Son 30 il ərzində Azərbaycanda yağıntıların miqdarı azalıb
Son 30 il ərzində Azərbaycanda yağıntıların miqdarı azalıb
25 Dekabr 2019 18:00 SosialAzərbaycanın iki rayonunda operativ hava şəraitini təyin edən radar quraşdırılacaq
Bu gün Milli Hidrometrologiya Departamentində qış fəslinin necə keçəcəyi və iqlim dəyişmələrinin ümumi qiymətləndirilməsi mövzusunda brifinq keçirilib.
Olaylar.az xəbər verir ki, brifinqdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, Azərbaycanda hava anomal isti keçir: "Qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir. Havanın orta temperaturu çoxilik normadan 3-4 dərəcə yuxarı olmuşdur. Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olmuşdur ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir. Bununla yanaşı, son 20 ildə 2003-cü ilin 18 dekabr tarıxındə 22,5 dərəcə qeydə alınmışdur ki, bu da rekord göstəricidir. Çoxillik norma ilə müqaisədə yağıntının miqdarı da az olmuşdur. Əksər rayonlarda onların miqdarı aylıq normanın cəmi 6-54 faizini təşkil etmişdir. Yalnız Abşeron yarımadasında yağıntının miqdarı iqlim normasına yaxın olmuşdur- 76-115%".
Onun sözlərinə görə, əhalinin daha uzun müddətli proqnozlara marağını nəzərə alaraq, yanvar ayında gözlənilən hava şəraitinin ümumi tendensiyası haqqında danışmaq olar: "Adətən Bakıda havanın orta minimal temperaturu müsbət 2,4 dərəcəyə yaxın olur. Çoxillik məlumatlara əsasən 1961-ci ildən başlayaraq yalnız 4 dəfə (1964 г.-1,10С 1969г. - 0,40С 1972 г.-2,30С 1977 г.-1,20С) ortaminimal temperatur mənfi olub. Son 30 ildə isə yalnız bir dəfə 2008-ci ildə mənfi orta minimal temperatur qeydə alınmışdır (-1,4). Ümumiyyətlə, ölkə üzrə dağlıq və dağəyi rayonlarda şaxtalı günlərin, o cümlədə qarlı günlərin sayının azalması müşahidə edilir. Ümumdünya Meteorologiya Təşkilatının xüsusiləşdirilmiş mərkəzlərinin məlumatına əsasən bizim regionda temperatur rejimində müsbət anomaliyanın üstünlüyü, yağıntıların isə, bəzi şərq rayonları istisna olmaqla, normadan az olacağı gözlənilir".
Direktor bildirib ki, son 30 il ərzində Azərbaycanda yağıntıların miqdarı azalıb. Yağıntıların ən çox azalması qərb bölgəsində müşahidə olunub: "Ölkə üzrə 1992-2019-cu illər üzrə olan gündəlik məlumatlar təhlil edilib. Climpact modelinə əsasən, göstərilən dövr ərzində Böyük və Kiçik Qafqazda şaxtalı, qarlı günlərin sayının azaldığı müəyyən edilib. Xüsusilə Şəki-Zaqatala bölgəsində, Qəbələdə, Kiçik Qafqazda, Daşkəsən-Gədəbəy zonasında şaxtalı, qarlı günlərin sayı azalıb. Şaxtalı, qarlı günlərin sayının azalması ölkənin dağlıq ərazilərində dağ çaylarını qidalandıran çaylarda su ehtiyatının azalmasına səbəb olur. Son 10 ildə ölkədə əsas dağ çaylarının formalaşdığı ərazilərdə yağıntıların miqdarı orta hesabla 8,7 faiz azalıb".
Ümayra Tağıyeva hazırda Azərbaycana gətirilən ABŞ istehsalı olan iki dopler radarının quraşdırılması işlərinin aparıldığını deyib: "Radarlardan biri Şamaxıda, digəri isə Göygöl ərazisində quraşdırılacaq. Avadanlıqlar istifadəyə verilməmişdən əvvəl mütəxəssislər üçün bir aylıq təlimlər keçiriləcək. Bundan sonra, təxminən, gələn ilin birinci rübündə radarların istismara verilməsi nəzərdə tutulur. Radarlar vasitəsilə hava haqqında məlumatlar operativ şəkildə gün ərzində tez-tez yenilənəcək. Dövlət investisiyası çərçivəsində növbəti illərdə Şəkidə də daha bir radarın quraşdırılması mümkün olacaq. Radarların alınması prosesi 2023-cü ilədək davam edəcək. Bu radarlar qonşu ölkələrdən Azərbaycana daxil olan hava kütlələrini daha aydın izləməyə və daha operativ məlumat hazırlamağa imkan verəcək. Radarların quraşdırıldığı ərazilər seçilərkən bu amil də nəzərə alınıb".
Nigar Orucova
Olaylar.az