Sevgilisini dueldə öldürən adam...- Elçin Hüseynbəyli yazır
Sevgilisini dueldə öldürən adam...-Elçin Hüseynbəyli yazır
9 Dekabr 2019 14:53 SosialElçin Hüseynbəyli
("Paralel dünyalar" silsiləsindən)
... Bir meşəliyə girdik. Sanki meşə göydən düşdü, yəni qəfil peyda oldu. Qoca Mələk təəccübümü görüb:
-O, istəyəndə zərrəciklər öz halını alır.
Mən başımla təsdiqlədim və heç nə soruşmadım. Çünki bu narədə öncələr də mənə demişdi. Təkrarları qocalığın adına yazdım. Halbuki, özünün dediyi kimi, onun yaşı yox idi.
Fəsil də birdən birə dəyişmişdi. Ayaqlarımızın altında xəzəllər xışıldayırdı. Qızılı yarpaqların "quluncunu" sındırırdıq.
Ağcaqayın ağacları yavaş-yavaş soyunurdular. Sanki meşə sakinlərinə striptiz göstərmək niyyətindəydilər.
Bir az getmişdik ki, qara geyimli bir adama rast gəldik.
O, bir kötüyün üstündə oturmuş və başını aşağı salmışdı. Başında nimdaş qara silindr, elə ona da bənzər frak vardı. Qoca Mələk ona diqqətlə baxdığımı görüb:
-Bu bir rus zadəganıdır, qrafdır, - dedi. - On səkkizinci əsrdən buradadır. O, ömürlük bu vəziyyətdə oturmağa məhkumdur. Çünki özü belə istəyib. Onun istəyi günahı ilə üst-üstə düşdüyündən qərara gəliblər ki, belə də olsun.
-Onun günahı nədir ki?- deyə xəbər aldım.
Onda Qoca Mələk belə bir əhvalat danışdı:
-Bu adam özü kimi varlı və gözəl bir qızı sevirmiş, özü də dəlicəsinə. Qız da ona biganə deyilmuiş. Bu sövdə ailələrin ürəyincə olur və belə razılığa gəlirlər ki, onları nişanlasınlar.
Amma iş elə gətirir ki, qız oğlandan soyumağa başlayır. Sən demə, qızın ürəyi ürəyi başqasındaymış. Həmin başqa adam da varlı ailədən imiş və bacarıqlı ovçuymuş, amma qonşu qəsəbədə yaşayırmış. Onlar təsadüfən meşədə rastlaşırlar. Bir qaban qıza hücum edərkən oğlan qızı xilas edir. Beləliklə də, qızın ürəyini oğurlayır. Bu hadisə nişandan sonra baş verir və bir neçə dəfə bax bu meşədə görüşürlər.
Toy vədəsi yaxınlaşanda qız həmin oğlana xəbər göndərir ki, onunla qaçmağa hazırdır...
Qızın qaçmağından xəbər tutan qraf rəqibini öldürmək qərarına gəlir və bir gecə xəyanətkarların yaşadığı evə gəlir. Qrafın sevimli bir iti varmış və meylini qıza salıbmış, qız qaçanda da onunla birgə gedir.
Bu da qrafı çox ağrıdır. Xəyanət xəyanət üstündən gəlir.
Gecə qraf oğlanın yaşadığı evə yaxınlaşır...
İt qrafı görəndə ona tərəf gəlir və əl ayağını yalamağa başlayır, amma qrafın əlində silah olduğunu görəndə geri çəkilir, dişini qıcayır.
Qraf iti vurmaq istəyir, amma onun məsum gözlərinə baxıb dayanır. Onu vurmağa əli gəlmir. Bəlkə də sevgilisinə oxşatdığına görə.
O geri qayıdır və rəqibini duelə dəvət edir.
Qız duelə çağırış məktubunu gətirən çaparın qarşısına çıxır. Məktubu açıb oxuyur və məşuquna heç nə demədən onun paltarını geyinir və səhər alaqaranlıqda çağırılan yerə gəlir.
Adətə görə birinci çağırılan adam atmalıydı. Belə də olur. Qızın gülləsi yan keçir. Belə hesab edirlər ki, qız özü qəsdən belə edib, çünki o da yaxşı atmağı bacarırmış.
Qrafın gülləsi isə qızın düz ürəyindən dəyir.
O, can verən qızın niqabını qaldırarkın öz sevgilisi olduğunu görür və qurd kimi ulayır.
İndi hərdən bax bu qraf, özü də səhərə yaxın canavar kimi ulayır.
-Onunla danışmaq olar? - deyə soruşdum.
-O danışmır, yalnız, hərdən özü də səhərlər qürub edən aya tərəf üzünü tutub ulayır. Onun uladığını məndən başqa heç kim görməyib.
Qoca Mələk bu sözləri deyəndən sonra meşənin dərinliyinə tərəf getdi. Mən də əlacsız-əlacsız onun dalınca düşdüm...
Dekabr, 2019