Qida təhlükəsizliyinə qarşı aparılan mübarizə niyə səmərə vermir?
Qida təhlükəsizliyinə qarşı aparılan mübarizə niyə səmərə vermir?
13 Dekabr 2019 15:15 SosialRegionlardan paytaxta daşınan at əti hansı məqsədlər üçün istifadə edilir?
Ölkədə insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirlər hələ ki, arzuolunan nəticənə verməyib.Vəziyyət o həddə çatıb ki, hətta inzibati tədbirlərin gücləndirilməsi insan orqanizmi üçün təhlükəl hesab olunan qidaların istehsalını aradan qaldıra bilməyib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı şəhəri ərazisində hərəkətdə olan "VAZ 21011" markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin yük hissəsinə baxış keçirilən zaman oradan heyvan cəmdəyi aşkar edilib. Nəqliyyat vasitəsinin sürücüsü, İsmayıllı şəhər sakini Elçin Məmmədovdan daşıdığı həmin ətə görə sənədlər tələb olunduqda, o, sənəd təqdim etməmiş, ətin mənşəyi məlum olmadığından avtomobil müvəqqəti duracağa yerləşdirilib. E.Məmmədov izahatında həmin ətin at heyvanına məxsus olduğunu və Ağsu rayonunda kəsərək İsmayıllıya gətirdiyini bildirib. Aşkar edilmiş 45 kq ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır. Etiraf edilməlidir ki, rəsmi dövlət qurumları insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirləri davam etdirir, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görülür. Lakin reallıq ondan ibarətdir ki, son günlər ərzində refionlardan paytaxta insan orqanizmi üçün zərəli olan ət və ət məhsullarının gətirilməsi faktı dəfələrlə aşkarlanıb. Bütün görülən tədbirlərə baxmayaraq belə halların qarşısını almaq mümkünsüz olub. O da nəzərə alınmalıdır ki, paytaxtda mütəmadi olaraq kənd təsərrüfatı məhsullarının yarmarkası keçirilir, deməli insan orqanizmi üçün təhlükəli olan ətin bazara yol tapması ehtimalı daha da artır. Belə halda istühlakçılar keyfiyyətli əti necə müəyyən edə bilərlər?
Nəzərə almaq lazımdır ki, ət və ət məhsulları insanların qidalanmasında əsas yer tutan ərzaq məhsullarından biridir. Bu məhsulları alarkən hər bir istehlakçı onun keyfiyyətli olmasına əmin olmaq istəyir. Ancaq istehlakçılar bir çox hallarda ət alarkən onun keyfiyyətinin müəyyənləşdirilməsilə bağlı problemlə üzləşirlər. Rəsmi qurumlar isə küçələrdə satılan ətlərin əksər halda mənşəyi bilinməməklə yanaşı, həm də sanitar və gigiyenik baxımdan çox qüsurlu olduğunu bildirir. Məlumata görə, belə ətlər insan orqanizmi üçün çox təhlükəlidir. Buna görə də, vətəndaşlar ət alarkən diqqətli olmalıdırlar. İlk növbədə onun rənginə fikir verilməlidir. Əgər ətin rəngi saralıbsa, yaxud qaralıbsa, ondan istifadə etmək olmaz. Bu barədə dərhal aidiyyəti dövlət orqanlarına müraciət etmək lazımdır. Məlum olduğu kimi ət və ət məhsulları yüksək bioloji dəyərli qida kimi mühüm əhəmiyyətə malikdir. Ətin tərkibində orqanizmin inkişafı, eləcə də normal həyat fəaliyyəti üçün lazım olan zülal, yağ, vitamin və mineral maddələr vardır. Ət və ət məhsulları qrupuna ət, quş əti, kolbasalar, ət konservləri, yarımfabrikatlar və s. daxildir. Ət məhsullarının tərkibində bir çoх vitaminlər vardır. Qaraciyər və böyrək хüsusən A və B qrupu vitaminləri ilə zəngindir. Ətin tərkibində insan orqanizminə lazım olan butun mineral maddələr vardır. Tərkibində yağın və zülalın miqdarı bərabər olan ət ən yuksək dada malik olmaqla, həm də yaхşı mənimsənilir. Tərkibində orta hesabla 17% zülal, 20% yağ, 62% su, 1% mineral maddə olduqda ət yüksək keyfiyyətli sayılır. Ətin ən dəyərli hissəsi əzələ toхumasıdır, çünki onun tərkibində tam dəyərli zülallar və insan orqanizmi üçün lazım olan butun amin turşuları vardır.
