Nəsimi rayonunda qadınlar üçün ictimai dinləmə keçirilib
Nəsimi rayonunda qadınlar üçün ictimai dinləmə keçirilib
5 Dekabr 2019 16:39 SosialÖlkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla mübarizəyə cəlb etmək məqsədilə keçirilən "Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq!" 16 günlük fəallıq kampaniyası çərçivəsində müxtəlif maarifləndirici tədbirlər keçirilir. "Olaylar" xəbər verir ki, insan hüquq və azadlıqlarının təmin olunmasında, bu sahədə yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın həyata keçirilməsində iştirak edən Ədliyyə Nazirliyi tərəfindən kampaniya çərçivəsində noyabrın 29-da Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə qadınlar üçün ictimai dinləmə keçirilib. Tədbirdə nazirliyin və icra hakimiyyətinin rəhbər şəxsləri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, ədliyyə işçiləri, notarius, hakim, polis, vətəndaş cəmiyyəti institutunun nümayəndələri və rayonun çoxsaylı qadınları iştirak ediblər. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək qadınların hüquqi maarifləndirilməsi, onların ailə-məişət qayğıları ilə maraqlanılması məqsədi daşıyan tədbirin əhəmiyyətini qeyd edib, ölkəmizdə cəmiyyətin həssas təbəqəsi olan qadınların hüquqlarının təmin olunması üzrə atılan mühüm addımlardan bəhs ediblər.