Türkiyə ilə peşə təcrübə mübadiləsi

Türkiyə ilə peşə təcrübə mübadiləsi

Türkiyə Cümhuriyyəti Bursa şəhərinin Osmangazi Bələdiyyəsinin dəvəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndələri əməkdaşlıq əlaqələrinin müzakirəsi məqsədilə Bursa şəhərində səfərdə olublar.

Olaylar.az bildirir ki, səfər çərçivəsində Bursa Osmangazi Bələdiyyəsinin tabeçiliyində fəaliyyət göstərən müxtəlif profilli mədəniyyət müəssisələrinə baxış keçirilmişdir. Baxış Bələdiyyənin Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən biçmə tikmə, marketinq, dil, özünü düzgün ifadə etmə, rəsm, satış, ebru, çini və sair dərnəklərə keçirilmişdir.

Görüş zamanı mədəniyyət idarəsinin işçilərinə Mərkəzin direktoru Asif Usubəliyev tərəfindən Azərbaycanda reallaşan mədəniyyət siyasəti haqqında geniş məlumat verilmişdir. Daha sonra dərnəklərin cəmiyyətdə populyarlaşdırılması istiqamətində ölkələr tərəfindən işlər barəsində fikir mübadiləsi aparılmışdır. Bursa Osmangazi Bələdiyyəsinin Mədəniyyət İdarəsinin müdiri Kenan Kır öz çıxışında dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin qorunmasında mədəniyyət sahəsinin önəmini qeyd edərək, mövcud istiqamətdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi ilə işguzar əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirmişdir.

Önəmli görüşlərdən biri də Bursa Osmangazi Bələdiyyəsinin sədrinin birinci müavini Cem Kürşat Həsənoğlu ilə təşkil olunmuşdur. Görüş zamanı isə kütləvi tədbirlər ilə yanaşı akademik xarakter daşıyan birgə konfransların da təşkili barəsində fikir mübadiləsi aparılmışdır.

Daha sonra Bursa Osmangazi Bələdiyyəsi tərəfindən ÖRDEKLİ Kültür Sanat Merkezine, Panorama 1326 Bursa Fetih Muzeyinə və şəhər kitabxanasına ziyarət təşkil olunmuşdur.

Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi ilə Bursa Osmanqazi Bələdiyyəsi arasında əməkdaşlıq çərçivəsində mədəniyyət işçiləri üçün qarşılıqlı təlimlərin təşkilinə dair razılıq əldə edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31