BDU ilə “AzerGold” QSC arasında Əməkdaşlıq Protokolu imzalandı

BDU ilə “AzerGold” QSC arasında Əməkdaşlıq Protokolu imzalandı

Bakı Dövlət Universiteti ilə "AzerGold" QSC arasında əməkdaşlığa dair Protokol imzalanıb. Olaylar.az bildirir ki, protokolu BDU-nun rektoru Elçin Babayev və "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıb.

İmzalanma mərasimində çıxış edən rektor Elçin Babayev ölkədə qeyri-neft senayesinin inkişafı ilə əlaqədar həyata keçirilən dövlət siyasətinin müsbət nəticələrindən danışıb. "AzerGold" ilə əməkdaşlıq əlaqalərinə toxunan rektor Protokolun təhsilə və elmi-texniki inkişafa dəstək vermək, eləcə də faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və onların əmələgəlmə şəraitlərinin proqnozlaşdırılması, modelləşdirilməsi sahələrində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə vermək məqsədilə imzalandığını bildirib.

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qeyri-neft senayesinin inkişafı ilə əlaqədar görülən işlərin iqtisadiyyatın diversifikasiyası üçün geniş imkanlar açdığını bildirib. Qeyd edib ki, "AzerGold" dövlət başçısının Sərəncamından irəli gələn tapşırıqlara əsasən qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə sahənin ümumi inkişafını təmin edir.

BDU və "AzerGold" arasında imzalanmış Protokolda birgə əməkdaşlıq sahələri kimi faydalı qazıntı yataqlarının əmələgəlmə şəraitlərinin araşdırılması və yerləşmə qanunauyğunluqlarının tədqiq edilməsi, filiz nəzarətedici və yerləşdirici strukturlarının aşkarlanması və modelləşdirilməsi, proqnozlaşdırma kriteriyalarının işlənib hazırlanması, onların geoloji kəşfiyyat proseslərində tətbiqinin optimallaşdırılması və bu əsasda proqram təminatının hazırlanması kimi məsələlər nəzərdə tutulur. Birgə elmi-praktiki konfranslar və fikir mübadiləsi üçün işçi görüşlərin təşkili, Universitetin gənc mütəxəssislərinin və elmi-texniki personalının "AzerGold"un kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqatlar aparması üçün lazımi şəraitin yaradılması kimi məsələlər də Protokolda öz əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31