"İnsan hüquqları və yerli özünüidarəetmə" mövzusunda "dəyirmi masa" keçirilib

"İnsan hüquqları və yerli özünüidarəetmə" mövzusunda "dəyirmi masa" keçirilib

Ədliyyə Nazirliyində Beynəlxalq İnsan Hüquqları gününə həsr olunmuş "İnsan hüquqları və yerli özünüidarəetmə" mövzusunda "dəyirmi masa" keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə nazirliyin məsul rəhbər şəxsləri, millət vəkili, bələdiyyələrin milli assosiasiyaları, vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova dövlətimizin ali məqsədi olan insan hüquqlarının təmin edilməsi üzrə görülən işlər, o cümlədən ictimai iştirakçılığın təşviqi, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq barədə məlumat verib, ölkəmizdə 20 illiyi qeyd olunan yerli özünüidarəetmə sahəsində ötən dövrdə mühüm addımların atıldığını, insan hüquqlarının təmin olunmasında bələdiyyələrin rolunu vurğulayıb.

Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, onlara metodiki köməkliyin göstərilməsi, səmərəli inzibati nəzarətin təşkili, bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, o cümlədən Ədliyyə Akademiyasında insan hüquqları sahəsində beynəlxalq sənədlərin, o cümlədən İnsan hüquqlarına dair Avropa Konvensiyasının, Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının öyrənilməsi sahəsində görülən işlərdən, bu sahədə vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan danışıb.

Millət vəkili Tahir Rzayev bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsindən, bu sahədə beynəlxalq praktikadan bəhs edib, yerli məsələlərin həllində bələdiyyələrin təşəbbüskarlığının artırılması, bələdiyyə-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, əhalinin bələdiyyə fəaliyyəti barədə daha geniş maarifləndirilməsi ilə bağlı fikirlərini bölüşüb, bu sahədə Ədliyyə Nazirliyi, bələdiyyələrin milli assosiasiyaları ilə birgə əməkdaşlıqda tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Eyni zamanda tədbirdə iştirak edən Avropa İttifaqının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təmsilçiləri, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli assosiasiyalarının sədrləri tərəfindən müzakirə olunan məsələlərlə bağlı çıxışlar edilib, faydakı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31