“Biz artıq Azərbaycan haqqında reallıqları dünya ictimaiyyətinə çatdıra bilirik” – İlham Əliyev
“Biz artıq Azərbaycan haqqında reallıqları dünya ictimaiyyətinə çatdıra bilirik” – İlham Əliyev
27 Dekabr 2019 16:24 SosialAzərbaycan ictimai fikir və sivil düşüncə tarixinin bu işıqlı səhifəsi çoxəsrlik milli-mədəni dəyərlər sisteminə yeni ruh, yeni meyarlar gətirdi. Sivil cəmiyyətlərdə fərdlə toplum arasında anlaşma və informativ əlaqə vasitəsi kimi təzahür edən mətbuat kütləviləşməyə başladığı həmin dövrdə ayrı-ayrı dövlətlərin ictimai-siyasi və mədəni həyatının zəruri atributlarından birinə çevrilməkdə idi. Rusiya imperiyasının ucqar əyaləti kimi mərkəzin aqrar əlavəsinə çevrilmiş Azərbaycanda xəlqi mətbuatın yaranması, əslində, milli özünüqoruma və regenerasiya prosesinin zəruri, qarşısıalınmaz bir aktı idi.
Rusiya imperiyasında ilk universitet təhsili almış azərbaycanlı Həsən bəyin milli teatrın əsasını qoyduqdan 2 il sonra milli mətbuat orqanını da yaratması itirilmiş dövlətçiliyin milli-mədəni gerçəklikdə gizlənmiş kodunun şifrəsinin açılması, sıxılmış enerjinin impulsivləşməsi əlamətləri idi. İlkin maarifçilər A.Bakıxanov və M.Ş.Vazehdən böyük ictimai xadim, filosof və ədib M.F.Axundova ötürülmüş milli ideya və özünüifadə məramı H.Zərdabinin xələfliyində cəmiyyətdə geniş intişar tapmağa başladı.
Milli jurnalistikamız dövlət müstəqilliyinin bərpası dövründə fəal informasiya-məfkurə savaşı aparsa da, suverenliyin ilk illərində söz azadlığının yaratdığı imkanlardan bacarıqla istifadə edə bilmədi. Sovet sisteminin himayəsində yaranmış ələbaxımlıq və sözəbaxımlıq psixologiyası mediamıza yeni demokratik cəmiyyətdə layiqli yerini tutmasına xeyli dərəcədə mane oldu. Qısa müddətdə çoxlu sayda qəzet-jurnal qeydə alınsa da, onların böyük əksəriyyəti davamlı fəaliyyət göstərə bilmədi.
Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətin rəhbərliyinə gəlişi həyatın bütün sahələrində əsaslı islahatlar yolu ilə yeni demokratik sistemə transformasiyanı təmin etdiyi kimi, azad mətbuatın prinsiplərinin reallaşmasına, medianın problemlərinin həllinə də böyük kömək etmiş oldu. 1996-cı ildə hərbi senzuranın, 1998-ci ilin avqustunda isə bütövlükdə senzuranın ləğvi söz azadlığını yeni yola çıxardı. Qəzet-jurnalların nəşrinə lisenziyanın aradan qaldırılması, mətbuata dövlət nəzarətinin özünüidarə mexanizmi ilə əvəzlənməsi - Mətbuat Şurasının yaradılması da ulu öndərin jurnalistikamıza tarixi xidmətləri sırasındadır. Prezident Heydər Əliyev KİV-in inkişafının demokratik qanunçuluq bazasını təmin etməklə, onun fəaliyyəti üçün əlverişli şərait yaratmaqla, problemlərin həllinə konkret yardımlar göstərməklə Azərbaycan jurnalistikasının yeni yola çıxmasına tarixi töhfələr verdi.
Bu gün ölkəmizdə söz və mətbuat azadlığı var. Müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də böyük problemlər mövcud idi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, medianın inkişafında da böyük üfüqlər açıldı. O, ölkə həyatının digər sahələrində olduğu kimi, milli mətbuatımızda yaranmış problemləri də uğurlu və düşünülmüş siyasəti sayəsində aradan qaldırmağa başladı. Ölkənin müvafiq qanunvericilik aktlarında dəyişikliklər edildi və Azərbaycan söz və mətbuat azadlığının təmin olunması ilə əlaqədar mövcud beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman mediamızın azad və müstəqil fəaliyyət göstərməsi istiqamətində ciddi əhəmiyyət daşıdı. Bu fərmanla mətbuata nəzarət edən baş idarə ləğv olundu. Həmçinin həmin sənəddə ölkəmizdə fəaliyyət göstərən aparıcı mətbu orqanların maddi-texniki imkanlarının gücləndirilməsi və s. kimi məsələlər də öz əksini tapdı.
