Vaxtınızın pilotu özünüzsüz - Vaxtın idarə olunmasının əsas sirri
Vaxtınızın pilotu özünüzsüz - Vaxtın idarə olunmasının əsas sirri
16 Dekabr 2019 14:46 SosialVaxtı düzgün idarə etmək, onun, məqsədlər, məsuliyyətlər, zövqlər və xobbilər arasında balanslı bir şəkildə paylaşdırılaraq özəl həyat, ailə həyatı, iş həyatı, sosial həyat ilə bağlı fəaliyyətlərin təsirli və məhsuldar bir şəkildə planlanması və gerçəkləşdirilməsi deməkdir. Ortalama olaraq bir insan vaxtınıyatmaq, yemək, şəxsi təmizlik, TV, internet, təhsil və s. bu kimi işlərə sərf edir.
Vaxtın idarə edilməsi çətin işdir. Çünki bəzi hallarda vacib olan məsələlərlə təcili olan məsələlər üst-üstə düşmür. Qalan vaxtda nələrə zaman ayrıla biləcəyinə baxaq: İdman, kitab oxumaq, mədəni fəaliyyətlər (kino, teatr, konsert, bu sahədə hansısa bir fəaliyyət və s. bu kimi) , ailənizə ayrılan zaman, dostlara ayrılan zaman, fərdi inkişaf, xobbiləriniz, dincəlmə, istirahət, musiqi, səyahət etmək və s.
Bütün fəaliyyətlər arasında önəmli olan həyatımızın fərqində olmaq, onu düzgün idarə etməli olduğumuzun fərqində olmaqdır. Bu, bizi, vaxtı idarə etmək işində üsullar tətbiq etməyə yönəldəcək. Vaxt o zaman düzgün idarə olunmuş hesab olunur ki, əgər siz gün sonunda əsas işlərinizi yekunlaşdırmış olursunuz.Əslində gün ərzində görülməsi tələb olunan bir sıra işlər yaranır. Lakin bu işlərin bir hissəsi önəmli, digər hissəsi isə ikinci dərəcəlidir. Zamanı idarə etmək üçün ən ideal variantlardan birisi də sabahkı günü öncədən planlaşdırmanız olar.
Vaxtınızı düzgün idarə etməklə, həyatınızın idarəsini öz öhdənizə götürmüş olursunuz. Vaxtı düzgün idarə etmək olurmu və əgər olursa bu necə edilir?
Psixoloq Fərid Abbasov bildirib ki, vaxtın idarə edilməsi üsulundan istifadə edən insanlar bütün həyat sahələrində böyük nailiyyət əldə edə bilirlər: "Vaxtın idarə edilməsi istiqamətində görəcəyiniz ilk iş özünüzə bəzi suallar verməkdir: "Bu daha sonra vaxtınızı necə sərf etmək və onu necə idarə etməyə istiqamət verəcək ilk təlimat rolunu oynayır. Ümumi mənzərəni müəyyənləşdirdikdən sonra, qısamüddətli və uzunmüddətli məqsədlərinizi təyin edə bilərsiniz. Məqsədlərinin nə olduğunu bilmək daha sistemli plan qurmağa və bu məqsədlərə nail olmağa kömək edə biləcək işlərə diqqət yönəltməyə imkan verir. Vaxtın idarə edilməsi zamanı yol verilən əsas səhvlərdən biri bütün təfsilatları yadda saxlamağa çalışmaqdır bu informasiya artıqlığı yaradır. Sistemli işləməyə və nəzarəti ələ almağa imkan verən ən yaxşı vasitə görüləcək işlərin siyahısını hazırlamaqdır.Siyahı prioritetləri və onlara sərf ediləcək müddəti müəyyənləşdirməyə və nəzərdə saxlamağa imkan verir, beləcə təcili olmayan işlərinizi bir qədər təxirə sala bilərsiniz. Vacib olan daha ağılla işləməkdir. Vaxtını yaxşı idarə etmək gördüyün işin kəmiyyətinə yox, keyfiyyətinə önəm verməkdir.Nəyəsə çox vaxt sərf etmək o demək deyil ki, daha çox iş görmüsünüz".
F. Abbasov həyatlarında uğur əldə edən insanların planlaşdırmaya çox vaxt ayırdığını bildirib: "Gündəlik planlaşdırma məhsuldarlığı artırmaq və vaxtın səmərəli idarəedilməsi üçün çox önəmlidir. Planlaşdırma və düşüncə həmişə kağız üzərində olmalıdır. Məqsədlər kağız üzərində deyilsə, o zaman onlar mövcud deyil. Vəzifələrin siyahısı sanki nəzərdə tutulan məqsədə çatmaq üçün yolunuzu itirməyə imkan verməyən bir xəritədir. Vaxtın idarə olunmasının əsas sirri konsentrasiya və məqsədəuyğunluqdur. Ən vacib məsələlərin həllindən başlayın və hər şeyi ardıcıl olaraq edin, yəni müəyyən vaxt ərzində bir məsələnin həlli ilə məşğul olun. Bir işi yarıda qoyaraq və ona təkrar-təkrar qayıdaraq, effektivliyinizi 5 dəfə azaldırsınız. Vaxtınızı təşkil etmək üçün ən vacib söz nəzakətli "yox"-dur. Seçdiyiniz prioritetlər arasında olmayan işlərdən imtina etməyi və onlara "yox" deməyi öyrənin. Nəzakətli olun və elə imtina edin ki, insan ondan deyil, onun işindən imtina etdiyinizi başa düşsün. Getdikcə artan iş həcmini görəndə panikaya düşməməyin ən sadə yolu dərindən nəfəs alıb "Mən yalnız bacardığımı edə bilərəm" deyib, sakitcə siyahı tərtib etməyə başlamaqdır. Qarşınızdakı işləri gördükdə anlayacaqsınız ki, vacib məsələri həll etməyə vaxtınız çatacaq. Həyatınızda balansın olduğundan əmin olun".
Mütəxəssislərin fikrincə vaxtın idarə olunmasnın bu kimi üsulları da var:
Nizam yaradın və sıralayın - Əlinizdə bir çox iş ola bilər ancaq bunlar üçün bir siyahı yaradıb əvvəlcə nizamınızı oturtmalısınız.
Təqvim yaradın - Hazırladığınız iş siyahısını bir təqvimə oturtursanız işiniz asanlaşar.
İşlərin təhvil tarixlərini yaxın tutmayın - Mümkün qədər bir-birinə yaxın tarixlərdə təslim olunması lazım olan işləri öhdənizə götürməyin
Təfərrüatla vaxt itirməyin - Hazırladığınız işdə eyni nöqtədə saatlar keçirməyin, qeydlər alaraq irəliləyin.
Diqqətinizi dağıdan faktorlardan xilas olun - Çalışarkən diqqətinizi dağıdacaq hər şeyi özünüzdən uzaqlaşdırın.
Özünüzə zaman ayırın - Gün içində hər saatınızı planlaşdırın, bütün günü işə ayırmaq yerinə, hansı saatları özünüzə ayıracağınızı və bu saatları necə dəyərləndirəcəyinizi də təyin edin.
Nigar Orucova
Olaylar.az