Milli Olimpiya Komitəsinin Madriddə təşkil etdiyi regional seminar başa çatdı
Milli Olimpiya Komitəsinin Madriddə təşkil etdiyi regional seminar başa çatdı
6 Dekabr 2019 11:18 SosialAzərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Olimpiya Kanalının ilə İspaniyanın paytaxtı Madrid şəhərində təşkil etdiyi "2-ci Rəqəmsal Kommunikasiya və Media" seminarı başa çatıb.
Olaylar.az bildirir ki, seminar Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə və texniki dəstəyi ilə təşkil edilmişdir. Seminarda Azərbaycan da daxil olmaqla Avropanın 10 ölkəsinin müvafiq sahədə çalışan əməkdaşları iştirak edib.
Seminarın əsas məqsədi BOK-un "Olimpiya Gündəliyi 2020" sənədinə uyğun olaraq MOK-lar arasında əməkdaşlığın gücləndirilməsi, sosial media platformaları vasitəsilə hazırkı trendlərin istifadəsi, hər bir platformaya uyğun strategiyanın hazırlanması və effektiv həyata keçirilməsi, 2020-ci ildə baş tutacaq Lozan 2020 Yeniyetmələrin Qış Olimpiya Oyunlarına və Tokio 2020 Yay Olimpiya Oyunlarına hazırlıq işlərindən ibarətdir.
MOK-un marketinq direktoru Mehman Kərimovun sözlərinə görə Olimpiya Kanalının baş qərargahında təşkil edilmiş ilk belə regional seminar Azərbaycan MOK və Olimpiya Kanalı arasında 2016-cı ildən yaranmış sıx əməkdaşlıq nəticəsində baş tutub.
3 gün davam edən seminarda iştirakçılara Olimpiya Kanalının mütəxəssisləri tərəfindən rəqəmsal kommunikasiya və sosial media sahəsində baş verən son trendlər, müvafiq sahədə 2020-ci ildə baş tutacaq Lozan 2020 Yeniyetmələrin Qış Olimpiya Oyunları və Tokio 2020 Yay Olimpiya və Paralimpiya Oyunları üçün planlaşdırılmış fəaliyyətlər haqqında ətraflı məlumat verilib.


