Restoranlarda məcburi çay dəstgahı satmaq doğrudurmu? - Açıqlama
Restoranlarda məcburi çay dəstgahı satmaq doğrudurmu? - Açıqlama
23 Dekabr 2019 12:11 Sosial"Kafe və restoranlar üçün xüsusi qaydalar yoxdur. Lakin Nazirlər Kabinetinin bunu tənzimləyən 94 saylı qərarı var".
Bunu Teleqraf.com- açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov deyib.
Birlik sədrinin sözlərinə görə, bəzi məqamlar var ki, istehlakçı hüquqları pozulsa da, qərar olmadığı üçün problemlər həll olunmur: " Market, restoran və kafelərdə müştərilərlə davranmaq qaydalarına dair heç bir qərar yoxdur və böyük problem yaşanır. O cümlədən, dəstgahla çay servis edilməsi, mütləq xanımla gəlmək lazımdır, əcnəbi deyilsənsə məkana buraxılmamaq kimi anormal hallar baş verir.
Marketlərdə çantaların yoxlanılıb saxlanılması da bu siyahıya daxildir. Bu sahədə böyük istehlakçı narazılığı var. Dəfələrlə Nazirlər Kabinetinə kafe və restoranlar üçün daxili qaydaların təsdiq edilməsi ilə bağlı müraciət etmişik".
Eyub Hüseynov bilirib ki, iaşə obyektlərində menyuda qiymətlərin qeyd olunmaması da qanun pozuntusudur: "Bu Nazirlər Kabinetinin 94 saylı qərarının pozulmasıdır. İqtisadiyyat Nazirliyi bu sahədə araşdırma aparıb, cərimələr tətbiq etməlidir. Müştəri bu halla qarşılaşdıqda 191-2 qaynar xəttinə zəng edərək İqtisadiyyat Nazirliyinə və yaxud ərizə ilə Azad İstehlakçılar Birliyinə məlumat verməlidir".
Ekspert restoran kabinetlərində kameraların qoyulmasının hüquq pozuntusu olmadığını qeyd edib: "Restoran və kafelərin kabinetlərində kameraların quraşdırılması qanunla qadağan olunmayıb. Biz bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi ilə müzakirə aparmışıq. Bu onların şəxsi biznes ərazisidir, istədikləri qaydaları müəyyənləşdirə bilərlər.
Yaxşı olar ki, belə hallarda istehlakçıya kamera olması barədə məlumat verilsin. Bu, müştərinin istəmədiyi amil olsa da, istehlakçı hüquqlarının pozulması demək deyil".