Dahi şəxsiyyət Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən addımları sırasında 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" qanunu təsdiqləməsi xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı. "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" təsdiq olundu. Vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, məlumat azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunlar qəbul etməklə KİV-in fəaliyyətinin genişləndirilməsi təmin edildi. 15 mart 2003-cü ildə Jurnalistlərin I Qurultayında jurnalistlərin qeyri-hökumət təşkilatı olan, özü-özünü tənzimləyən Mətbuat Şurası yaradıldı.
Ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən medianın inkişafına yönəlmiş əhəmiyyətli addımlar atmaqla bu siyasətə sadiq olduğunu təsdiqlədi. Son on beş ildə dövlət başçısı İlham Əliyevin bu sahənin inkişafına xidmət edən addımlarına nəzər salmaq yetərlidir ki, mətbuatın daha da gücləndirilməsi, inkişaf etdirilməsi, peşəkar fəaliyyət göstərməsi üçün görülən böyükmiqyaslı işlərin şahidi olaq. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin yolunu davam etdirərək "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nı təsdiq etdi və medianın inkişafına dəstəyi dövlət siyasəti səviyyəsinə qaldırdı. 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu günə qədər azad medianın inkişafına öz önəmli töhfələrini verir. "Əməkdar jurnalist" adının bərpa olunması, "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamlar, mətbuatın 130, 135 və nəhayət, 140 illik yubileylərinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması atılan addımlar sırasındandır. Bütün bular medianın inkişafına dövlət qayğısının ən bariz göstəricisi olmaqla yanaşı, söz və mediaya verilən dəyər, fikir və ifadə azadlığına göstərilən diqqətdir və "Azərbaycan" qəzeti müstəqilliyimizin qeyri-rəsmi atributu olaraq daim bu inkişafın təqdimatında başlıca tribuna kimi öz vəzifəsini uğurla yerinə yetirməkdədir.
Dövlət başçısının mətbuatda milli maraqların qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması ilə bağlı fikirləri də obyektiv reallığa söykənir. Bu zərurət yalnız Azərbaycanın müharibə şəraitində yaşaması, ərazilərinin 20 faizinin işğal altında olması ilə şərtlənmir. Nəzərə almalıyıq ki, hazırda bütün planeti təsiri altına alan qloballaşma prosesi bir sıra mütərəqqi cəhətləri ilə yanaşı, xalqların tarixən formalaşmış dəyərlər sisteminə təhdidlər doğurur. Belə bir şəraitdə KİV-də milli-mənəvi və əxlaqi dəyərlərə lazım olduğundan daha az diqqət yetirilməsi mənəvi aşınma prosesinə rəvac verə bilər. Milli-mənəvi dəyərlərin, mütərəqqi adət-ənənələrin qorunması zərurəti həm də çeşidli dünyagörüşü və həyat tərzinin, mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın milli-etnik tərkibi etibarilə dünyanın tolerant dövlətlərindən biri olması ilə bağlıdır. Xalqımız yalnız zəngin milli-əxlaqi keyfiyyətlərini, milli "Mən"ini, heysiyyətini qorumaqla gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirə, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edə bilər.
Prezident İlham Əliyev bədnam erməni təbliğatına qarşı mübarizədə Azərbaycan mətbuatının rolunu hər zaman yüksək qiymətləndirmiş, respublikamızın bu sahədə mühüm uğurlara imza atdığını demişdir: "Əlbəttə ki, mən bu sahədə dövlət siyasəti ilə bərabər, media qurumlarının fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Biz artıq Azərbaycan haqqında reallıqları dünya ictimaiyyətinə çatdıra bilirik. Bizim artıq mövcud olan mətbuat resurslarımız, Azərbaycanın dünyadakı dostlarının sayının artması buna imkan verir. Bilirsiniz ki, Azərbaycan indi enerji təhlükəsizliyi, regional təhlükəsizlik üçün çox önəmli ölkədir. Bəzi hallarda bizim fikrimiz, rəyimiz və addımlarımız həlledici xarakter daşıyır. Təsadüfi deyil ki, Azərbaycanla dostluq münasibətləri qurmaq istəyənlərin sayı artmaqdadır. Bu da bizim informasiya resurslarımızdır. Son illərdə onlarla səfirlik açılmışdır. Azərbaycanın dünyada əllidən yuxarı səfirliyi vardır. Bu da bizim informasiya resurslarımızdır".
Azərbaycan Prezidenti ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir