Allahşükür Paşazadə: “Nəsimi əhli-beyt düşüncəsinə malik şair olub”
Allahşükür Paşazadə: “Nəsimi əhli-beyt düşüncəsinə malik şair olub”
5 Dekabr 2019 15:05 SosialDekabrən 5-də Bakıda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə "Nəsimi 650: Haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. "Olaylar" xəbər verir ki, konfransda çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, Nəsimi əhli-beyt düşüncəsinə malik olub: "O dövrdə onun şəhid olmasına gətirib çıxaran məsələlərdən biri məzhəblər arasında münasibətlərin düzgün qurulmaması idi. Ona görə də Nəsimi şəhid olub. Amma Nəsimi həmişə Allah aşiqi olub. Hələ sovet dövründə ümummilli lider Heydər Əliyev Suriyaya səfər zamanı Nəsiminin qəbrini tapdı, ziyarət etdi. Ondan sonra Nəsimiyə münasibət dəyişdi. Heydər Əliyev sovet dövründə nə mümkündürsə, Nəsimi və yaradıcılığının öyrənilməsi üçün etdi". QMİ sədri Nəsimini Allahsız kimi təqdim etmək cəhdlərinin olduğunu da qeyd edib: "Allaha şükür ki, Prezident İlham Əliyev 2019-cu ili "Nəsimi ili" elan etdi. Nəsimi haqqında çoxlu kitablar yazılıb. Mən iki dövrün, həm sovet, həm də müstəqil Azərbaycanın Şeyxi olmuşam. Bəzi yazılarda bu gün də sovet dövrünün təsirini görürəm. Nəsimini Allahsız kimi təqdim etmək cəhdləri var. Ancaq Nəsimi haqq aşiqidir, o, seyid olması ilə sevinərdi. Vüsal Hətəmovun yazdığı "Nəsiminin şeirləri nə deyir?" kitabı qiymətlidir. Ancaq Nəsimini öyrənməyə davam edilməlidir. Nəsimini öyrənmək üçün müxtəlif elm sahələrinin nümayəndələri çalışmalıdır. Nəsimi də şəhiddir, ona da rəhmət diləyirəm. Bugünkü konfransın Nəsimini tanımaqda böyük rol oynayacağına inanıram. Gələcəkdə müxtəlif elm sahələrinin nümayəndələrinin bir araya gələcəyi qrupun birgə səyi nəticəsində Nəsimi haqda kitabın yazılmasını istərdim".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Nəsimi ili" çərçivəsində Akademiya tərəfindən Nəsiminin əsərlərinin 11 dilə tərcümə edildiyini nəzərə çatdırıb: "Nəsiminin adı orta əsr türk-müsəlman ziyalıları ilə birgə çəkilir. O, Azərbaycan dilinin sadələyinə görə yazdığı şerlərlə zəngin xəzinə yaradıb. İnsan qüdrətinə verdiyi qiymət onun ən diqqəti cəlb edən cəhəti idi". Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Nəsiminin Azərbaycan ədəbiyyatında müstəsna yer tutan şəxsiyyətlərdən biri olduğunu vurğulayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin bu ili "Nəsimi ili" elan etməsinin Nəsimi, ümumən isə ədəbiyyatımızın araşdırılması üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib: "Nə qədər istəsək də, Nəsiminin yaşadığı dövrü gözümüzlə görə bilmərik. O dövrdə Şərqdə böyük savaşlar, çarpışmalar yaşanırdı. Böyük fatehlər məqsədlərinə çatmaq üçün İslam dinindən öz məqsədləri üçün yararlanmağa da çalışırdı. Şeyx həzrətlərinin də vurğuladığı kimi Nəsimi İslama qarşı olmayıb. Nəsiminin şeirlərində biz çoxlu sayda bu məzmunlu beytlərə, misralara rast gəlirik. Nəsimi bizim üçün həm də böyük filosofdur, şairdir, Azərbaycan türkcəsində böyük poeziyanın əsasını qoyan şəxsiyyətdir. Nəsiminin şəhid olması o dövrdə baş verən çarpışmaların nəticəsi idi". Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, o dövrdə poeziya dilinin fars dili olmasına baxmayaraq, Nəsimi yaradıcılığı ilə Azərbaycan dilini yüksək səviyyələrə qaldırdı. "Nəsiminin şerləri nə eyir" kitabının müəllifi Vüsal Hətəmov sovet dövründə yanlış olaraq Nəsimi haqqında ateist təsəvvürü yaradıldığını qeyd edib: "Nəsimi bəkə də dindar olduğuna görə edam edilmişdi. Əslində isə o heç də dinsiz olmayıb. Onun ölümünə səbəb insanı yer üzünün əşrəfi hesab etdiyi fikri olub. Deyirdi ki, insan elə bir məqamdadır ki, öz taleyini dəyişə bilər, insanın taleyi alnına yazılmayıb".