Uşaq əməyinin istismarı-müasir dünyanın qlobal problemlərindən biri kimi- Təhlil
Uşaq əməyinin istismarı-müasir dünyanın qlobal problemlərindən biri kimi-Təhlil
27 Dekabr 2019 13:33 Sosialİnsan alveri, uşaq əməyinin istismarı, orqan alveri kimi mənfi tendensiyalar günümüzdə bəşəriyyətin üzləşdiyi problemlər sırasındadır. Hər nə qədər qeyd edilən neqativ hallara qarşı beynəlxalq səviyyədə mübarizə aparılsa da, lakin ümumilikdə bu problemləri tamamilə aradan qaldırmaq mümkün olmur. İnsan alveri kimi xüsusilə də uşaq əməyinin istismarı da günümüzdə dünya üzrə geniş yayılmaqdadır. Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aygün Yusibova qeyd edilən problemlər əlaqədar geniş araşdırma aparıb və araşdırma nəticəsində maraqlı faktlar ortaya çıxıb. Araşdırmada qeyd edilir ki, müasir dünyada qlobal problemlərdən biri də uşaq əməyinin istismarıdır. Qeyd edilir ki, bu gün dünyada 5-17 yaş arası 218 019 (13.8%) milyon uşaq məşğulluğu var. Bunlardan 123 190 milyonunu oğlanlar, (15.0%), 94 829 milyonunu isə qızlar təşkil edir(12.4%). Dünyada uşaq məşğulluğunun regional bölgüsü üzrə 1-ci yeri Afrika, 2-ci yeri Asiya və Sakit Okean, 3-cü yeri Amerika, 4-cü yeri Avropa və Orta Asiya, 5-ci yeri isə Ərəb ölkələri tutur: "Göründüyü kimi, dünyada uşaq əməyinin yarısı Afrikanın payına düşür. Məcburi uşaq əməyi Afrikanın bir çox regionunda geniş yayılıb və bu, uşaqları uzaq şəhərlərdə yaşayan qohumlara qəyyumluğa vermə kimi ənənəvi praktikaya əsaslanır. Valideynlərinə uşaqlarının təhsil almalarına dair vədlərin verilməsinə baxmayaraq, bir çox çox hallarda oğlanlar və qızlar ev qulluqçuları kimi kənd və balıqçılıq təsərüffatında və ya digər sahələrdə qəddarcasına istismar olunurlar. Amma məcburi uşaq əməyi təkcə Afrika üçün xarakterik deyil. Asiya və Sakit Okeanda isə hər 10 uşaqdan 9-nun əməyi istismar olunur. 2000-ci ildən bu yana dünyada uşaq əməyinin sayı 40 faiz azalsa da, 152 milyon (9.6%) uşaq hələ də məcburi əməyin qurbanıdır. Bunun 73 milyonu təhlükəli işlərdə işləyir". Aygün Yusifova qeyd edir ki, Afrikada 5 azyaşlıdan biri uşaq əməyinin qurbanıdır, digər regionlarda isə bu göstərici 3-7% arasında dəyişir: "Belə ki, ərəb ölkələrində 35, Avropa və Mərkəzi Asiyada 25, Amerikada 19, Asiya və Sakit Okeanda isə 14 uşaqdan birinin əməyi istismar olunur. Aparılan araşdırmalara əsasən, dünyada işləyən uşaqların 48%-i 5-11, 28%-i 12-14, 24 %-i 15-17 yaş arasındadır. İşləyən uşaqların 88 milyonunu (58%) oğlan, 64 milyonunu isə (42%) qızlar təşkil edir. Uşaqların 70,9%-i kənd təsərrüfatında, 11,9%-i sənayedə, 17,2%-i isə xidmət sahələrində çalışır. Araşdırmalar göstərir ki, dünyanın ən kasıb ölkələrində hər 4 uşaqdan biri məcburi əməyin qurbanıdır. Qeyd etmək lazımdır ki, bu ölkələr daxilində kasıb uşaqlar zəngin tərəfdaşlarından daha çox işləməyə məcburdurlar. İşləmək məcburiyyətində qalan kasıb uşaqlara dair məlumatların statistik təhili göstərir ki, onlar zəngin tərəfdaşlarından orta hesabla 3 dəfə çox işləyirlər. Məsələn, Nepal və Toqoda kasıb uşaqlarla zəngin uşaqların əməyinin dərəcələri arasında 5 dəfə fərq var. Vyetnamda ən yoxsul uşaqlar zəngin tərəfdaşlarından 8 dəfə artıq işləmək qabiliyyətinə malikdir. Monqolustanda isə bu nisbət 9 dəfə böyükdür. Buradan da belə nəticəyə gəlmək olar ki, uşaq əməyinin istifadə arenası zəif inkiaf etmiş ölkələrlə məhdudlaşmır. Bu gün dünyada bütün işləyən uşaqların yarıdan çoxu (84 milyon) inkişaf etməkdə olan ölkələrdə, 2 milyonu isə yüksək gəlirli ölkələrdə yaşayır. Statiskaların təhlili göstərir ki, uşaq əməyinə qarşı mübarizə heç də yalnız zəif inkişaf etmiş ölkələrlə məhdudlaşmamalıdır. Dünyada təhlükəli işlərdə işləyən uşaqların dörddə birini (19 milyon) 5-11 yaş arası uşaqlar təşkil edir. Ancaq son dövrlərdə uşaq əməyi ilə bağlı ən sürətli inkişaf 5-17 yaş arası (38 milyon) üzrə qeydə alınıb. Bunun da 24 milyonu oğlan, 14 milyonu qızdır. 5-14 yaş arası işləyən uşaqlar kənd təsərrüfatında 78.0%, sənaye 7.4%, xidmət 14.5% təşkil edir".
