Seçkilərdə iştirak etmək hər bir siyasi partiyanın başlıca vəzifələrindən biridir- RƏYLƏR

Seçkilərdə iştirak etmək hər bir siyasi partiyanın başlıca vəzifələrindən biridir-RƏYLƏR

Artıq ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin dəqiq zamanı da müəyyən edildi. Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisinin buraxılması barədə qəbul etdiyi qərardan sonra dövlət başçısı İlham Əliyev parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzaladı. Prezidentin imzaladığı sərəncam əsasında fevralın 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Qeyd etmək lazımdır ki, radikal siyasi düşərgədən fərqli olaraq cəmiyyətin mütləq əksəriyyəti, eləcə də siyasi partiyalarının böyük bir qismi ölkədə qanunverici orqanın buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini normal qarşılayıb. Azərbaycan Təkamül Partiyası da hesab edir ki, növbədənkənar seçkilərin keçirilməsində hansısa gizli məqsədlər axtarmağa ehtiyac yoxdur və bu qərar ölkədə həyata keçirilən islahatlara dəstək xarakteri daşıyır. Partiyanın sədri Teyyub Əliyevin sözlərinə görə, uzun müddət idi ki, cəmiyyətdə, xüsusilə də, müxalifət düşərgəsində, Milli Məclisin passivliyi, millət vəkillərinin mütləq əksəriyyətinin "öz yerində olmamaları", bu və digər səbəblərdən bütövlükdə Milli Məclisin öz səlahiyyətini artıq həyata keçirə bilməməsi, ona görə də növbədənkənar seçkilərin keçirilməsinin məqsədəuyğunluğu barədə diskusiyalar gedirdi: "Həqiqətən də, Milli Məclis, qanunverici orqan kimi, ölkəmizdə az-çox uğurla həyata keçirilən islahatların önündə olmaqdan, bu istiqamətdə sapmaların aradan qaldırılmasına yardım və kömək etməkdənsə proseslərin ardınca sürünməyə üstünlük verirdi. Reallığı nəzərə alan parlament çöxluğu-Yeni Azərbaycan Partiyasının üzvü olan millət vəkilləri-nəhayət bu təşəbbüslə çıxış etdi və Milli Məclisə yeni seçkilərin keçirilməsi reallığa çevrildi. Biz, Azərbaycan Təkamül Partiyası (ATP) olaraq, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarını alqışlayırıq". Seçkilərdə iştirak mümkünlüyünə gəlincə, partiya sədri deyib ki, müxtəlif səviyyəli seçkilərdə, o cümlədən Milli Məclisə keçirilən seçkilərdə iştirak etmək, hər bir siyasi partiyanın başlıca vəzifələrindən biridir: "Seçkilərdə iştirak partiyalara imkan verir ki, öz mövqelərini, platformalarını canlı olaraq vətəndaşların-seçicilərin- nəzərinə çatdırsınlar. Azərbaycan Təkamül Partiyası Mərkəzi Şurasının Siyasi Bürosunda Milli Məclisə seçkilərdə iştirakla bağlı ilkin müzakirələr aparılıb və biz konstruktiv müxalifət partiyası olaraq seçkilərdə iştirak edəcəyik. Seçkilərdə iştirak müxtəlif formalarda ola bilər. Biz seçkilərdə həm müstəqil, həm də digər münasib partiyalarla blok şəklində iştirak edə bilərik. Bu barədə bəzi partiyalarla müzakirələr aparmaq fikrindəyik. Müzakirələrin yekunu olaraq seçkilərdə hansı formada iştirakın daha məqbul olması barədə qərarı Azərbaycan Təkamül Partiyasının Mərkəzi Şurası qəbul edəcək. Təki xalqımız və dövlətimiz-dövlətçiliyimiz üçün xeyirli, uğurlu olsun". Partiya sədri onu da deyib ki, seçkilərdə iştirak edib-etməmək, bunun üçün müxtəlif tələblər, təkliflər və s. irəli sürmək hər bir partiyanın daxili işidir: "Biz partiya olaraq istənilən halda seçkilərdə iştirakın tərəfdarıyıq. Ancaq müşahidələr göstərir ki, seçkini boykot etmək haqda düşünənlər uzun müddətdir ki, Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsində israr edənlərdir. Təbii, onları "başa düşmək" olar-təbliğat-təşviqat üçün zaman azdır, qış fəslidir, soyuqdur və s. Amma bu seçkilərdə iştirak etmək istəyənlərin hamısı üçün eynidir axı. Seçkini boykot etmək bəri başdan məğlubiyyəti qəbul etmək deməkdir. Ona görə də, ATP olaraq, seçkinin nə vaxt, hansı şəraitdə keçirilməsindən asılı olmayaraq boykotun tərəfdarı deyilik. Biz zamanından asılı olmayaraq, seçkinin azad, şəffaf, demokratik şəraitdə keçirilməsinin tərəfdarıyıq".

Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov da deyib ki, Milli Məclisin buraxılması haqqında qərar ölkənin ali qanununa tam uyğundur: "Dekabrın 4-də Konstitusiya Məhkəməsi ötən həftədən başlayan prosesə hüquqi qiymət verdi.
Sürətlə yenilənən ölkə gündəmini izlədikcə bəlli olur ki, prezident İlham Əliyevin hakimiyyət vitrinini tamamilə dəyişmək niyyəti, bunun üçün ən radikal qərarlardan belə çəkinməməsi vətəndaşların idarəetməyə etimadını yüksəldib, gələcəyə inamını artırıb. İlin əvvəlindən sürətlənən və noyabrdan məntiqi nəticələrini verən islahatlar dövlət başçısı ilə xalq arasında bağları daha da möhkəmləndirib. Vətəndaş hakimiyyətdə kök salıb funksionallığını itirən, rəhbərlik etdiyi sahəni prezidentin islahat konsepsiyasına uyğunlaşdıra bilməyən, bununla da ətalət mühiti yaradan qurumların, şəxslərin səlahiyyətdən uzaqlaşdırılmasına birmənalı sevinir.
Bu gün ölkədə heç kəs şübhə etmir ki, Azərbaycan Respublikası yeni çağın tələblərinə uyğun, ölkənin qüdrətini artıran, potensialından daha effektiv yararlanmasını təmin edəcək yeni sistem quruculuğu sürəcinə qədəm qoyub". Partiya rəsmisi onu da deyib ki,  ötən həftə buraxılan parlement böyük ehtimalla Azərbaycan Milli Məclisinin tarixinə passiv tərkibli məclis kimi düşəcək: "Ötən 4 ildə MM Azərbaycanın fikir, polemika meydanına çevrilmədi, ölkə gündəmini formalaşdırmaqdansa, gündəmin arxasınca hərəkət etdi. Məclis daha çox barmaqla sayılacaq qədər azsaylı deputatın fəallığı ilə yadda qaldı. Dövlət başçısının dəfələrlə Azərbaycanda güclü, çevik iqtisadiyyat, sosial dövlət modeli yaradılması ilə bağlı hədəfləri elan etməsinə baxmayaraq, Milli Məclis bu kursa ayaq uydura bilməydi. Belə bir durumda Milli Məclisin buraxılması ən məntiqli qərar idi".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31