Metropolitendən sərnişinlərə Yeni il sürprizi

Metropolitendən sərnişinlərə Yeni il sürprizi

Qatarlar saat 1-dək işləyəcək

Ənənəsinə sadiq qalan "Bakı Metropoliteni" QSC bu il də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərini xüsusi layihələrlə təbrik edəcək. Qurumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki,  sərnişin axınının sıx olduğu "İçərişəhər", "28 May", "Elmlər Akademiyası", "Koroğlu" və "Avtovağzal" stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb. Yeni il rəmzləri ilə bəzədilmiş retro vaqonlardan ibarət qatar bu dəfə də sərnişinlərin görüşünə gələcək.

Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız bu il də sərnişinlərlə görüşə gələcək. Bundan başqa  "İçərişəhər" stansiyasının vestibülündə paytaxt sakinləri və qonaqlarına maraqlı yeni il şousu təqdim ediləcək.  Yeni il şənliyi iki gün - dekabrın 29 və 30-da keçiriləcək.

Həmçinin iki gün ərzində "İçərişəhər" stansiyasının platformasında və retro vaqonlarda Yeni il rəmzlərinə bürünmüş metropolitençilər azyaşlı sərnişinlərə hədiyyələr paylayacaqlar.

Bu il "Bakı Metropoliteni" QSC bütün sərnişinlərinə daha bir yeni il sürprizi edəcək. Səsləri ilə bütün ölkədə məşhur olan mədəniyyət işçiləri qatarlarda stansiyaların elanlarını səsləndirəcəklər. Məşhurlar stansiyaları üç gün ərzində - dekabrın 30-dan yanvarın 1-dək elan edəcəklər.

Dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, sərnişinlər üçün metropolitenə giriş saat 01:00-a kimi açıq olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31