Araşdırmalar göstərir ki, uşaq əməyi ilə münaqişələr arasında güclü korelyasiya var. Xüsusilə də münaqişədən təsirlənən ölkələrdə uşaq əməyi orta hesabla 77%, təhlükəli işlərdə uşaq əməyinin göstəricisi isə 50 % -dən yüksəkdir. Bu səbəblə də hazırda uşaq əməyi bir çox ölkələrdə təhsilin qarşısında duran əsas maneələrdən biri hesab edilir (Kolumbiya, Demokratik Konqo Respublikası, Pakistan Şrilanka, Tacikistan). Təkcə uşaq əməyinin 40 faizdən yüksək olduğu Afrikanın 9 ölkəsindən biri xaric hamısı kövrək və müharibədən təsirlənmiş ölkələrdir. 2000-ci ildə dünyada işləyən 245,5 milyon əməkçi uşağın 2004-cü ildə 222,2 milyon, 2008-ci ildə 215,2 milyona, 2012-ci ildə 167,9 milyona, 2016-cı ildə bugünkü səviyyəsi 151,6 milyona kimi geriləyib.
Aygün Yusifovanın qənaətincə, dünyada olduğu kimi, uşaqların erkən yaşda məcburi əməyin qurbanına çevrilməsi problemi Azərbaycandan da yan ötməyib. Onun sözlərinə görə, dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə müqayisədə bu problem ölkəmizdə kütləvi xarakter daşımasa da, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorunun ötən il üzrə illik hesabatı Azərbaycanda uşaqların məcburi əməyin qurbanına çevrilməsinin potensial təhlükə olaraq qaldığını göstərir: "Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş tədbirlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən olunub. Övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 207 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Keçirilən monitorinqlər nəticəsində baxımsız qalmış 75 yetkinlik yaşına çatmayana və onların valideynlərinə ixtisaslı hüquqi və psixoloji yardımlar göstərilmiş, həmçinin övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 143 uşağın hər biri sosial yardımlarla əhatə olunub. Bundan başqa, "Save the Children" təşkilatının 2018-ci il reytinqində də 175 ölkə arasında 841 xalla 89-cu yeri tutan Azərbaycanda 2012-2017 illərdə 5 yaşınadək uşaqlarda böyümənin ləngiməsi halları 18 faiz, məktəb yaşında uşaqlar arasında təhsildən yayınanlar 4,6 faiz, uşaq əməyi göstəricisi isə 6,5 faiz olub. Münaqişələr səbəbindən daimi yaşayış yerlərini tərk etməyə məcbur olan uşaqlara dair bölümdə Azərbaycanın göstəricisi 6.4 faiz təşkil edib. Uşaqların vəziyyəti ilə bağlı dünya üzrə durum keçən ilə nisbətən yaxşılaşsa da, irəliləyişin sürətinin istənilən səviyyədə olmadığı vurğulanıb. Qeyd edək ki, BƏT-in hesabatlarında Azərbaycanda uşaq əməyinin istismarı ilə bağlı ümumi göstəricilər Orta və Qərbi Asiya regionu daxilində göstərilib. Azərbaycanla yanaşı, Ermənistan, Gürcüstan, Kipr, İsrail, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da orada yer alıb. Aparılan tədqiqatlarda Azərbaycanın da daxil olduğu region uşaq əməyinin istismarına görə 4-cü yerdə qərarlaşıb. Statiskalardan Azərbaycanda işləyən uşaqların əmək bölgüsü tam bəlli olmasa da, uşaq əməyindən daha çox kənd təsərrüfatı, sənaye və xidmət sahələrində, pambıq tarlalarında istifadə edildiyi qeyd edilir. Tədqiqatlar göstərir ki, Azərbaycanda uşaq əməyi daha çox 5-11 yaş arası uşaqlar arasında qeydə alınıb. Azərbaycanda əmək qanunvericiliyi üzrə işçi statusu yalnız 15 yaşı tamam olmuş şəxslər üçün əldə edilir. Konstitusiyanın 17-ci maddəsinə əsasən, uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına töhlükə törədə bilən fəaliyyətə cəlb edilmələri qadağan olunur, həmçinin 15 yaşına çatmamış uşaqlar onların təhsilinə, yaşayış tərzinə və sağlamlığına təsir edə biləcək işlərlə məşğul ola bilməzlər. Əmək Məcəlləsinin 12-ci maddəsinin tələblərinə əsasən, 15 yaşına çatmamış şəxsləri işə götürənlər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilirlər. Qanunda eyni zamanda azyaşlıları işə cəlb edənlərin məsuliyyət daşıdığı da bildirilir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, əmək müqaviləsi işçi və işəgötürən arasında bağlanır və 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Əmək Məcəlləsinin 38-ci fəslində tənzimlənən əmək münasibətləri 15-18 yaş aralığı işçilərə şamil edilir. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır. Uşaq əməyinin istismarının qarşısının alınması dedikdə, 15 yaşından yuxarı uşaqlarla əmək müqaviləsi bağlanılmadan onların qeyri-leqal işlədilməsi də nəzərə alınmalıdır. Çünki uşaq əməyi insan hüquqlarını pozan istismar növüdür və bu beynəlxalq ictimaiyyətin və bütün ölkələrin uşaq əməyinin aradan qaldırılması üçün bəyan edilmiş siyasətidir".
Füzuli
Olaylar.az