Xalq yazıçısı “Sirlərin sərgüzəşti” kitabın təqdim etdi
Xalq yazıçısı “Sirlərin sərgüzəşti” kitabın təqdim etdi
3 Dekabr 2019 12:59 SosialBakı Kitab Mərkəzində Xalq yazıçısı Kamal Abdullanın "Sirlərin sərgüzəşti" kitabının imza günü və təqdimatı keçirilib.
Olaylar.az bildirir ki, təqdimatda "Sirlərin sərgüzəşti" sinkretik romanının mətn və obrazlar aləminin arxitektonikasında, romanın xronotopik, arxetipik xüsusiyyətlərində müşahidə edilən özəlliklər haqda söhbət açılıb.
Tədbiri mərkəzin direktoru Günel Anarqızı açaraq bildirib ki, müəlliflə bu növbəti görüşdür. Sayca yazıçının dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb. Kitabın redaktoru və "Ön söz"ün müəllifi Əlövsət Ağalarovdur.
Yazıçı-publisist Səyyad Aran, yazıçı Şərif Ağayar və başqaları çıxış edərək kitab barədə öz fikirlərini bölüşüblər.
Kitabda Xalq yazıçısı Kamal Abdullanın ədəbi və elmi yaradıcılığı haqqında Franko Kardini (İtaliya), Anastasiya Yermakova (Rusiya), Xalq yazıçısı Anar və akademik İsa Həbibbəyli (Azərbaycan), Arif Acaloğlu (Türkiyə), Lüdmila Lavrova (Rusiya), Maks Statkeviçin (ABŞ) fikirləri də yer alıb.
Sonda Kamal Abdulla hər kəsə təşəkkürünü bildirərək oxucuların suallarını cavablandırıb.