Yeni imtahan modelinin tətbiqinə ehtiyac varmı?
Yeni imtahan modelinin tətbiqinə ehtiyac varmı?
18 Dekabr 2019 16:23 SosialDekabrın 18-də Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən hazırlanan "Azərbaycan Barometri" jurnalının ikinci sayında "Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli" ictimai rəy sorğusu əsasında analitik hesabatla bağlı konfrans keçirilib. Konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, ali məktəblərə qəbul üçün hazırlanan yeni imtahan modeli XXI əsrin tələb olunan bacarıqlarının ölçülməsini özündə ehtiva edir. Bu modeldə tələb olunan riyazi və məntiqi təfəkkür, mətnlə işləmək, yazı qabiliyyəti və digər bacarıqların ölçülməsi olduqca vacibdir. Onun sözlərinə görə, imtahan modellərinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil: "Biz uzun illər ərzində imtahanlar barəsində danışarkən əsasən imtahanın dürüstlüyü, ədalətliliyi prinsiplərinə diqqət etmişik. Təbii ki bu, çox vacib və əhəmiyyətlidir. Eyni zamanda qeyd etməliyik ki, uzun müddət ərzində ölçülməyən biliklər unudula bilər. Ona görə də bu gün əmək bazarında tələb olunan bir sıra bacarıqlara diqqət yetirdikdə tənqidi təfəkkür, qeyri-standart yanaşma, komandada işləmək, riyazi təfəkkür, kreativlik və bir sıra bu kimi kompetensiyalara diqqət yetirdikdə görürük ki, məzunlarımızın bu sahədə kifayət qədər çox axsadığı istiqamətlər mövcuddur. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var. Təhsil Nazirliyi son bir neçə il ərzində Dövlət İmtahan Mərkəzi ilə bu istiqamətdə sıx əməkdaşlıq edib". C.Bayramov əlavə edib ki, yeni imtahan modelində ali məktəbə qəbul zamanı buraxılış imtahanlarının nəticələrinin nəzərə alınması çox əhəmiyyətli bir dəyişiklikdir.
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, Azərbaycanda qəbul imtahanlarında iştirak üçün müəyyən edilən qiymətlər o qədər də yüksək deyil. Onun sözlərinə görə, hər bir məzunun qəbul imtahanlarında ödənişsiz əsaslarla iştirak edə bilməsi üçün bir şansı var: "Həmin imtahanın haqqı dövlət büdcəsinin hesabına ödənilir. Qəbul imtahanlarında ilk dəfə iştirak edən hər bir məzun imtahanlara pulsuz qatılır. Buna görə də heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur. Yalnız ikinci şansı istifadə etmək istəyənlər imtahanda iştirak üçün rüsum ödəyirlər. Yeni imtahanları və imtahan nəticələrini araşdırmaq, onu həyata keçirmək üçün daha çox insan, qurğu cəlb etmək lazım olur. Bu baxımdan imtahanların qiymətləri o qədər də yüksək deyil. Özbəkistandan gələn heyət Azərbaycanda bizim işimizlə maraqlandı. Özbəkistanda bu qiymətlər orta əməkhaqqının yarısını təşkil edir". M.Abbaszadə əlavə edib ki, imtahanın qiyməti prosesin keçirilməsinə sərf olunan vəsaitdən asılıdır. Onun sözlərinə görə, yeni növ imtahanların cavablarını yoxlayan müəllimlər də onlara verilən məvacibin qane etmədiyini söyləyirlər. Belə olan halda isə imtahan qiymətlərini aşağı salmaq mümkün deyil.
Prezident Adminstrasiyasının Qeyri-hökümət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova qeyd edib ki, istənilən vaxt, istənilən yerdə ucuz və keyfiyyətli kütləvi təhsili əlçatan edən onlayn və distant təhsil ən vacib kəşflərdən biri hesab olunur: "Passiv təhsildən aktiv təhsilə keçid 2030-cu ilə qədər yekunlaşmalıdır və bu tipik təhsil modelinə çevriləcək. Qarışıq və mobil təhsil gələcəyin ali təhsil müəssisələrinin rəqabət qabiliyyətliyini və uğurunu müəyyənləşdirən əsas faktorlardan biri olacaq. Böyük həcmdə informasiyanın əlçatan olması, informasiya ilə işləmək və onu seçmək vərdişi tənqidi düşüncənin inkişaf etdirilməsini tələb edəcək".
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi buraxılış və qəbul imtahanlarında bu il tətbiq olunan yeni modelin müsbət və mənfi tərəflərini, ümumilikdə Azərbaycanın təhsil sisteminin bugünkü vəziyyətini və cəmiyyətin bu yeniliklərə münasibətini araşdırmaq üçün Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin nümayəndələri, abituriyentlər, valideynlər, müəllimlər və təhsil ekspertləri arasında cari ilin iyun-iyul aylarında ictimai rəy sorğusu keçirib. STM-in 539 respondent və 12 ekspert arasında keçirdiyi ictimai rəy sorğusu DİM-in regional mərkəzləri əsas götürülməklə 10 şəhər və rayonu əhatə etməklə genişmiqyaslı tədqiqatın nəticələrinin təsbiti ilə nəticələnib. Sorğunun nəticələrinin təhlili göstərir ki, müasir tədris proqramlarına uyğun imtahan modelinin tətbiqi barədə geniş maarifləndirmə işi həyata keçirilsə də, onun mənimsənilmə arealından bəzi abituriyentlər kənarda qalıb. Çünki kurikulumları mənimsəmə problemi meydana çıxıb. Ümumi fikrə görə, bu modelin tətbiqi orta və ali təhsil səviyyələri arasındakı bağları gücləndirir. Respondentlərin 45 faizi yeni modeli faydalı hesab etməsə də, ekspertlər bildirir ki, yeni qəbul üsulu axtarışlara və islahatlara zəmin yaradaraq keyfiyyətə xidmət edir. Yeni qəbul modelinin məzmununa diqqət yetirərkən məlum olur ki, kurikulumla tətbiq edilən model arasında müəyyən problemlər mövcuddur. Hesabatda ictimaiyyətin test üsuluna birmənalı olmayan münasibəti də geniş tədqiq edilib.
Zəka
Olaylar.az