Tanrı olmaq...- Elçin Hüseynbəyli yazır

Tanrı olmaq...-Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

("Paralel dünyalar" silsiləsindən)

... Üçümüz də yorulmuşduq, amma heç birimiz bunu boynumuza almaq istəmirdik.

-Bu qədər yol gəlirik, amma heç yorulmamışam, sadəcə yuxuya ehtiyacım var, -dedim və uşaqların üzünə baxdım.

-Münasib bir yer olsa, gecələyərdik, -bunu da Təlim dedi.

Xalıq heç nə demədi...

Təpənin o üzündə qapqara tüstü gördük. Yaxınlaşanda baxdıq ki, bu bir bulud parçasıdır. Sanki yerdəki dumanla göydəki bulud birləşmişdi. Dumana girdik, göz-gözü görmürdü. Bir azdan ətrafı sezə bildik. Biz bir kənddəydik. Cavan bir gəlin bir kişini belinə alıb, kənd boyu gedirdi. Gördüyümüz mənzərədən sarsıldıq. Yolun kənarında çoxlu adam toplaşmışdı və bu mənzərəni seyr edirdi. Mən onlardan birinə yaxınlaşdım və əl-qolumun işarəsilə gördüklərimin səbəbilə maraqlandım.

Düşünürdüm ki, o heç nə anlamayacaq. Sən demə, bu kənddə bütün dilləri bilirmişlər.

Həmin adam bura gəlməyimizin səbəblərilə maraqlandı. Mən ona dedim ki, biz durna teli axtarırıq. Amma heç yerdə onları tapa bilmirik. Durna teli qızlarımıza cehizlik üçündür.

Uşaqlar mənim bu qəfil tapıntıma təəccübləndilər.

-Burda durnalar olmur, -dedi, - onlar çoxdandır ki, görükmürlər. Deyəsən, bizdən küsüblər.

Sonra o, bizi başa saldı ki, bu kənddə belə bir adət var. Ərinə xəyanət edən qadın ərini belinə almalı və bütün kənd boyu gəzdirməlidir, əgər yolu başa çatmasa, daş-qalaq ediləcək, çatsa əfv olunacaq...

Qadının ayaqlarına baxdım. Ayaqları quşatan (raqatka) kimi əyilmişdi, sanki indicə belindəkini yerə atacaqdı, amma qadının belə bir fikri yox idi, deyəsən...

Ordan uzaqlaşdıq. Çünki başa düşdük ki, burda qonaq qalmağın əhəmiyyəti yoxdur.

Qonşu kəndə gəldik. Adamlar kəndin ortasına yığılmışdı. Məlum oldu ki, kəndin ən gözəl qızını almaq üçün elə bir ər olmalıdır ki, qeyri-adi bacarığı olsun. Maraqlı mənzərəydi. Hərə öz bacarığını göstərirdi.

-Mən o qadına sahib olmalıyam, -dedim.

Gözəl qadına baxdım. O da məni süzdü. Ona baxa-baxa ayaqlarımı uzatmağa başladım. O qədər uzatdım ki, başım az qala göy qübbəsinə çatdı. Hamı təəccüblənmişdi. Yad adamın bu qabliyyəti onları sarsıtmışdı. Qadın yerdən mənə qışqırdı ki, onu da qucağıma alım. Əyildim, qadını qucağıma aldım, yenidən dikəldim. Qadın mənim  dodaqlarımdan öpdü. Mən də ehtizaza gəldim və qadının yumşaq, bənovşəyi dodaqlarından yapışdım. Özümü unutdum və yenidən qısalıb özüm boyda oldum.

Qadın qucağımdan düşdü və:

-Yenə də bunu edə bilərsən? - deyə soruşdu.

-Əlbəttə, - dedim, amma nə qədər çalışdımsa, ayaqlarımı uzada bilmədim.

Qadının üzündəki sevgi ikraha çevrildi:

-Mən də elə bilirdim ki, Tanrısan.

-Tanrıydım, -dedim, - amma məni ordan sən düşürdün.

-Deməli, zəifsən, səndən mənə ər olmaz.

Kənd əhli çəpən çaldı və uğuldadı.

Uşaqların yanına qayıtdım.

-Gördünüz də, -dedim.

-Nəyi, -təəccüblə soruşdular.

-Mənim fəndimi.

-Sən neylədin ki, bayaqdan burda dayanmısan.

"Nə olsun? Müvəqqəti də olsa, tanrı ola bilmişdim ki..." - deyə ürəyimdə fikirləşdim....

Dekabr, 2019

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31