İnsanlar niyə ekstrasenslərə müraciət edirlər? – ARAŞDIRMA
İnsanlar niyə ekstrasenslərə müraciət edirlər? – ARAŞDIRMA
18 Dekabr 2019 14:32 SosialSon günlər ekstrasenslərin öz fəaliyyətlərini sosial şəbəkələrdə geniş təqdim etmələri və bir çox izləyicilər tərəfindən maraqla qarşılanması cəmiyyətdə birmənalı qarşılanmır.
Olaylar.az bununla bağlı Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri i.f.d Əhməd Niyazov və "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin klinik psixoloqu Sona Davudovanın fikirlərini təqdim edir.
Əhməd Niyazov bildirib ki, insanların taleyindən və qeybdən xəbərvermə peşəsi qədimdən mövcud olub: "Müasir adı ilə ekstrasenslərin bir qismi təbiətüstü varlıqlar (cin/şeytanla) və ruhlar aləmi ilə ünsiyyət qurduqlarını, onlardan insanların taleyi ilə bağlı bəzi məlumatlar aldıqlarını iddia edir, eyni zamanda, təbiət hadisələri ilə bağlı təxmin və ehtimalları araşdıraraq, hər hansı bir hadisənin gələcək inkişafı və nəticəsi haqqında fikir söyləməyə cəhd göstərirlər. Keçmişdə belə işlərlə məşğul olanlara xalq arasında "kahin", "əraf" (bilən), "baxıcı", "falçı" deyirdilər. Hərçənd bunların hər biri öz-özlüyündə müəyyən qədər də fərqli işlərdir; məsələn: falçı bəzi alətlərdən istifadə etməsi ilə kahindən fərqlənir və sair.

Qeyri-adi qüvvələrlə ünsiyyətə girdiklərini iddia edən, yaxud xüsusi qabiliyyətə malik olduqlarını deyən insanlar paqanizm dövrlərinin məhsuludur. İctimai quruluşların inkişafına paralel olaraq bu kimi vərdişlərə məhəl qoyulmayıb. Ona görə də inkişaf etmiş cəmiyyətlərdə bu, bir peşə və ixtisas kimi qəbul edilməmiş, heç bir dövlətin xüsusi himayəsində olmayıb. Əksinə, onlar hər dövrdə müxtəlif səbəblərlə ittiham edilib, əksər hallarda ictimaiyyətdən təcrid olunublar."
Əhməd Niyazov həmçinin qeyd edib ki, islam dininə görə, kahin, falçı, cinçi, baxıcı, medium və başqa şəxslərin qeyri-adi varlıqlardan bu və ya digər şəkildə xəbər aldıqları qəbul edilmir: "İslama görə, elmi əsası və məntiqi nəticəsi olmayan, ictimaiyyətin mənafeyinə xidmət etməyən hərəkətlərə, amillərə dində yer yoxdur.
Peyğəmbər əleyhissalam faydasız elmdən Allaha sığınmış, falçılıqdan gələn qazancı halal saymamışdır. Buna görə də Hz. Peyğəmbər kahin və falçıların yanına getməyi, həmçinin onların sözlərini təsdiq etməyi pisləmişdir."
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin klinik psixoloqu Sona Davudova vurğulayır ki, bəşər tarixi yaranandan etibarən insanlar qeybə maraq bəsləmişdir: "Bu marağı ödəyəcək yetərli məlumatı ilahi dinlər hər zaman veribsə də, xüsusən dini məlumatdan məhrum kəslərin marağı tam olaraq ortadan qalxmayıb. Bu marağını aradan qaldırmaq üçün insanlar müxtəlif vasitələrə müraciət etmiş, müxtəlif üsullar istifadə etmişdir. Məsələ qeyb və təbiət qanunlarının fəaliyyəti xaricində olduqda da, istifadə edilən metodlar konkret əsaslar və səbəblər olmamış, sirli, xəyali əməliyyatlarla hədəfə çatmağa çalışılmışdır. Bəzi insanlar bu istiqamətdə müəyyən bir məslək sahibi olmuş, bu işi peşə halına gətirmiş və insanlara " fövqəladə" işlərlə təsir etməyə çalışmışdılar."

Sona Davudova bildirir ki, bütün bəşəriyyətin ortaq arzusu gələcəkdə nələr yaşayacağımızı öyrənməkdir: "Günümüzdə insanlar çox fərqli məqsədlərlə ekstrasenslərə müraciət edir. Bunları belə sıralamaq mümkündür: Uşağı olmayanlar, ailəvi problemi olanlar, karyerasında yüksəlmək istəyənlər, gələcəyi ilə bağlı məlumat əldə etmək istəyənlər, özünü, ailəsini, var-dövlətini qorumaq istəyənlər və s.
