Ailə başçısını itirənlərə yeni imtiyazlar verilib- TƏHLİL
Ailə başçısını itirənlərə yeni imtiyazlar verilib -TƏHLİL
18 Dekabr 2019 12:57 Sosial18 yaşınadək uşaqlar eyni vaxtda iki növ müavinət ala biləcəklər
Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində bir tərəfdən ölkənin iqtisadi qüdrətinin güclənməsi, digər tərəfdən isə insanların rifah halının yaxşılaşdırılması sahəsində etibarlı bazanın yaradılması təmin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına xidmət edən inqilabi addımları yeni uğurlu islahatlar mərhələsinə keçidi şərtləndirib. Dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətlənib. Bu mühüm məqam isə Prezident İlham Əliyevin siyasi fəaliyyətində məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu bir daha təsdiq edir. Yeri gəlmişkən qeyd edək ki, 2019-cu il ölkə vətəndaşları üçün həm də sosial islahatlar ili kimi yadda qaldı. Belə ki, cari ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildi. Pensiya və müavinətlər, əhalinin ən müxtəlif təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət başçısının imzaladığı çoxsaylı Fərman və Sərəncamlar, xüsusilə bu ilin əvvəlindən həyata keçirilən sosial islahatlar dövlətin bu istiqamətdə davamlı siyasətinin nəticəsi hesab oluna bilər. Məlum olduğu kimi Azərbaycan dövləti vətəndaşların rifahının yüksəldilməsini, onların daha yaxşı yaşamasını təmin etməyi başlıca vəzifə hesab edir. Həyata keçirilən islahatlar, icra olunan çoxsaylı proqramlar, reallaşan sosialyönümlü layihələrdə məqsəd məhz budur. Bu siyasətin əsas özəlliklərindən biri də onun ardıcıl, davamlı xarakter daşıması və əhalinin ən müxtəlif təbəqələrini əhatə etməsidir. Onu da qeyd edək ki, prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətinin mərkəzində sosial sahə, əhalinin rifah halının yaxşılaşdırlması dayanır. Dövlət başçısı hələ ötən ilin aprelində ümumxalq dəstəyi ilə növbəti müddətə Prezident seçiləndən sonra sosial sahədə aparılacaq islahatlar barədə bəyan etmişdi. Həmin siyasətin ana xəttini ötən il imzalanmış Sərəncam və Fərmanlar, Prezidentin qanunvericilik təşəbbüsləri təsdiq edir. Ötən il imzalanan sənədlər ümumilikdə sosial sahədə islahatların çoxşaxəli aparılmasını şərtləndirdi. Əmək, məşğulluq, sosial müdafiə sahələrində instutisional quruculuq prosesləri geniş vüsət aldı. Hazırda da bu proses davam etməkdədir.
***
Prezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi yeni qanunlar ölkəmizdə vətəndaş rifahının təminatı, eyni zamanda, həssas qruplara yönələn dövlət qayğısının artırılması sahəsində atılan ardıcıl addımların uğurla davam etdirilməsinə xidmət edir. Belə ki, "Sosial müavinətlər haqqında" Qanunda dəyişiklik edilməsi barədə" Qanun həssas qruplardan olan vətəndaşların, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, ailə başçısını itirmiş ailələrin etibarlı sosial təminat sistemi ilə təmin edilməsində daha bir mühüm addımdır. Qanunda dəyişikliklərdən biri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların ailə başçısını itirdikdə bununla əlaqədar olaraq sosial təminat növünə yaranan hüququnun, onların maraq və mənafeyinin tam təmin edilməsini nəzərdə tutur. Belə ki, mövcud qanunvericiliyə görə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq ailə başçısını itirdikdə, yaxud ailə başçısını itirmiş uşaq sağlamlıq imkanları məhdud hesab edildikdə iki müavinət növündən (yəni sağlamlıq imkanları məhdudluğa, yaxud ailə başçısını itirməyə görə müavinət növlərindən) birini seçə bilər. Qanuna yeni dəyişiklik isə həmin uşaqlar üçün bu məhdudiyyəti aradan qaldırır. Onlar müvafiq hallarda hər iki növ müavinəti eyni vaxtda ala biləcəklər. Bu da həmin uşaqların sosial müdafiəsinin gücləndirilməsində mühüm önəm kəsb edir.
"Sosial müavinətlər haqqında" Qanunda əsas dəyişikliklərdən biri də ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Belə ki, bəzi hallarda ailəyə hesablanmış ailə başçısını itirməyə görə əmək pensiyasının adambaşına düşən aylıq məbləği ailə başçısını itirməyə görə aylıq sosial müavinətin məbləğindən aşağı olur. Lakin buna baxmayaraq, qanun əmək pensiyası hüququ yarandığı üçün yalnız pensiyanı almağa icazə verirdi. "Sosial müavinətlər haqqında" Qanunda yeni dəyişiklik nəticəsində belə hallarda ailənin maddi durumunun yaxşılaşması məqsədilə bundan sonra ailəyə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət seçmək hüququ veriləcək. Yəni ailə başçısını itirmiş ailə onun üçün nəzərdə tutulan sosial təminat növlərindən hansı (pensiya və ya müavinət) daha çox məbləğdədirsə, onu seçəcək. Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik də ailə başçısını itirmiş ailəyə bu seçim hüququnu verir. Qanunda əsas dəyişikliklərdən biri də yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinin artması nəticəsində yaşa görə əmək pensiyası və sosial müavinət almaq hüququ verən yaşlar arasında yaranmış ciddi uyğunsuzluğun aradan qaldırılmasına yönəlib. Bu dəyişiklik yaşa görə müavinət hüququ yaranan yaş həddinin pensiya yaşı həddi ilə eyniləşdirilməsini nəzərdə tutur. Bundan başqa, "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" Qanunla ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manata çatdırılıb. Bu da ölkədə aztəminatlı ailələrə hesablanan sosial yardımın və nəticədə onlara yönələn dövlətin qayğısının daha da artırılmasına imkan verir. Qeyd edək ki, ötən dövrdə ölkəmizdə ehtiyac meyarının həddinin 5,3 dəfə artırılması təmin edilib ki, bu da aztəminatlı ailələrin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsinə xidmət edib.
Zəka
Olaylar.az