Gün ərzində orta hesabla ən azı 150 qram, ildə isə təхminən 60-65 kq ət və ət məhsullarının istehlak edilməsi fizioloji qida norması hesab edilir. Orqanizmdə maddələr mübadiləsi üçün ən zəruri olan elementlər ət хörəklərinin tərkibində hazır şəkildə olur. Ətin tərkib hissələri insan orqanizminin tərkibinə daha yaхındır və ona gorə də daha tez və asan mənimsənilərək hüceyrələrdə enerji mənbəyi kimi istifadə olunur. Birinci növbədə ət alarkən hər kəs onun həqiqətən mal, qoyun, quzu əti olmasına diqqət yetirilməlidir. Çünki mal və qoyun əti adı altında bəzən digər heyvan əti satışı hallarına belə rast gəlinir. Bunun üçün həmin məhsulun iyinə, rənginə və sümüklərinin formasına fikir verilməlidir. Satışa çıxarılan ət laboratoriyada analizdən keçməli və üzərində baytar həkimin möhürü olmalıdır. Satış məntəqələrində üzərində ancaq oval formalı möhürü olan ətin satılmasına icazə verilir. Ət şaqqalarının üzərində möhür kürək və bud hissələrinə vurulur. Quş ətində isə möhür boyun və budun çöl tərəfinə vurulur. Ət məhsulları (kolbasa, farş və s.) alarkən onun keyfiyyətinə əmin olmaq üçün satıcıdan onun keyfiyyərini və təhlükəsizliyini təsdiq edən sənədləri (baytarlıq əhadətnaməsi, uyğunluq və gigiyenik sertifikatları) tələb etmək istehlakçının hüququdur və satıcı bunu təmin etməyə borcludur.
Ət satışı obyektləri bütün sanitar və gigiyenik normalara cavab verməli, eyni zamanda ət satışı ilə məşğul olanlar vaxtaşırı tibbi müayinədən keçməlidir. Yalnız bu tələblərə cavab verən obyektlərdən həmin məhsulları almaq tövsiyə olunur. Eyni zamanda nəzərə almaq lazımdır ki, mövcud ticarət qaydalarına görə ət məhsullarının bir dəfədən artıq dondurulduqdan sonra satılması qadağandır. Belə halda ətdə olan bütün zəruri maddələr keyfiyyətini itirmiş olur.
Qablaşdırılmış ət və ət məhsullarının etiketində məhsulun adı və növü, istehsalçının adı və ünvanı, məhsulun tərkibi, termik vəziyyəti (soyudulmuş, dondurulmuş və s.), istehsal və qablaşdırma tarixi, saxlanma müddəti və şəraiti, qida əlavələri, aromatik əlavələr, bioloji aktiv qatışıqlar və digər inqrediyentlər, faydalılığı haqqında məlumat, məhsulun hazırlanma üsulu, sertifikatlaşması barədə məlumatlar olmalıdır. Qablaşdırılmış ətin yararlıq müddəti istehsalçı tərəfindən müəyyən olunur və məhsulun etiketində göstərilir. Təzə ət üçün isə malın kəsilmə tarixi və yararlılıq müddəti göstərilmiş baytarlıq şəhadətnaməsini tələb etmək lazımdır. Ət konservlərinin qapağının üzərində mütləq qabarıq şəkildə döymə üsulu ilə yazılar olmalıdır. Qabın əzilməsi, paslanması və ya üzərində yararlılıq müddətinin göstərilməməsi onun keyfiyyətli olmasına ciddi şübhələr yaradır. Bu kimi məhsullarla rastlaşdıqda onları almaqdan çəkinmək lazımdır.
Dondurulmuş ət kameralarda -18 C-dən yuxarı olmayan temperaturda saxlanılır. Donu açılmış ət təzə ətin xüsusiyyətlərinə malik olmalı və mümkün qədər tez bişirilməlidir. Əks halda onda bakteriyaların olması və zəhərlənmə riski istisna olunmur. Kolbasa məmulatlarının növündən asılı olaraq saxlama və satış müddətləri bir sutkadan dörd aya qədər saxlanıla bilər. Bəzi növ kolbasaların saxlanma müddəti və şəraiti isə onlar üçün təsdiq edilmiş ressepturalar əsasında müəyyən edilir. Mənfi 7-9 dərəcədə yarım hisə verilmiş kolbasalar 3 aya qədər, bişmiş hisə verilmiş kolbasalar 4 aya qədər, çiy hisə verilmiş kolbasalar isə 9 aya qədər saxlanıla bilər.
Qeyd edək ki, ət alarkən, əsas onun xarici görünüşunə və iyinə diqqət yetirmək lazımdır. Köhnə ətin tərkibindəki piyin miqdarı az və tünd rəngli olur. Təzə ət spesifik iyə malik (müvafiq heyvan növü üçün xarakterik), rəngi açıq çəhrayıdan tünd qırmızıya qədər olur. Kəsildikdə ət sıx, elastik olmaqlıdır. Barmaqla basıldıqda əmələ gələn çökək tez düzəlməlidir. Təzəliyi şübhə doğuran, yaxud xarab olmuş əti almaq risklidir. Solğun, yapışqan, təzə ətə xas olmayan iyi olan ətdən istifadə etmək məsləhət görülmür. Belə ətin istehlakı xəstəlik törədən mikrobların inkişafı üçün əsas mənbələrdən biridir və zəhərlənməyə səbəb ola bilər.
Nurlan
Olaylar.az