Nəsiminin 650 illiyinə həsr edilmiş “İki dünyanın şairi” adlı ədəbi-bədii gecə keçirilib

Nəsiminin 650 illiyinə həsr edilmiş “İki dünyanın şairi” adlı ədəbi-bədii gecə keçirilib

Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrası, Bakı Amerika Mərkəzi, "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin birgə təşkilatçılığı ilə ABŞ-dakı Vaşinqton Piano İncəsənəti Şurasının əməkdaşlığı çərçivəsində İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş "İki dünyanın şairi" adlı ədəbi-bədii gecə keçirilib.

Olaylar.az bildirir ki, universitetin elm və innovasiyalar üzrə prorektoru professor Novruz Məmmədov Nəsiminin Azərbaycan ədəbiyyatında xüsusi yeri olan ədib olduğunu deyib.

Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dosenti Şəhla Nağıyeva Nəsiminin yad edilməsi baxımından hər kəsin öhdəsinə mənəvi borc düşdüyünü deyib. Tədbirin ərsəyə gəlməsi prosesindən danışan Ş.Nağıyeva Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin ABŞ-dakı Vaşinqton Piano İncəsənəti Şurası ilə birgə təşkil etdiyi Nəsiminin "Sığmazam" fəlsəfi qəzəlinə amerikalı bəstəkar Andreü Celentanonun bəstələdiyi musiqi haqqında da məlumat verib.

Həmin musiqinin təqdimat mərasimindən videogörüntülər nümayiş olunduqdan sonra mahnı tədbir iştirakçılarına təqdim olunub. Tədbirdə canlı bağlantı ilə qoşulan bəstəkar mahnının yaranma tarixi barədə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Ədəbi gecədə universitetin tələbələri Nəsimi yaradıcılığının dünyəvi keyfiyyətləri, bəşəri duyğuları mövzusunda Azərbaycan və ingilis dillərində tədbir iştirakçılarına məlumat veriblər, Nəsimi poeziyasının incilərini hər iki dildə söyləyiblər.

Şairə həsr edilmiş "Nəsimi" filmindən fraqment və xalq artisti Alim Qasımovun ifasında "Ayrılır" qəzəlindən bir parça nümayiş edilib.

Sonda ADU-nun tələbələri Sami Yusufun Nəsiminin "Sığmazam" qəzəlinə bəstələdiyi mahnını oxuyublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31