İnsanların bu kimi yollara əl atmasının əsas səbəbi istər tibbi, istərsə də dini baxımdan səhv və əskik məlumat sahibi olmasıdır. Bundan başqa, hazırda yazılı və vizual mətbuatda sehr və proqnozla bağlı geniş işlər görülür. Modernist qəzetlərdəki fal guşələri və yenə eyni formada televiziyalardakı "sehrli" seriallar, filmlər, uçan qəhrəmanlar, danışan heyvanlar, forma dəyişdirən, bir anda yox olan varlıqlar, bir hərəkətlə istədiyini edirmiş kimi göstərilən insanlar və başqa bir çox proqramların hamısı həqiqətə uyğun olmayan təbliğat vasitələri kimi dəyərləndirilə bilər."
Psixoloq bildirir ki, Bakırköy Ruh və Sinir Xəstəlikləri Xəstəxanasnın professor Dr. Kamal Sadalayır hər dövrdə olan gələcəyi bilmə marağının son vaxtlar artmasını ictimai problemlərə bağlayır: "Müasir dünyada insana yalnızlaşmağın tətbiq olunduğunu, insanların gələcəkləri ilə bağlı ciddi narahatlıq yaşadıqlarını söyləyən Sadalayır, "Ənənə kimi, din kimi faktorların mənəvi təsirini itirdikdən sonra insanlar daha saxta mənsubiyyətlərə yapışmağa başladı. Falçılıq, ekstrasenslik də bu saxta mənsubiyyətin davamıdır. Ən pisi isə təhsilli insanlar da ekstrasensləri gəzə-gəzə fiziki və ya psixi müalicə edilməsi lazım olan xəstəliklərinə oralarda çarə axtarır" deyə bildirib.
Bəs gələcəyi görmək üçün ekstrasensə ehtiyacımız var? Orqanizmimizin bizə verdiyi balaca siqnalları doğru təqib edərək xəstəlikləri erkən öyrənib səhhətimiz pozulmadan tədbir görə bilərikmi, ya da münasibətdə olduğumuz şəxsin bizə qarşı davranışlarını doğru analiz edərək münasibətimizin getdiyi nöqtəni təxmin edə bilərikmi, ya da münasibətimizdə səhvlər ediriksə bir müddət sonra münasibətimizin pozula biləcəyini ehtimal edə bilərikmi, sürətli avtomobil idarə etsək, qaydalara tabe olmasaq qəzalara daha çox səbəbiyyət verəcəyimizi bilə bilərikmi, ya da falçı, ekstrasens yerinə çətin bir dönəmdən keçərkən sevdiklərimizə yaxınlaşıb, daha çox ünsiyyət qurub, həyat planımızı gözdən keçirə bilərikmi?"
Sona Davudova qeyd edir ki, Cold Reading və ya Soyuq Oxuma, ekstrasens, falçılar və başqa fırıldaqçıların bilərək və ya bilməyərək istifadə etdikləri bir texnikadır: "Soyuq Oxuma, falçı və ekstrasensə gedən insanlar onların özləri haqqında çox şey bildiyini düşünməsi üçün daha əvvəl heç görmədiyi birinin şəxsiyyətini, problemlərini, istəklərini bildiyinə dair müraciət edən adamı inandırmasıdır.
Oxuma əməliyyatı ekstrasensin sizinlə görüşdüyü anda olmaq məcburiyyətiə deyil. Bəzən əvvəlcədən bəzi məlumatlar toplanılaraq əldə edilə bilər. Məsələn, randevu ilə bir ekstrasensə gedirsinizsə və məlumatlarınızı vermisinizsə, sizi sosial şəbəkələrdə axtarıb taparaq, bölüşdüyünüz rəsm və yazılardan sizlə bağlı məlumatları toplaya bilər.
Ekstrasenslərə müraciət edən insanlar bir müddət sonra hadisələrin öz iradəsi xaricində bəzi mistik qüvvələr tərəfindən idarə edildiyinə, özünün də ekstrasenslər vasitəsi ilə bu mistik gücləri idarə edəcəyinə inanmağa başlayır ki, bu başlı-başına bir problemdir. Hətta bu asılılıq şəxsiyyət pozğunluğuna qədər gətirib çıxara bilir. Zamanla həyatının idarə etməsini tamamilə başqasına təhvil vermiş şəxsin ailə və sosial münasibətləri pozulmağa başlayır. Ətrafa və yaxınlara şübhə ilə yanaşmağa başlayan şəxs bir müddətdən sonra əhval-ruhiyyə pozuntuları yaşamağa başlayaraq cəmiyyətdən təcrid olunur."
"Nəticə olaraq öz həyatımızın nəzarətini özümüzdə saxlamaq üçün bizi xoşbəxt və rahat edəcək, psixi və fiziki sağlamlığımızı ən yaxşı hala gətirəcək, həm ətrafımıza, həm özümüzə faydalı ola biləcək, bizə həyatımızı doğru şəkildə ələ alma üstünlüyü qazandıra biləcək insanlarla məsləhət etmək ən doğru yoldur. Çünki həyatımız təkcə bizim nəzarətimizdə olduğu müddətcə "BİZİM HƏYATIMIZDIR""
Ay An
Olaylar.az