Laboratoriya tədqiqatları müasir diaqnostikanın mühüm hissəsidir
Laboratoriya tədqiqatları müasir diaqnostikanın mühüm hissəsidir
9 Dekabr 2019 13:53 SosialLaboratoriya tədqiqatları müasir diaqnostikanın mühüm hissəsidir. Tibbdə qərarların demək olar ki, 80 faizi xəstəliklərin aşkarlanmasından başlayaraq müalicə metodlarının seçilməsinə qədər laboratoriya tədqiqatları əsasında qəbul edilir. Laborator xidmətinin inkişaf dərəcəsi klinikanın reytinq göstəricilərindən biri sayılır. Dünyanın sivil ölkələrinin ən yaxşı klinikaları geniş və yüksək dərəcəli laborator xidmətinə malikdirlər. Mərkəzi Gömrük Hospitalının laboratoriyası da ən müasir avadanlıqlara malik olmaqla yanaşı, göstərdiyi xidmətin keyfiyyətinə görə ölkəmizdəki tibb müəssisələri arasında birincilər sırasındadır. Laboratoriyanın rəisi Sevinc Gülmalıyeva tibbi diaqnostikada laboratoriya tədqiqatlarının rolu, laboratoriyada istifadə olunan müasir avadanlıqlar və göstərilən xidmətlər, xarici klinikalarla əməkdaşlıq və digər məsələlərdən danışıb. O, bildirib ki, fasiləsiz olaraq 7/24 saat rejimində müxtəlif sahələrdə xidmət göstərən laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi, immunoloji və bakterioloji tədqiqatların aparılması üçün bütün zəruri resurslara malikdir. Onun sözlərinə görə, hospitalda laborator analizlər beynəlxalq standartlara uyğun müasir analizatorlarda peşəkar həkim laborantlar tərəfindən aparılır: "Laboratoriyamız 9 avqust 2019-cu il tarixində ISO 15189:2012 "Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahəyyətliliyə olan tələblər" beynəlxalq keyfiyyət sertifikatını alıb. Bu standart Beynəlxalq Standartlaşdırma Təşkilatının tibbi laboratoriyalarının fəaliyyətinin keyfiyyətinə və səlahiyyətliliyinə olan tələblərindən ibarətdir. Laboratoriyanın ISO 15189:2012 üzrə akkreditasiyası tibb sahəsində yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə və nəticədə pasiyentlərin məmnunluğuna zəmanət verir. İSO sertifikatının mövcud olması həm də o deməkdir ki, bizim laboratoriyada verilən analizin nəticələri beynəlxalq standartlara uyğun olduğundan, xarici ölkələrin klinikaları tərəfindən də qəbul edilir". Sevinc Gülmalıyeva deyib ki, laboratoriyada istifadə olunan bütün avadanlıqlar beynəlxalq standartlara tam uyğundur: "Əsasən Avropa, ABŞ və Yaponiya istehsalı olan ən müasir avtomatlaşdırılmış avadanlıqlardan istifadə edirik. Laborator avadanlıqların tənzimlənməsi və texniki servisin normativ tələblərə uyğun aparılması vaxtı-vaxtında həyata keçirilir. Həm avadanlıqları, həm də kimyəvi reaktivləri seçəndə və istifadə edəndə ISO 15189:2012 standartlarının tələblərinə uyğun hərəkət edirik. İSO-nun, eləcə də ABŞ-ın və Avropanın standartlarına uyğun olaraq yalnız keyfiyyətli avadanlıqlardan və reaktivlərdən istifadə edirik. Bütün avadanlıqlar və kimyəvi reaktivlərin seçimi və logistikası xüsusi qaydalara uyğun olaraq aparılır". Laboratoriyanızda analizlərin nəticələrinin məxfiliyinin necə təmin olunmasına gəlincə, Sevinc Gülmalıyeva deyib ki, laboratoriyamızda analizlərin nəticələrinin məxfiliyinin qorunmasına çox böyük önəm verilir və bunun üçün lazımi tədbirlər görülür: "Nümunə qəbulu otağına pasiyentlər monitordan şəxsi kod nömrəsilə dəvət olunur. Xəstələrin analizlərinin bütün nümunələri barkodlaşdırılır. Pasiyentlər analizlərin nəticələrini Mərkəzi Gömrük Hospitalının qeydiyyat şöbəsindən çap olunmuş versiyada götürməklə yanaşı, həm də Hospitalın internet səhifəsində yaradılmış şəxsi kabinetlərindən öz identifikasiya kodlarını daxil etməklə və Hospitalın Çağrı mərkəzinə zəng etməklə əldə edə bilirlər. Laboratoriyamızda ən müasir metodlardan istifadə etdiyimiz üçün pasiyentlər analizlərin nəticələrini növündən asılı olaraq hətta bir neçə dəqiqə müddətində də əldə edə bilirlər. Həmçinin, səyyar xidmət də göstəririk. Pasiyentin ünvanına gedərək lazımi analizlər üçün nümunələri götürürük. Eyni zamanda bizdə elə xüsusi qablar var ki, material 72 saat ərzində orada xarab olmur. Daha analiz vermək üçün xəstənin Hospitala gəlməsinə ehtiyac qalmır". Beynəlxalq əməkdaşlığa gəlincə, Sevinc Gülmalıyeva bildirib ki, laboratoriyada xarici ölkə klinikalarının laboratoriyaları ilə əməkdaşlığa, əlaqələrin qurulmasına da böyük önəm verir. Əməkdaşlarımız mütəmadi olaraq xarici ölkələrdə təkmilləşdirmə kurslarında iştirak edir, təcrübə mübadiləsi aparırlar: "Hospitalımızın Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq müqaviləsi əsasında həkimlərimiz qarşılıqlı təcrübə mübadilələrində, təkmilləşdirmə kurslarında və təlimlərdə iştirak edirik".
Süleyman
Olaylar.az