Həftənin cümə günü- ANAMIN GÜNÜ

ZÜLEYXA NADİR

Anam dünyasını dəyişənə kimi elə bilirdim atamı anamdan çox sevirəm. Hətta bu an eyni mövzuda soruşan olsa yenə də "atam" deyərəm. Amma yox... sən demə ana ayrı bir varlıqdı. Sən demə ANA yoxluğu övlad varlığının sızıltısıdı, göynərtisidi...
Mən anamın bətnində olanda kitabxanada işləyirmiş. Kitabları yeriyə - yeriyə oxuyurmuş ki, hamilələyi çətinlik yaratmasın. Deyirdi ki, 5 ayda kitabxanadakı bütün kitabları bəlkə beş dəfə oxudum. Orta məktəbdə oxuyanda mən də dərslərimi çox vaxt həyətdə yeriyə-yeriyə öyrənirdim. Kitabı götürüb bağımızda ağacların arasında o baş-bu başa gəzişir, şeirləri, monoloqları əzbərləyirdim. Demək ki, anamın qanı ilə keçib, südü ilə içmişəm onun vərdişini...
Orta məktəbi tam bitirməyib. Onun zamanında kənddə 4 illik ibtidai məktəb olub. 5-ci sinifdən sonra qonşu kəndə gediblər - 9 illik məktəbə. Onda 30-40-cı illər idi. Müharibə anamın 9 illik təhsilini yarımçıq qoyub, 7-ci sinfə kimi oxuyub, amma Gəncədə tibb məktəbini bitirib. Sonra işləməyə başlayıb. Zaman o zaman idi ki, ölkədə qadınlara çox ehtiyac var idi. Müharibə başlamışdı, kişi qıtlığı yaranmışdı. Arxa cəbhədə işləyən qadınlardan fədakarlıq tələb olunurdu. Müxtəlif işlərdə çalışıb - tibb bacısı, kolxozda kombayn qeydiyyatçısı, anbar müdiri, hesabdar, ərzaq dükanının müdiri, kitabxana və s...
Zəmanəsinin savadlı, açıqgözlü, başqalarından fərqli geniş dünyagörüşü olan, müasir qadını idi. Bunlar onun oxuduğu bədii əsərlərdən irəli gəlirdi. Güclü mütaliəsi var idi. Azərbaycan və dünya ədəbiyyatı, eləcə də rus ədəbiyyatını acgözlüklə oxuyurdu. Şifahi xalq ədəbiyyatını əzbər bilirdi. Uşaqlıqda bizə o qədər nağıllar, dastanlar, ibrətamiz hekayələr danışırdı ki... Yorulmurdu. Bəzən bizə elə gəlirdi anam bunları özündən uydurur. 1954-cü ildə Caminin "Yusif və Züleyxa"sını bacıma danışanda onun 5 yaşı olub. Qardaşım doğulanda bacım deyib ki, mamam Yusifin çox gözəl, üzündə nur olduğunu deyib, adı Yusif olsun...
Ömrünün son 3 ilini mənim evimdə yaşayıb. Yusif qardaşım dünyasını dəyişəndən sonra kənddən gətirdim. Orda qala bilmirdi, çox ağlayırdı, əzab çəkirdi. Hamımızdan çox sevdiyi oğlunu itirimişdi, yoxluğuna dözə bilmirdi. Burda da gününü kitab oxumaqla keçirirdi. Evimdəki kitabları dönə-dönə mütaliə etdi. Quranı 3 il fasiləsiz oxudu. Hər səhər namazını qılandan sonra Quranı götürüb oxuyurdu - Vasim Məmmədəliyevin tərcüməsində...
O gün işə getməyə həvəsim olmadı. Dedim ki, mama, gəl səni çimizdirim, bazar günü bəlkə bir iş çıxar getməli olaram. Razılaşdı. Dedi ki, yaxşı, onda ver Məcidin kitabını bir az oxuyum sonra çimərəm. O zaman oğlum BSU-da oxuyurdu. Universitetin rektoru Kamal Abdullanın bir qaydası var idi. Semestr ərzində tələbələr dərsdən əlavə müəyyənləşdirilmiş bədii əsərləri oxuyurdular. Həmin kitabları oxumayan tələbə imatahana buraxılmırdı. İmtahan günlərinə az qalmışdı. Məcid siyahıdakı kitabların hamısını bitirə bilməmişdi. 3-4 gün əvvəl "Əli və Nino"nu mamama vermişdi: ay nənə, sən məndən yaxşı oxuyursan, nolar bunu oxu danış mənə"...
Mamam təxminən 40 dəqiqə oxuyandan sonra "yoruldum" dedi, kitabı stolun üstünə qoyub divana uzandı. Və... kitab oxumaqdan heç yorulmayan anam bir daha gözlərini açmadı, əbədi yuxuya getdi...
Onda anamın 92 yaşı var idi. Həftənin cümə günü idi. O gün anamın son yolçuluğu oldu. Bu gün də cümə günüdü...
Çox darıxıram anam üçün, burnumun ucu göynəyir...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31