“Günəşin axtarışında” beynəlxalq işçi qrupu hesabat verdi

“Günəşin axtarışında” beynəlxalq işçi qrupu hesabat verdi

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında "Günəşin axtarışında" beynəlxalq işçi qrupun 2018-2019-cu illərə dair fəaliyyətinin hesabatı təqdim olunub.

Olaylar.az xəbər verir ki, Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisi, UNESCO kafedrasının dosenti Rizvan Hüseynov öz çıxışında ölkə rəhbərliyinin milli irsin araşdırılması və qorunmasına dair iradəsini əks etdirən məsələlərə toxunaraq, bu sahədə beynəlxalq standartlara cavab verən Azərbaycan qanunvericilik bazasını təqdim edib.

Hesabatı səsləndirən natiq yerli iş adamlarının dəstəyi ilə 80-dən artıq ekspedisiya, təşkil olunmuş tədbirlər, müxtəlif formatda ictimai məlumatlandırmalar barəsində məlumat verib, bir neçə mədəni abidənin dağıdılmasının işçi qrup tərəfindən qarşısının alınmasını diqqətə çatdırıb.

Mərkəzi Elmi Kitabxananın direktoru t.ü.f.d. Leyla İmanova MEK-in müzakirə olunan beynəlxalq layihə üçün baza təşkilat kimi çıxış etməsindən, MEK-in müasir standartlara cavab verən formatda hazırlanmış və UNESCO tərəfindən layihə üçün təsdiq edilmiş elektron kataloqundan, kataloqun informasiya baxımından kifayət qədər tutumlu olmasından danışıb.  L.İmanova bildirib ki, "Günəşin axtarışında" işçi qrupu və Vətəndaş təşəbbüsü qrupu (VTQ) tərəfindən təqdim olunmuş 100-ə yaxın abidə haqqında məlumat sistemləşdirilib və e-kataloqda fotolar da daxil olmaqla e-bazada yerləşdirilib.
Tədbirdə ekspertlərə, "Günəşin axtarışında" qrupu və VTQ üzvlərinə, eləcə də MEK əməkdaşlarına milli-mədəni irsin öyrənilməsi, sistemləşdirilməsi və qorunması işinə verdiyi töhvəyə görə təşəkkürnamələr təqdim olunub. 

Hesabatla UNESCO-nun saytında ingilis və  rus dillərində də tanış olmaq mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31