Eşitmə qabiliyyəti zəif olan insanlar üçün Xalça Muzeyində Beynəlxalq Əlillər Günü
Eşitmə qabiliyyəti zəif olan insanlar üçün Xalça Muzeyində Beynəlxalq Əlillər Günü
3 Dekabr 2019 13:01 SosialAzərbaycan Milli Xalça Muzeyində eşitmə qabiliyyəti zəif olan insanların iştirakı ilə tədbir keçirilib.
Olaylar.az bildirir ki, uşaqları sevindirmək məqsədilə təşkil olunan tədbirdə azyaşlılarla yanaşı, onların valideynləri də iştirak edib. Beynəlxalq Əlillər Günü ilə əlaqədar reallaşan tədbir zamanı Azərbaycan Milli Xalça Muzeyində ilk dəfə jest dilinə tərcümə ilə ekskursiya təşkil olunub, tamaşa göstərilib, ustad dərsləri keçilib.
İştirakçılar öncə Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın muzeydə nümayiş olunan "Kəlağayı: ipək qanadlar" sərgisinə baxıblar. Daha sonra tədbir iştirakçıları üçün muzeyə ekskursiya təşkil edilib və "Şəngülüm, şüngülüm, məngülüm" nağılı əsasında hazırlanmış ənənəvi kilimarası kukla tamaşası nümayiş olunub. Həmin gün uşaqlara çətən, şəddə toxuma, xalça ornamentlərini rəngləmə üzrə ustad dərsləri də keçilib.
Qeyd edək ki, tədbir Azərbaycan Dövlət Pedaqoji Universiteti, "Karlara dəstək" İctimai Birliyi, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin dəstəyi ilə reallaşıb.