BDU-da Şirməmməd Hüseynovun barelyefi açılıb

BDU-da Şirməmməd Hüseynovun barelyefi açılıb

Bakı Dövlət Universitetinin (BDU) professoru, görkəmli alim və mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 95-ci ildönümü münasibətlə BDU-nun Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının qarşısında barelyefi açılıb. "Olaylar" xəbər verir ki, rektor Elçin Babayev çıxış edərək Azərbaycan mətbuat tarixinin yorulmaz tədqiqatçısı, müasir jurnalistikamızın inkişafında misilsiz xidmətləri olan Şirməmməd Hüseynovun zəngin yaradıcılıq yolundan danışıb. Alimin həyatının böyük hissəsinin Universitetlə bağlı olduğunu bildirən E.Babayev gənc jurnalistlərin yetişməsində, püxtələşməsində böyük xidmətləri olan Şirməmməd Hüseynovun elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, yorulmadan davam etdirdiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün Şirməmməd müəllimin üzün illər çalışdığı kafedranın qarşısında onun barelyefini açırıq. Hər dəfə bu barelyefi görərkən biz onu yenidən yad edəcəyik. Daim örnək həyat sürən Şirməmməd müəllimin cəmiyyətimiz üçün nümunəvi övladlar yetişdirdiyini qeyd edən rektor hazırda alimin qızlarının Azərbaycan elminin, mədəniyyətinin inkişafı yolunda səylə çalışdıqlarını diqqətə çatdırıb.Qeyd edib ki, bu gün Şirməmməd müəllimin ruhu bizimlədir. Biz də bu gün böyük alim qarşısında qismən də olsa, mənəvi borcumuzu yerinə yetirməyə çalışdıq.

Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, "Elm və həyat" jurnalının redaktor müavini Ülkər Hüseynova görülən işə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, əsl alim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bir daha şahidi oldum ki, Şirməmməd müəllimin çoxlu müridləri var. Dərs dediyi, hətta dərs demədiyi tələbələr onu çox sevir. Mən onların xatirələrini oxuyanda çox kövrəlirəm. Həqiqətən həyatda iz salan insanlar varmış və mən bunun canlı şahidiyəm. Şirməmməd Hüseynov düz 74 il Bakı Dövlət Universitetində çalışıb, bu heç də hər kəsə nəsib olan xoşbəxtlik deyil. O, ömrünün son gününə qədər işdən ayrılmadı. Onu xatirəsini belə sevinclə, məhəbbətlə yad etdiyinizə görə hamınıza təşəkkür edirəm.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Şirməmməd Hüseynov məktəb yaratmışdı. O, təkbaşına bir akademiya və universitet qədər iş görmüş, Azərbaycan mediasını zənginləşdirərək tarixə çevirmişdi. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli Şirməmməd müəllimin lap gənc yaşlarından Universitetdə sayılıb, seçildiyini vurğulayıb. Bildirib ki, onun heç bir sözünə etinasızlıq olmayıb. O, tələbələrini balası qədər sevib, qayğı, diqqət göstərib. Haqq, ədaləq çarçısı olub.

Ailəsi adından çıxış edən alimin qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova Universitetin atası üçün müqəddəs məkan olduğunu və bu ali təhsil ocağını evi qədər sevdiyini söyləyib.  Qeyd edib ki, Ş.Hüseynovun ömrünün böyük hissəsi universitet ilə bağlı olub. O, Bakı Dövlət Universitetini Azərbaycanın kiçik modeli hesab edirdi. Lalə Hüseynova atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31