqqisi və xalqımızın rifahı naminə uğurlu islahatlar ili kimi yadda qalır. Ölkəmiz Ulu Öndər Heydər Əliyevin yolu ilə gedərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin güclü siyasi iradəsi və yorulmaz fəaliyyəti sayəsində daha da inkişaf edir və möhkəmlənir. Kollegiyada nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə olunub. Nazir və digər natiqlər dövlət başçısının həyata keçirdiyi çoxşaxəli islahatların, həmçinin ədliyyə və məhkəmə sistemini əhatə etdiyini vurğulayaraq, cari ildə ədliyyə fəaliyyətinin müasirləşdirilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrası, istintaq, probasiya və penitensiar sahədə işin səmərəliliyinin artırılması, innovasiyaların və rəqəmsal texnologiyaların tətbiqi üzrə görülən tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, ədliyyə və məhkəmə sisteminin inkişafı ilə bağlı ölkə Prezidentinin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı müstəsna əhəmiyyət kəsb edir. Bu sahədə mühüm "yol xəritəsi" olan Fərmanın icrası çərçivəsində ötən dövrdə kompleks tədbirlər həyata keçirilib, ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən 40-dək normativ aktın layihələri işlənib hazırlanıb və dövlət başçısının qanunvericilik təşəbbüsü ilə artıq bir sıra yeni qanunlar qəbul edilib. Sonda bir sıra qeyri-hökumət təşkilatları dövlət qeydiyyatına alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31