“İçərişəhər” stansiyasında sərgi təşkil edilib
“İçərişəhər” stansiyasında sərgi təşkil edilib
16 Dekabr 2019 16:41 Sosial"İçərişəhər" stansiyasının vestibülündə "Bakı Metropoliteni" QSC-nin daha bir fərqli sosialyönümlü layihəsi gerçəkləşib. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan dahi Azərbaycan mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar "Bakı Metropoliteni" QSC və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə sərgi təşkil olunub.
Sərgidə yaradıcılığı ilə elmi-ədəbi fikrin diqqət mərkəzində olan mütəfəkkirin zəngin irsini əks etdirən rəsm əsərləri nümayiş etdirilib. Sərgi tamaşaçılarına təqdim edilən 14 rəsm əsərinin müəllifləri də məhz universitetin nəzdində fəaliyyət göstərən yaradıcılıq mərkəzinin istedadlı tələbələridir. Tədbir iştirakçılarını salamlayan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq ölkəmizdə geniş şəkildə keçirilən tədbirlər kimi UNEC ilə birgə təşkil edilən bu sərginin də böyük əhəmiyyətə malik olduğunu bildirib. Çünki sərgi gələcək həyatı heç də birbaşa rəssamlıqla bağlı olmayacaq gəncliyin nümayəndələrinin əl işlərindən ibarətdir. Bunu həm mütəfəkkirin yaradıcılığına, həm də Azərbaycanın zəngin mədəni irsinə adi vətəndaş və ziyalı baxış bucağı adlandırmaq olar. Sərgidə bir-birindən fərqli, müəllifinin də dünyasını aşkar edən 14 rəsm nümunəsi olduğunu deyən Bəxtiyar Məmmədov sərnişinlərin marağı sayəsində sərginin həm də istedadlı gənclərə yaradıcılıq, həyat stimulu olacağına əminliyini ifadə etdi. O, İqtisad Universitetinin nəzdində yaradıcılıq mərkəzinin fəaliyyət göstərməsini tələbə gənclərin yaradıcı potensialının müəyyən edilməsi və inkişaf etdirilməsinə, geniş ictimaiyyətə tanıdılmasına və yeni nəsil arasında elmi-mədəni dəyərlərin təbliğinə təqdirəlayiq addım adlandırıb.
UNEC-in marketinq və kommunikasiya departamentinin direktoru Xaliq Əliyev bu layihədə onlara dəstək olduğu üçün "Bakı Metropoliteni" QSC rəhbərliyinə dərin minnətdarlığını bildirərək, dahi Azərbaycan şairinin yaradıcılığının daha dərindən öyrənilməsi, tanınması üçün atılan bu addımı tələbə gənclər üçün də böyük dəstək olduğunu qeyd edib.