Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ümumrespublika elmi-praktik konfransı keçirilib

Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ümumrespublika elmi-praktik konfransı keçirilib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş  ümumrespublika elmi-praktik konfransı keçirilib. Olaylar.az bildirir ki, konfrans çərçivəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm şöbəsində hazırlanmış  "Bir əsrlik Nəsimi araşdırmaları" adlı 800 səhifəlik kitab da təqdim olunub.

Tərtib olunmuş proqrama əsasən filologiya üzrə fəlsəfə doktoru, Elm şöbəsinin müdiri İradə Musayevanın moderatorluğu ilə təşkil edilmiş tədbirdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin üzvü Cavid Kazımov salamlama nitqi ilə çıxış edərək bildirib ki, ölkəmizdə 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamına əsasən "İllik tədbirlər planı" tərtib edilib.

İl ərzində Qoruq İdarəsi tərəfindən müxtəlif formatlı tədbirlər keçirilib. Nəticə etibarilə respublikamızın tanınmış nəsimişünas alimləri, müasir türk şərqşünasları və klassik tədqiqatçılar tərəfindən yazılmış elmi əsərlərdən ibarət "Bir əsrlik Nəsimi araşdırmaları" adlı kitab ərsəyə gəlib.

Layihənin rəhbəri  İradə Musayeva bildirib ki, elmi əsərlərdən ibarət irihəcmli "Bir əsrlik Nəsimi araşdırmaları" adlı kitabdan  elmi-mədəni, ictimai auditoriya, həmçinin ali məktəblərin müəllim və tələbələri əhəmiyyətli dərəcədə yararlana bilər. Kitabın I fəsli müasir nəsimişünasların, II fəsli isə klassik tədqiqatçıların İ.Nəsimi haqqındakı məqalələrindən ibarətdir.

Daha sonra kitabın elmi redaktoru Milli Məclisin komitə sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki,  Nəsimi mahiyyəti, düşüncəsi, fəlsəfəsi etibarilə insan ruhunun azadlığı deməkdir. Ruhun, azadlığın ifadəçisi olan Nəsiminin dili əslində qeyd edilən 100 illik müstəqilliyimizin davamı deməkdir.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqındakı sərəncamları Nəsimi irsinin daha geniş tədqiqinə və şairin daha geniş coğrafiyada tanınmasına təkan verib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva kitab haqqında və orada yer alan elmi məqaləsi barədə danışıb. Bildirib ki, sözügedən kitab dünya kitabxanalarına da təqdim olunacaq.

Həmçinin tədbirdə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev "Nəsimi: edamdan sonrakı həyat", filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli  "Nəsimi şeirində Qurani-Kərim və hədislər", filologiya üzrə fəlsəfə doktoru, dosent Nuridə Novruzova  "Nəsimi şeirlərində poetik müraciət formaları" adlı məruzələrlə çıxış ediblər.

Sonda Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyası şagirdlərinin ifasında "Nəsimi" adlı kompozisiya təqdim edilib.

Tədbir çərçivəsində Nəsiminin miniatür obrazlarını əks etdirən rəsm sərgisi də nümayiş olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31