Səudiyyə səfiri İlahiyyat İnstitutunda olub
Səudiyyə səfiri İlahiyyat İnstitutunda olub
13 Dekabr 2019 11:44 SosialSəudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, səfiri İnstitutda görməkdən məmnunluğunu ifadə edən Aİİ rektoru Ceyhun Məmmədov ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ölkə Prezidenti cənab İlham Əliyevin müsəlman ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
Aİİ rəhbəri İnstitut haqqında ümumi məlumat verərək, ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri, eləcə də beynəlxalq əlaqələri və təhsil standartlarından bəhs edib. C. Məmmədov qeyd edib ki, ali təhsil müəssisəsində xarici dillərin öyrənilməsinə, xüsusilə ərəb dilinin tədrisinə böyük önəm verilir.
Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlamasını böyük məmnunluqla qarşıladığını, ali təhsil müəssisəsinin məqsəd və hədəflərini yüksək qiymətləndirdiyini bildirib. Səudiyyə Ərəbistanı Krallığı haqqında məlumat verən səfir ölkənin ali təhsil mərkəzləri, o cümlədən, İslam universitetləri haqqında da danışıb.
Görüşdə gələcək əməkdaşlıqla yanaşı, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sonda qonaq ali təhsil müəssisəsinin kitabxanası ilə tanış olub.