Azərbaycanda fikir, söz və məlumat azadlığı üçün bütün imkanlar mövcuddur
Azərbaycanda fikir, söz və məlumat azadlığı üçün bütün imkanlar mövcuddur
4 Dekabr 2019 15:45 SosialAzərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesb olunur. Ölkədə fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kifayət qədər yetərlidir. Buna baxçayaraq, söz və məlumat azadlığı üçün yaradılan imkanlardan sui-istifadə hallarına da rast gəlmək mümkündür. Müsahibimiz hüquqşünas Azad Rzayevdir
- Azad müəllim, Azərbaycanda söz və ifadə azadlığı üçün yaradılan şəraiti yetərli hesab etmək olarmı?
-Azərbaycanın milli qanunvericilik sistemində mətbuat azadlığı ilə bağlı sərhədlər müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında ifadə azadlığı və məlumat azadlığı ayrı- ayrı qoruma altına alınıb. 47-ci maddədə "Hər kəsin fikir və söz azadlığı"nın olduğu vurğulanır və "Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz" - deyilir. 50-ci maddədə isə "Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı" olduğu qeyd edilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasının qadağan olduğu, kütləvi informasiyanın azadlığına təminat verildiyi bildirilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları olsa da Konstitusiyanın 24-cü maddəsinə əsasən, "Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir". Azadlıqlar və hüquqlarla paralel olaraq, elə həmin maddələrdə müəyyən məhdudiyyətlərin də olduğu göstərilir. İfadə azadlığının məhdudiyyəti 47-ci maddədə aşağıdakı kimi sıralanır: irqi ədavət və düşmənçilik oyadan; milli ədavət və düşmənçilik oyadan; dini ədavət və düşmənçilik oyadan; sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Məlumat azadlığına tətbiq edilən məhdudiyyətlər isə Konstitusiyanın 50-ci maddəsində birbaşa göstərilməmiş, sadəcə "hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququnun" təminat altında olduğu bildirilmişdir. Qeyd edilməlidir ki, bu müddəa 2009-cu il avqust referendumundan sonra 50-ci maddəyə daxil edilib. Konstitusiyanın öz mətnində birbaşa göstərilməsə də, Milli Məclis tərəfindən qəbul edilən və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına uyğunlaşdırmaq məqsədi daşıyan Konstitusiya Qanunu ifadə azadlığının və məlumat azadlığının məhdudlaşdırılmasına əsas təşkil edən digər halları saymışdır.
- Necə hesab edirsiniz, mövcud qanunvericilik bazası kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətini təmin etmək iqtidarındadırmı?
- Ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Kütləvi informasiya vasitələrində fikir demək, hadisələrə münasibət bildirmək üçün bütün imkanlar mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir. Fikir və söz azadlığı məlumat azadlığı ilə üzvi surətdə bağlıdır. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur. Müstəqil Azərbaycan Respublikasının Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olunub. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda müasir standartlara cavab verən müstəqil KİV formalaşıb.
- Belə halda nədən yaradılmış söz və mətbuat azadlığından sui-istifadə hallarına yol verilir?
-Azərbaycanda söz və mətbuat, ifadə azadlığının təmin olunması üçün bütün lazımı inkanlar yaradılıb. Hazırda ölkə vətəndaşları beynəlxalq standartlar əsasında hazırlanmış milli qanunvericilik çərçivəsində söz və ifadə azadlığından sərbəst şəkildə istifadə edə bilir. Lakin mövcud vəziyyət heç bir halda əsas vermir ki, söz və mətbuat azadlğı üçün yaradılmış şəraitdən sui-istifadə olunsun. Elə bu səbədən də həm beynəlxalq sənədlərdə, həm də yerli qanunvericilikdə ifadə və məlumat azadlığıni məhdudlaşdıran hallar müəyyən olunub. Azərbaycanın üzvü olduğu Avropa Şurasının təməl sənədlərindən biri olan və 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilən "Avropa İnsan Haqları Konvensiyası"nın 10-cu maddəsində göstərilib ki, "Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur". 10-cu maddənin 2-ci hissəsi isə bu hüququn məhdudlaşdırılacağı halları və hansı əsaslarla məhdudlaşdırıla biləcəyini göstərir. Belə ki, bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik; ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə; iğtişaşın və ya cinayətin qarşısını almaq üçün; sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün; digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün; gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün; ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
- Söz, mətbuat, ifadı azadlığı ilə bağlı qanunvericilik bazası beynəlxalq standartlara nə dərəcədə cavab verir?
