Azərbaycan Yazıçılar Birliyinin 85 illiyi təntənəli şəkildə qeyd olundu

Azərbaycan Yazıçılar Birliyinin 85 illiyi təntənəli şəkildə qeyd olundu

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) 85 illiyi təntənəli şəkildə qeyd olunub.

Olaylar.az bildirir ki, mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, AYB-nin üzvləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıblar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Azərbaycan Yazıçılar Birliyinin 85 illik yubileyi münasibətilə təbrik məktubunu oxuyub.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək rəhbəri olduğu qurumun fəaliyyətini yüksək qiymətləndirdiyi üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Ötən ilin dekabr ayında dövlətimizin başçısının qəbulunda olduğunu və bir neçə xahiş etdiyini söyləyən Azərbaycan Yazıçılar Birliyinin sədri vurğulayıb ki, Prezident bu xahişlərin hər birinə müsbət cavab verib.

Xalq yazıçısı vurğulayıb ki, ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra Yazıçılar Birliyi milli ədəbiyyatın, ana dilinin qorunub yaşadılmasında, azərbaycançılıq ideologiyasının formalaşmasında böyük xidmətlər göstərib. Təşkilat bu illər ərzində həmişə xalqımızın mədəniyyət tarixini və mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin bir çox qiymətli nümunələri ilə zənginləşdirib.

Tədbir bədii hissə ilə davam edib.

Gecədə Xalq şairləri Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə, Vahid Əziz, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi şeirlərini söyləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31