Universitetdə “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olundu

Universitetdə “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olundu

Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzində çəkilmiş "Əbədi ezamiyyət" sənədli filminin Bakı Dövlət Universitetində nümayişi keçirilib.

Olaylar.az bildirir ki, BDU-nun rektoru Elçin Babayev tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində ərsəyə gətirilmiş "Əbədi ezamiyyət" sənədli filmi barədə məlumat verib.

Parisin Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və sonrakı dövrdə Azərbaycan mühacirəti ilə bağlı bir şəhər olduğunu bildirən rektor Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Fransaya ilk rəsmi səfəri zamanı Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun və nümayəndə heyətinin müşaviri, "Azərbaycan" (rusca) qəzetinin redaktoru Ceyhun bəy Hacıbəylinin məzarlarını ziyarət etməsini filmin ideyasının müəyyənləşməsində əhəmiyyətli rol oynadığını bildirib.

Sonda filmin BDU-da nümayişi üçün Xarici İşlər Nazirliyinə və Bakı Media Mərkəzinə təşəkkürlərini bildirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın tarixində şanlı səhifə olduğunu vurğulayb. Diplomatik xidmət orqanlarının yaranma tarixi və qısa müddətdə gördüyü işlərdən bəhs edən L.Abdullayeva təqdim edilən filmin xalqımızın XX əsrin əvvəlindən dünyəvi və demokratik dəyərlərə sahib olduğunu göstərən amil kimi xarakterizə edib.

Filmin ssenari müəllifi Müsəllim Həsənov filmin Azərbaycanın müstəqillik tarixinin daha bir səhifəsi ilə yaxından tanış olmaq imkanı yaratdığını diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31