- Azərbaycanda KİV-lə bağlı qanunlar beynəlxalq standartlara cavab verir. Hazırda kütləvi informasiya vasitələri biliklərin və siyasi cəhətdən mühüm məlumatların yayılmasının başlıca daşıyıcısıdır. Bütün bu faktorları nəzərə alaraq Azərbaycan höküməti mediaya xüsusi diqqət və qayğı göstərir. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində mühüm əhəmiyyət kəsb edirlər. Bu orqanların qarşısında duran ən ümdə vəzifə cəmiyyətə doğru,dürüst və operativ informasiya ixrac etməkdən ibarətdir. Tirajlanan söz eyni zamanda ictimai rəyə - əhalinin geniş kütlələrinin əhval-ruhiyyəsinə, davranışlarına, beləliklə də siyasi proseslərə, bütövlükdə siyasətə təsir göstərir. Bu təsirin mahiyyəti ondan ibarətdir ki, kütləvi informasiya vasitələri əldə etdiyi məlumatın hazırlanması, ötürülməsi və yayılmasının müxtəlif üsullarından istifadə etməklə, habelə həmin məlumatı öz şərhləri ilə birlikdə yaymaqla insanlarda müəyyən ideyaların, təsəvvürlərin, mövqelərin formalaşmasına əhəmiyyətli təsir göstərir, cəmiyyətdə müəyyən davranış və fəaliyyət üçün meyillərin yaranmasına kömək edir.
- Ümumilikdə Azərbaycanda siyasi plüralizmin təmin olunduğunu demək olarmı?
- İnsanın ətraf aləmə, cəmiyyətə, dövlətə, ictimai-siyasi proseslərə münasibəti daha çox onun KİV-dən aldığı informasiyalar əsasında formalaşır. Söz azadlığı insanın öz fikirlərini yazılı, şifahi və başqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyidir. Demokratik dəyərlərə yüksək sadiqlik nümayiş etdirən Azərbaycanda bu gün kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, jurnalistlərin müstəqilliyi, bir sözlə, açıq cəmiyyət quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, söz və mətbuat azadlıqları təmin olunub. Plüralizmə gəldikdə isə deyə bilərik ki, Azərbaycan siyasi plüralizmi dövlət siyasətinin ana xətti kimi qəbul edir. Siyasi plüralizm müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi deməkdir. Ölkədə çoxsaylı partiyaların mövcudluğu, həmin siyasi partiyaların müxtəlif təmayüllü və siyasi görüşlü olması, qanunverici orqan sayılan Milli Məclisdə onlarla partiyanın təmsil olunması, bunların bariz nümunəsidir. Siyasi plüralizmin bir cəmiyyətdə mövcudluğunu, uğurlu inkişafını təsdiqləyən ən vacib və yeganə faktor ictimai-siyasi təsisatların tam sərbəst fəaliyyətindən ibarətdir. Ölkəmizdə mövcud olan bütün siyasi təsisatların cəmiyyətə, qurumlara birbaşa çıxış imkanı var. Siyasi partiyalar, qeyri-hökumət təşkilatları heç bir maneə ilə üzləşmədən layihələrini həyata keçirir, müxtəlif təşəbbüslər irəli sürürlər. Bu gün ölkəmizdə həm siyasi partiyalara aid, həm də müstəqil şəkildə yüzlərlə media orqanı fəaliyyət göstərir. Ölkəmizdə hər bir siyasi partiya və birlik mövcud şəraitdə heç nədən çəkinmədən, ehtiyat etmədən öz fikrini, mövqeyini cəmiyyətə çatdıra bilir, öz yanaşmasına, baxışlarını, bu və ya digər məsələlərə olan münasibətini ortaya qoyur. Bunun özü də heç şübhəsiz ki, siyasi plüralizmin mövcudluğunun göstəricisi sayıla bilər. Bu gün siyasi plüralizmin Azərbaycan modeli dünya üçün örnəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir