Bakının icra hakimiyyətlərinə tikintini qadağası

Ekspert: “Bakıda tikinti ilə bağlı bütün qərarlar bir mərkəzdən verilməlidir”

Ekspert: "Bakıda tikinti ilə bağlı bütün qərarlar bir mərkəzdən verilməlidir"

Bakı şəhər rayonlarının icra hakimiyyətlərinin bir sıra səlahiyyətləri ləğv edilib.  Bununla da icra hakimiyyətləri demək olar ki, tikinti sahəsindən kənarlaşdırılıblar.

Bununla da icra hakimiyyətləri demək olar ki, tikinti sahəsindən kənar, rüşvət almaq imkanından məhrum oldular. Belə ki, mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binaları, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılıq, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi sahəsində səlahiyyətləri ləğv edilib.

Ekspert Əzim Məsimov bildirib ki, əslində bu qərar çoxdan verilməli idi və "kiçik padşahlar"ın səlahiyyətlərinin məhdudulaşdırılması yerində atılan addımdır. 18 il Bakıda tikinti işlərinə rəhbərlik edən Ə. Məsimov hesab edir ki, Bakıda tikinti ilə bağlı bütün qərarlar bir mərkəzdən verilməlidir: "Tikinti anarxiyasını yaradan rayon icra başçıları ilə bağlı qərarlar olub. İndiyə qədər Badamdar kimi əraziləri icra başçıları və bələdiyyələr bu günə qoyublar. Eləcə də Bakıda Badamdardan da pis vəziyyətdə olan ərazilər var ki, orada harada gəldi tikintilər aparılıb. Bunun da günahkarları məlumdur. Bu işlər sanki canlı bir orqanizmdir və bunu da vahid mərkəzdən idarə etmək lazımdır. Hər yerindən duran hansısa regionda tikinti və ya söküntü işi apara bilməz. Bu, vahid mərkəzdən tənzimlənməlidir. Konkret olaraq Bakının baş planı hazırlanmalı və işlər də bu plana uyğun aparılmalı idi. Ancaq bir müddətdir ki, baş plana heç baxan da yoxdur. Yenisini hazırlayırlar, ancaq onun da nə zaman bitəcəyi məlum deyil. Baş plan olmadan necə gəldi aparılan işlərin nəticəsidir ki, bu gün Bakı küçələrində tıxac əlindən tərpənmək olmur. Piramida qaydası pozulub və yay aylarında insanlar havasızlıqdan əziyyət çəkirlər. Ən böyük nöqsanlardan biri də bütün bu funksiyaları Bakı Şəhər İcra Hakimiyyətindən alıb, başqa bir quruma verməkdir".

Ekspert bildirib ki, Bakı şəhər bələdiyyəsinin yaradılmasının zamanı çatıb: "Şəhərin bir cavabdehi olmalıdır. Bu, olmadığı üçün belə bir xaos yaranıb. Bakı şəhərinin problemi sadaladıqlarımdan ibarətdir. Deyirlər ki, yolu bələdiyyə çəksin. Ancaq bələdiyyənin nə pulu var, nə də bunu etmək üçün digər imkanları mövcud deyil. Ona görə də adicə yol çəkmək mövzusunda da xaos yaranır. Rayonlarda bələdiyyə varsa, Bakıda da Bakı bələdiyyəsi olmalıdır. Bu dəqiqə Bakıda sanki şəhərin idarə edilməsi üçün ikihakimiyyətlilik var. Həm bələdiyyələr, həm də icra hakimiyyətləri fəaliyyət göstərirlər. Bu, doğru deyil. Bələdiyyə icra başçısının bütün qara işlərini görür. Bu da doğru hal deyil. Ona görə də Bakıda ən böyük problem şəhərin struktur, təşkilati problemidir. "Kiçik padşahlar" torpağı satmaq, icazə verməklə məşğuldurlar. Necə ola bilər ki, Bakıda 470 bina qəbul olunmayıb. Bakının tikintisinə 18 il başçılıq etmişəm. Bir dənə belə bir hal olmayıb ki, hansısa bina tikilib, ancaq onu qəbul etməyiblər. Ev qəbul edilən zaman kommunikasiya məsələsi həll edilməlidir. İndi isə baxırsan ki, sistem pozulub ev tikilib, qəbul edilmir. Problem kifayət qədər ciddidir və bunu mütəxəssislər yığışıb, müzakirə etməlidirlər. Məsələni mən sizin qəzetinizlə daha öncədən də demişdim. İndi icra hakimiyyətlərinin səlahiyyətləri ləğv edilir. Ancaq bunu kimə verəcəklər, o, necə idarə edəcək, hələ ki məlum deyil. Bakı şəhəri xüsusi statusda olub və bütün problemini özü həll edib. İndi isə Bakı Şəhər İcra Hakimiyyətində problemi həll etmək üçün mütəxəssis yoxdur. Tikinti üzrə mütəxəssislər önə çəkilməli və Bakıda əsaslı işlər aparılmalıdır. Belə olmasa, Bakıdakı vəziyyət getdikcə daha da pisləşəcək. Son zamanlar atılan addımlar, struktur dəyişikliyi bizdə ümid yaradır ki, Bakının idarəsi də dəyişdiriləcək və problemlər öz həllini tapacaq"."Yeni Müsavat"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31