Miqrasiya orqanlarına qəbul üçün test imtahanı keçiriləcək
Miqrasiya orqanlarına qəbul üçün test imtahanı keçiriləcək
17 Dekabr 2019 12:16 SosialDövlət İmtahan Mərkəzi dekabrın 21-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. DİM-dən "Olaylar"a verilən xəbərə görə, imtahanda iştirak üçün 252 nəfərin namizədliyi qeydə alınıb. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün namizədlər imtahan verilən binanın qarşısına saat 9.00-dan gec olmayaraq gəlməlidirlər. İmtahan saat 10.00-da başlayır. İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycanın tarixi və coğrafiyası, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır.